Bayram günləri ilə əlaqədar paytaxtdan rayonlara üz tutan vətəndaşlar həftəsonu geri dönməyə başlayarkən sürprizlə üzləşiblər. Belə ki, avtovağzallarda sərnişinlərə biletlər bir neçə gün əvvəlkindən 2,5-3 manat baha qiymətə təklif olunub. Musavat.com-a bu barədə məlumat verən bəzi sərnişinlərin sözlərinə görə, dekabrın 30-da Bakı Avtovağzalındakı kassadan Bakı-Qax marşrutuna rəsmi qiyməti 6 manat 43 qəpiyə olan bileti 7 manat 50 qəpiyə alıb. Lakin geri dönərkən o və avtobusdakı digər bütün sərnişinlər qayıdış haqqı olaraq 10 AZN ödəməli olub. Mənbənin sözlərinə görə, rayon avtovağzalındakı çoxsaylı sərnişinlərin qəfil qiymət artımına etirazı da heç nəyi dəyişməyib. Sürücülər bunu sərnişin sıxlığı və yanacağın baha olması ilə “əsaslandırıblar”. Hər bir iritutumlu avtobusun təqribən 50 nəfər sərnişini daşımasını nəzərə alsaq, belə çıxır ki, hər reys üçün sərnişinlərdən orta hesabla 120-150 manat artıq pul alınıb. Gələn xəbərlərə görə, qəfil bahalaşma digər rayonlarda da müşahidə olunub və işbazlar sərnişin sıxlığından daha artıq qazanc götürmək fürsətini əldən verməyiblər. Xatırladaq ki, ilin sonlarında nəqliyyat sektorunun rəsmiləri bayramlarla əlaqədar gücləndirilmiş iş rejiminə keçildiyini, bu mənada sərnişindaşımada heç bir problemin yaranmayacağını demişdi.
Sorğu
Yeni dizaynımız necədir?