““Azəriqaz” da daxil olmaqla Dövlət Neft Şirkətinin idarə və müəssisələrində şöbə rəislərinin xidməti maşınları geri alınıb”.
Bu barədə virtualaz.org saytına “Azəriqaz”da çalışan bir qrup sürücü tərəfindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, ARDNŞ rəhbərliyinin göstərişi ilə bütün şöbələrin xidməti maşınları qarajlara göndərilib: “Maşınların geri alınması ilə bağlı rəsmi açıqlama verilmir. Biz hər gün işə gedib gözləyirik. İdarə rəisləri isə öz şəxsi maşınları ilə işə gəlib-gedirlər”.
Bu məlumatı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı da təsdiqlədi. O, virtualaz.org saytına açıqlamasında bildirdi ki, ARDNŞ xidməti maşınlara hər il milyonlarla manat sərf edir: “ARDNŞ-ə tabe idarə və müəssisələrdə hər şöbə rəisinin xidməti maşını var. Şirkət yüzlərlə bahalı maşının saxlanılmasına, yanacağa pul sərf edir. Hətta elə şöbə rəisləri var ki, tabeliyində iki xidməti maşın var. Bu maşınların biri özünün, o biri isə ailəsinin xidmətində olur. Zavodlarda arxiv müdirlərinin, sex rəislərinin belə xidməti maşını var. Təkrar yada salıram, xidməti maşınların hamısı bahalı markalardır. Dənizdə çalışan idarə rəislərinin də həm dənizdə, həm də quruda xidməti maşınları var. İdarə rəisləri dənizdə olanda qurudakı maşın ailəsinin tabeliyində olur. Halbuki SSRİ vaxtında neft sektorunda heç bir şöbə rəisinin xidməti maşını olmazdı. O zaman belə şeylər izafi xərc sayılırdı”.
Hüquq müdafiəçisi dedi ki, xidməti maşınların geri alınması ARDNŞ-in Nəqliyyat İdarəsinin ləğvi xəbərini təsdiqləyir: “Nəqliyyat İdarəsi şirkətin əsas yüküdür. Buna görə də idarənin ləğv edilməsi təklif olunur. Xidməti maşınların geri alınması nəticəsində əmək haqlarını artırmaq mümkündür”.
M.Qəhrəmanlı “Azəriqaz”ın tabeliyində olan qaz qəza xidmətinin də şirkətin tabeliyindən çıxarılacağını qeyd etdi: “Dəyişiklik yalnız Nəqliyyat İdarəsində olmayacaq. “Azəriqaz”la bağlı əsaslı dəyişiklik gözlənilir. İstehsalat Birliyinin tabeliyindəki qaz-qəza xidmətinin ləğvi də bu sıradandır. Bu qurum “Azəriqaz”ın tabeliyindən alınıb Fövqəladə Hallar Nazirliyinə verilməlidir”.
Bu məsələ ilə bağlı ARDNŞ-in mətbuat xidmətinin rəisi Nizaməddin Quliyevin münasibətini öyrəndik. Mətbuat xidmətinin rəhbəri virtualaz.org-a açıqlamasında bildirdi ki, onlarda şöbə rəislərinin xidməti maşınlarının geri alınması ilə bağlı məlumat yoxdur: “Bu məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mövqeyini öyrənin”.
O ki qaldı ARDNŞ Nəqliyyat İdarəsinin ləğvinə, N.Quliyev bunun mümkün olmadığını dedi: “Nəqliyyat İdarəsinə yeni rəsi təyin olunub. Elçin İbrahimov əvvəllər idarədə rəis müavini çalışıb. Ləğv olunacaq idarəyə rəis təyin etməzlər ki...”
“Azəriqaz”ın mətbuat xidmətinin rəisi Araz Ağayev də xidməti maşınların geri alınması məsələsindən məlumatsız olduğunu dedi: “Amma inanmıram ki, xidməti maşınlar geri alınsın”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?