Daha iki rayonun İcra Hakimiyyəti başçısına xanım müavin təyin edilib. Rayonlardan biri Siyəzən, biri isə Xəzər rayonudur.
Siyəzən rayonundan “Axar.az”a bu haqda İcra Hakimiyyəti başçısının Humanitar Məsələlər üzrə müavini vəzifəsinə yeni təyin edilən Təhminə Eyvazova özü məlumat verdi. Təhminə Eyvazova bildirdi ki, bu vəzifəyə 2013-cü ilin 13 dekabr tarixində təyin edilib: “Bu vəzifəyə təyin edilməyimlə bağlı qərar dekabrın 13-də verilib. 2009-cu ildən həmin şöbədə çalışıram. Məndən öncə bu vəzifəni Etibar Heydərov icra edib”. Qeyd edək ki, yeni müavin 1987-ci il doğumludur və digər rayonlara göndərilən müavin-xanımlardan fərqli olaraq subaydır. Təhminə Eyvazova Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin metodika və pedaqogikası ixtisasını bitirib.
Xəzər rayon İcra Hakimiyyətinin başçısına isə 1973-cü il təvəllüdlü Lalə Kərim qızı Əhmədova müavin təyin edilib. Bu barədə “Axar.az”a Xəzər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov məlumat verib. İstisasca iqtisadçı olan Lalə Əhmədova 2009-cu ildə Seul Milli Unversitetinin magistr diplomunu alıb. İqtisadiyyat və Sənaye Nazirliyində xarici ticarət fəaliyyətinin təhlili şöbəsində baş məsləhətçi işləyib. 40 yaşlı xanım hələ ki, subaydır. Onu da deyək ki, L.Əhmədovanın bacısı Jalə Əhmədova da Xəzər rayonunda mühüm vəzifə tutur.
Xatırladaq ki, “Axar.az”ın bir neçə gün öncə etibarlı mənbələrdən aldığı məlumata görə, İcra Hakimiyyətlərindəki Humanitar Məsələlər üzrə müavin postlarına gənc xanımların gətirilməsi ilə bağlı göstəriş Prezident Administrasiyası tərəfindən verilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?