Suriyadan qaçan ermənilər üçün Azərbaycanın işğal altındakı Laçın rayonu ərazisində 37 evdən ibarət kiçik qəsəbə inşa ediləcək.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda qondarma “Dağlıq Qarabağ Respublikası"nın "baş nazirinin müavini” Artur Aqabekyan bildirib. Tikinti üçün vəsait isə Qarabağda dekabrın 28-də keçirilən ilk “milli” lotereyadan əldə edilmiş gəlirdən götürüləcək.
Qəsəbənin salınması üçün coğrafi baxımdan əlverişli ərazi seçilib. Evlər Həkəri çayının sahilində, Laçın rayon mərkəzindən Ermənistana və Xocavənd rayonuna gedən yolların kəsişməsində tikiləcək. A.Aqabekyan jurnalistlərə bildirib ki, qəsəbənin salınması Qarabağda məskunlaşdırma proqramı çərçivəsində həyata keçirilir. Tikinti işləri yaxın vaxtlarda başlayacaq.
Dağlıq Qarabağda lotereya 300 min ədəd buraxılıb, onlardan 261 mindən çoxu satılıb. Biletlər biri 5 dollardan olmaqla həm Qarabağda, həm Ermənistanda və erməni diasporu arasında satılıb. Gəlirin 40 faizi uduşların ödənilməsinə, 40 faizi evlərin tikintisinə, qalan 20 faizi nəşriyyat xərclərinə ödənilib. Əsas prizlər kimi Xankəndində mənzil, avtomobil və Qarabağa 300 turist putyovkası, habelə Xankəndi və Şuşada toxunmuş 300 xalça oynanılıb.
Bildirilir ki, 2014-cü ildə də lotereya oynanılacaq və bu dəfə tiraj 1 milyon nüsxə olacaq.
Hazırda Laçında yaşayan Suriya ermənisi Vardan Petrosyan bildirib ki, bu ərazilərdə məskunlaşmaq istəyən çoxdur. Çünki təsərrüfatla məşğul olmaq, əkib-becərmək üçün hər cür şərait var. Lakin mənzil problemi çoxlarının qarşısında ciddi əngəldir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?