"Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) işdən çıxarılan heç bir işçisinə məcburən qol çəkdirib maaşının 5 mislində təzminat ödəmir". Bunu "APA-Economics"ə açıqlamasında ARDNŞ-in İnsan resursları Departamentinin rəisi Asif Bəkirli bildirib.
Onun sözlərinə görə, bu kompensasiya işdən çıxarılan insanlara kömək məqsədi üçün verilir: "Şirkətdə təsdiq olunmuş əmrə əsasən, maaşın 5 mislinin verilməsi könüllü xarakter daşıyır. Bu məbləğ müəyyən vaxt ərzində verilir".
A.Bəkirli bildirib ki, bu, məcburi deyil və pulu birdən alan bir çox işçilər var ki, pulu alıb könüllü olaraq işdən kənarlaşır: "Bu proses də hər bir müəssisənin daxilində aparılır. Müəyyən işçilər var ki, bəri başdan maaşının 5 mislini alıb, özünə başqa iş tapır. Həmin işçi əmək kitabçasını alıb, işdən gedir. Amma elə işçilər də var ki, təzminatı aybaay alır. O, eyni zamanda özünə iş də axtara bilər. Həmin işçilər ARDNŞ-in kadrlar ehtiyatına götürülür və sabah yeni bir iş yeri, vakansiya yaranırsa, onlar yenidən işə dəvət ediləcək".
A.Bəkirli deyir ki, heç kim məcburi qaydada işdən çıxara bilməz: "Ola bilər ki, işçilərə maaşın 5 misli verilərkən bildirilir ki, bu pulu indi götürsünlər, sonra bu pulu onlara təklif edə bilməyəcəklər. Yaxud da həmin işdən çıxarılan işçilərə işəgötürənlər bu proseduru düzgün izah edə bilməyib, yaxud da onları kimsə düzgün anlamayıb".
ARDNŞ rəsmisi qeyd edib ki, maaşının 5 mislini birdən alıb işdən getmiş işçilərə əmək kitabçası da verilir və sonradan, hər hansısa vakansiya yarandıqda onlar yenidən işə dəvət edilmir: "Amma aybaay maaşının təzminatını alan işçilər işsiz qaldığı müddətin 2-3 ayında yenidən boş vakansiya yarandıqda dəvət ediləcək və başqa işlə təmin olunacaq. Bunun üçün də o, mütləq imtahan verməlidir, testdən keçməlidir".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?