Bir insanın - Azərbaycan vətəndaşının, Qarabağ qazisinin üzərinə benzin tökərək özünü yandırması hamımızı benzinsiz də olsa yandırdı.
Qarabağ qazisi yanmağı ilə ailəsinin çörəklə bağlı hər gün sabaha uzanan ümidsizliyini söndürmüş oldu. Indi artıq qadını, beş azyaşlı uşağı evdə çörək gözləməyəcəklər, bu çörəyi gətirə bilmədiyinə görə özünü yandıran kişini gözləyəcəklər. Çörək olacaq, ancaq illərdir o çörəyin dalınca sürünən o kişi olmayacaq. Tale fəlsəfəsinə görə, yanmağı ilə ölümünü tezləşdirmədi, yalnız və yalnız insanlara ədalətsizliyə, biganəliyə görə necə yanacaqları barədə sənədsiz, təlimatsız, kitabsız xəbərdarlıq gətirdi.
Bəs bundan sonra nələr olacaq? Bunu təsəvvürə gətirmək çətin deyil. İnsanlar rahatlıq tapmaq üçün keçici su, köpük, təsəlli və ya başqa vasitələrlə içlərindəki yanğının söndürülməsini istəyirlər. Azərbaycan cəmiyyətinin sakitləşdirilməsindən, söndürülməsindən rahat iş nə ola bilər ki? Kimsə cəzalanar, qazilərin könlünün alınması üçün səxavət kisəsinin ağzını bir azca aralarlar, şəhid ailələrinin üzünə bir az daha çox gülümsərlər və bir ay keçməmiş emosional duyğuların idarə etdiyi bir cəmiyyət Qarabağı unutduğu kimi, bu olayları da unudaraq səssizcə Əkrəmin daş yuxularının içində haçansa yeni bir həyəcanın baş verməsini gözlər.
İnsan intiharına son çarə olaraq baxmadığımdan istisnasız olaraq intihar deyilən vaqiəyə heç vaxt haqq qazandırmadım. Ona görə də cəmiyyətin hadisəyə münasibəti ilə adekvat düşünmədiyimi ilk andan sezdiyimə görə edə biləcəyim ən doğru addım sadəcə susmaq idi. Hər an ağlasığmaz ədalətsizliklərlə qarşılaşan insan övladının hamısı mübarizəsini intiharla yekunlaşdırmağa başlarsa, bu həyatda ədalətsizliklərin durdurulması tamamilə mümkün görünməz. Biz acıyırıq, üzülürük, ancaq Yaradan üçün yaratdığı insanın bəlli bir həddə qədər dirəniş potensialı var və bunun kodu da “səbir” anlayışının içində yer alır.
Ancaq bu ölümün bəlkə də cəmiyyəti sarsıdan əsas tərəfi bir Qarabağ savaşında məğlubiyyət yaşamış və dönüşdən sonra illərlə bu savaşdan sonra müdhiş bir zənginliyə qovuşmuş bir dövlətdə yaşadığı çörək dalanının çörək səngərində çörək savaşını uduzmuş bir savaşçının seçdiyi son çarə olması idi.
Artıq hər şey bundan sonra başlayacaq. Ölkədə özünü yandırmağı reallaşdırmasa da artıq qafaca özünü yandırmış minlərlə insanın xilas yolu necə tapılmalıdır? Qazilər üçün güzəştləri bərpa edin, veteranlar üçün təqaüdləri üçqat artırın, qaçqınlar üçün bütün güzəştləri tanıyın, ancaq yenə də minlərlə bu kateqoriyadan olmayan insanların özlərini yandırmaq duyğusunu necə söndürəcəyinizi düşünməli olacaqsınız.
Hər bir cəmiyyətdə insan ədalətsizliyə uğrayar, ancaq mədəni ölkələrdə bunun düzəliş yolu ədalət mühakiməsini gerçəkləşdirən mexanizmdir. Diqqət yetirin, ölümə səbəb bir obyektə sahiblənmək iddiasıdır. Hər iki tərəf öz mülahizəsinə görə haqlı ola bilər. Ancaq qanunun haqlı saydığı kimdirsə, ədalət güvəni olan yerdə uduzan şəxs özünü yandırmağa varan bir seçimi yaxına buraxmamalıdır.
Ötən gün televiziya xəbər məkanlarında İsrail əsgərinin üzərinə qorxmadan yürüyən və çox yaxın məsafədən ayağına açılan rezin güllə atəşindən yaralanan fələstinli bir qadını heyrətlə seyr edirdim. Əsgərin üzərinə silahsız yürüyərək uşağına qarşı davranışını sorğulamaq istəyirdi. Davranışı ilə, xarakteri ilə qarşısındakı əsgəri yandırmışdı artıq o qadın. Yandığından atəş açırdı o əsgər.
Bunun da adı bir xalqa qarşı ədalətsizlikdir, bir xalqın ağır şərtlər altında blokadada yaşamasıdır. Ancaq ən ağır durumda belə özlərini yandırmağı düşünmürlər. Ona görə də hər kəsin duyduğu, ancaq açıqca deyə bilmədiyi bir gerçək var: Əslində yanan yalnızca bir Qarabağ qazisi deyildi. Ölkənin hüquq sistemi idi yanan. Yanan, ölkənin ədalət mühakiməsi adına boy göstərən qurumları idi. Çünki məhkəmə qərarlarından sonra insan özünü yandırmağa qərar verirsə, artıq bu nöqtədən düşünməyə başlamaq vacibdir.
Bu ölkənin hər bir vətəndaşında ədalətə güvən olmalıdır. İnsan məhkəmə qərarlarının ədalətliliyinə o qədər güvənməlidir ki, uduzanda belə ən son çarə deyib, həyatına qəsd etməməlidir. Bu hadisə göstərdi ki, faciəli bir yolla ömrünü bizlərə bağışlamış Qarabağ qazisini bir-iki gün acıyaraq xatırlamaq yetərli deyil. Əsas məsələ artıq illərdir yandırılmış Hüquq Dövləti ideyasını reanimasiyadan çıxarmaqdır, geriyə gətirməkdir.
Nazim Hikmət düşüncəsini indi fərqli anlayıram. “Sən yanmasan, mən yanmasam, biz yanmasaq, Necə çıxar qaranlıqlar aydınlığa?” deyirdi Nazim. Mən isə “yanmaqla keçici bir aydınlıq olur, qalıcı bir işıq olmur” deyirəm Nazimə.
Bəlkə belə daha məntiqli olardı: “Mən qanmasam, sən
qanmasan, biz qanmasaq; Necə çıxaq qaranlıqlar aydınlığa?”
Yanmağımızın da, qanmağımızın da bir faydalı nəticəsi olmalıdır: Hüquq Dövləti.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?