Virtualaz.org saytının hazırda Lökbatanda, mərhum Zaur Həsənovun ata yurdunda olan əməkdaşının bu dəqiqələrdə verdiyi xəbərə görə, orada bir neçə çadır qurulub.
Qarabağ qazisinin son mənzilə yola salmaq üçün yüzlərlə adam yığılıb.
Müxbirimiz bildirir ki, hələ nə YAP-dan, nə də müxalifət partiyalarından heç kim gəlməyib. Mərasimə yığılanlar əsasən mərhumun qohumları, yaxınları və Qarabağ qaziləridir.
Qarabağ qazisi Rey Kərimoğlu virtualaz.org-a açıqlamasında deyib ki, saat 14:00-da törən düzənlənəcək, sonra isə mərhumun nəşi Bibiheybət məscidinə aparılaraq dini qaydalara uyğun olaraq son mənzilə yola salınacaq. Dəfn mərasimi saat 15:30-da olacaq.
R.Kərimoğlunun sözlərinə görə, dəfndən sonra saat 16:00-da Qarabağ qazilərinin ayrıca toplantısı olacaq. O, daha bir məlumat verdi. Dedi ki, sosial şəbəkələrdə saat 16:00-da Bakının mərkəzində etiraz aksiyasının keçiriləcəyi barədə xəbərlər yayılıb və Qarabağ qaziləri başda olmaqla ictimai-siyasi fəallar həmin aksiyaya dəvət olunub. Amma R.Kərimoğlu deyib ki, onların bu aksiyada iştirakı nəzərdə tutulmur, çünki deyilən vaxt onlar dəfn mərasimində olacaqlar.
R.Kərimoğlu onu da vurğuladı ki, Zaur Həsənovun ailəsi hər hansı etiraz aksiyasının keçirilməsinə qarşıdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?