2013-cü il əsgər ölümlərinin artan statistikası ilə başlamışdı. Əlbəttə, ölüm haqdır, amma bütün ölümlər haqlı deyil. Xüsusilə o zaman ki, valideyn övladı ilə uzağı bir il yarım müddətinə vidalaşır, amma bu il yarım əbədiyyət boyda uzanır. Hərbi xidmətdə faciəvi şəkildə həlak olan Ceyhun Qubadovu xatırlamışdıq.
Əslində baş verən nədi? Allah rəhmət eləsin, 3 ay olar ki, orduya çağırılmış gənc hələ ki, sonadək anlaşılmayan bir şəraitdə həlak oldu və bu faciə cəmiyyətdə böyük canlanma yaratdı. Əlbəttə, əsgər ölümü Azərbaycanda, xüsusilə, son zamanlar çox həssaslıqla qarşılanır. Hətta cəbhədə düşmən snayperindən həyatını itirən əsgərlərimizin ölümünü belə cəmiyyətin müəyyən qatında özümüzünkülərin əməli kimi qəbul edənlər tapılır. Ola bilsin ki, ordunun imicinin bərpasına əməlli-başlı ehtiyac var. Çünki fərqi yoxdur, əsgər ya qəzada, ya silahla ehtiyatsız davrandığına görə, ya da lap elə xəstəlikdən ölsün, bütün hallarda ən azı Müdafiə Nazirliyi tənqid və hətta təhqir hədəfinə çevrilir. Baxmayaraq ki, bu gün Azərbaycanın ordusu Cənubi Qafqazda ən böyük büdcəyə malikdir. Hətta Ali Baş Komandan ordumuzun büdcəsinin hərbi doktrinamıza görə rəsmən düşmən elan olunmuş Ermənistanın dövlət büdcəsindən təxminən iki dəfə artıq olduğunu dəfələrlə bəyan edir, Azərbaycan dünyanın nüfuzlu sərgilərinə milli silah-sursatımızla çıxır, sülhməramlı qoşunların tərkibində beynəxlaq hərbi xidmət göstərir, ordumuzun qüdrətini əcnəbi peşəkarlar belə etiraf edir.
Bütün bunlar faktdır. Amma təzadlı cəhətlərin çoxşaxəli komponentlərindən biri kimi. Misal çəkək. Tutaq ki, Mubariz İbrahimov və Fərid Əhmədov fədakarlıq nümunəsi göstərərək həlak olur. Amma bu şəhadətlər bir çoxları tərəfindən Azərbaycan ordusunun şücaəti, Azərbaycan zabitlərinin, Müdafiə Nazirliyinin apardığı işin məntiqi yekunu kimi yox, ayrı-ayrı şəxslərin xidməti kimi qəbul edilir. Amma hər hansı hərbçimizin qeyri-döyüş şəraitində, dinc şəraitdə ölümü birbaşa ordu rəhbərliyinin, hətta hakimiyyətin siyasətinin nəticəsi tək aşılanır. Necə deyərlər, uşağı ləyən qarışıq atırıq. Təzaddır, amma faktdır. Səbəb isə yəqin ki, Azərbaycan ordusunun müharibədə uduzmuş ordu olmasıdır və onun əsgərinə ən azı Türkiyədə Məhmədciyə yanaşıldığı kimi yanaşılması üçün əsgərimiz qalib əsgər olmalıdır. Nə qədər ki bu baş verməyib, Azərbaycan cəmiyyətində ordu hətta ən mükəmməl təlimlər keçirməyə qadir olsa belə, yaxşı rol ifa edən massovka imici ilə qavranacaq (ANS).
Sorğu
Yeni dizaynımız necədir?