Təhsil Nazirliyi artıq başa çatmaq üzrə olan 2013-cü ilin hesabatını açıqlayıb.
Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, bu il nazirliyin tabeliyində olan internat məktəblərində, lisey və gimnaziyalarda qidalanmanın təşkilinin vahid mərkəzdən idarə edilməsinə başlanılıb.
Nazirliyin tabeliyindəki xüsusi internat məktəbləri üçün (əqli və fiziki qüsurlu uşaqlar, vərəm, revmatizm xəstəliyi) müvafiq dietik menyular hazırlanıb. Menyulara xəstəliklərin nozoloji formasına, gedişinə, ağırlıq dərəcəsinə, remissiya və ya residiv dövrlərinə uyğun fərdi dəyişikliklər edilib.
Bundan əlavə, qeyd olunan bütün təlim-tədris ocaqlarında qidalanma yaş qrupları, uşaq və yeniyetmələrin üzərinə düşən əqli və fiziki yükün xüsusiyyətləri, bu müəssisələrdə dərs və iş rejimi nəzərə alınmaqla təşkil edilib: “2013-cü ilin dekabr ayından etibarən məktəblərə avans şəklində vəsaitlər ödənilib. Belə ki, şagirdlərinin sayı 1000 nəfərədək olan məktəblərdə 400, şagirdlərinin sayı 1000-1300 nəfər olan məktəblərdə 500, şagirdlərinin sayı 1300 nəfərdən çox olan məktəblərdə 600 manat müəyyən edilib. Aylıq vəsaitlər direktorlar tərəfindən məktəblərin təcili həlli tələb olunan cari məsələlərinin həllinə sərf ediləcək.
Nazirlik tərəfindən dərsliklərin satış məqsədilə çap edilməsindən əldə edilən gəlirin istifadəsi məsələlərinin tənzimlənməsi barədə müvafiq qərar qəbul olunub. Artıq dərsliklərin əlavə nəşrindən nazirliyin hesabına daxil olan vəsaitin 50 faizi dərslik müəlliflərinə ödəniləcək”.
Səhiyyə Nazirliyi də ilin hesabatını verib. Nazirlikdən virtualaz.org saytına bildirblər ki, doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,9-dan 18,6-a yüksəlib. Ölüm isə 6,0-dan 5,9-ə düşüb. Təbii artım da 7,9-dan 12,7-dək yüksəlib: “Gələn ildən Azərbaycanda ilk dəfə olaraq sümük iliyinin transplantasiya əməliyyatları aparılacaq”.
Bu il 376 xüsusi razılıq (lisenziya) olmadan özəl tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olma faktı aşkar olunub. Bundan əlavə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin “161-qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 290, Səhiyyə Nazirliyinin “qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 314 şikayətə baxılıb. Aparılan araşdırmalar zamanı müəyyən edilmiş nöqsanlara görə 176 tibb işçisi barədə tədbir görülüb, 1 müraciət üzrə cinayət işi açılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?