Bakı şəhərinin rayon İcra hakimiyyətlərindəki qaçqın və məcburi-köçkünlərin işləri üzrə şöbələr ləğv olunur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynov modern.az-a bildirib ki, İcra hakimiyyətlərinə aid sözügedən şöbələr İH-lərin balansından çıxarılacaq.
S. Hüseynov artıq prosesə başlanıldığını bildirib: “Bakının bütün rayon İcra hakimiyyətlərinin nəzdində bu şöbələr var idi. Həmin şöbələr yerli İcra hakimiyyətlərinə tabe idilər. İndi həmin şöbələr birbaşa “Dövlətqaçqınkom”a birləşdiriləcək. Prezidentin “Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 22 noyabr 2013-cü il tarixli 28 saylı sərəncamı var. Həmin sərəncamda qeyd olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının, həmçinin Səbail, Nərimanov, Nəsimi, Nizami, Xətai, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Yasamal, Pirallahı və Binəqədi rayonlarının İcra hakimiyyəti başçıları aparatlarının qaçqınlar və məcburi köçkünlərlə iş üzrə iş şöbələrii ləğv edilsin.
Həmin sərəncama görə, Nazirlər Kabineti “Dövlətqaçqınkom” işçilərinin say tərkibinin artırılması barədə təklifləri hazırlayıb Prezidentə təqdim etməlidir. Eyni zamanda sərəncamdan irəli gələn digər məsələlər də həll olunmalıdır”.
Komitə rəsmisi onu da qeyd edib ki, sərəncamla bağlı yazışmalar artıq başlayıb, bütün sənədlər hazırlanıb və yaxın günlərdə başa çatacaq: “Rayonlardakı bütün şöbələr olduğu kimi saxlanılacaq. Sadəcə həmin şöbələr yerli İcra hakimiyyətlərinə deyil, birbaşa bizim komitəyə tabe olacaq. Eləcə də şöbə işçiləri Dövlət Komitəsinin kadrları kimi qeyd olunacaq”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?