Bakıda sevdiyi qadını öldürməkdə və iki nəfəri də yaralamaqda təqsirləndirilən Sənan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Sənan Məmmədov 19 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, S.Məmmədov özünü qismən təqsirli bilib.
Təqsirləndirilən şəxs qeyd edib ki, Mahirə Əliyevanı öldürüb, amma digər iki şəxsi öldürmək niyyəti olmayıb: "Mahirə sevgilim yox, həyat yoldaşım olub. Biz onunla evlənəcəkdik. Sənədlərimizdə problem vardı. Onu həll edib, rəsmi nikaha daxil olacaqdıq. Hadisədən 10 ay əvvəl Mahirəni tanıdım. Dostum demişdi ki, qonşularında yetim bir qız var. Mahirə ilə görüşüb, tanış olduq. Axşam mənim qaldığım evə gətirdim. Ev sahibinə dedim ki, birlikdə yaşayacağıq. Son bir neçə gündə aramızda soyuqluq yaranmışdı. Səbəb isə qonşumuz Mətanət idi. Mahirə deyirdi ki, Mətanət Türkiyəyə gedib-gəlir. Pis işlərlə məşğul olur. Mən də onunla danışmamasını, görüşməməsini tapşırdım. Hətta bir dəfə də onunla görüşdüyü üçün Mahirəyə iki sillə vurdum. Mahirəni Mətanət yoldan çıxarıb”. S.Məmmədov hadisəni namus üstündə törətdiyini bildirib: “Mətanətin oğlu Laçın mənə deyirdi ki, Mahirə əxlaqsızdır. Ona dedim ki, sənin ananla oturub-durur. Yəqin, sənin anan, bacın da əxlaqsızdır. Onlar Mahirəni qaçırmışdılar. Yalandan deyirdilər ki, guya onu rayona toya aparıblar. Amma belə hadisə olmayıb. Dedim, əgər olubsa, toy görüntülərini versinlər. Yalan idi, Mahirəni hansı məqsədlə saxladıqlarını, hara apardıqlarını bilirdim. Həmin gün də Mahirəni onların evində görəndə vurdum. İttihamda yazılıb ki, guya mən Mahirədən 415 manat istəmişəm. Amma elə olmayıb. Düzdür, mən evə 415 manat qoymuşdum ki, anamın başdaşını alaram. Mahirə mənə dedi ki, pulu evdən Laçın götürüb və özünə narkotik alıb. Mahirə onlara gedəndə açarı stolun üstünə qoyub. Laçın da oradan götürüb. Mən buna görə Laçınla mübahisə elədim, onun qardaşı məni hədələdi. Mən polisə məlumat verdim ki, onlar Mahirəni qaçırıblar. Polisə gedəndə yalandan dedilər ki, guya mən narkomanam". Təqsirləndirilən şəxs bildirib ki, Mahirə hamilə imiş: "Əkiz uşağımız olacaqdı. Mətanət Mahirəyə dərman verib ki, guya baş ağrısı üçündür. Bununla da uşaqlarımız tələf oldu. Mahirəni namus üstündə öldürmüşəm. Peşman deyiləm. Hamısını edən Mətanət Həsənova və ailəsi oldu, onlar Mahirəni yoldan çıxardılar”. Sənan Məmmədov hadisə günündən də danışıb: "Kirayədən çıxmışdıq. Mahirin də atası evinə getdiyini bilirdim. Həmin evdə paltarım qalmışdı. Evə gedəndə kiminsə məni görüb qaçdığını hiss etdim. Mahirəni Mətanətin evində gördüm. O zaman özümdən çıxdım. Bıçaqla onu vurdum. Mətanət qolumdan tutub dişləməyə başladı. Ona görə də bıçaqla onun qoluna zərbə endirdim. Arxadan Laçın əlində güldanla başıma vurmaq istədi. Fırlanıb bıçağı kürəyinə soxdum". Qeyd edək ki, S.Məmmədov bu il iyunun 23-də gecə saatlarında Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanına (keçmiş "Sovetski") gəlib. S.Məmmədov 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızı və oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu öz evlərində bıçaqlayıb, 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızını isə qətlə yetirib. S.Məmmədovun qətlə yetirdiyi qadınla bir müddət əvvəl tanış olub və birgə yaşamağa başlayıb. Hadisəni törədən 1991-ci il təvəllüdlü Sənan Məmmədov könüllü olaraq polisə gedib. S.Məmmədovun qeyd edilən hadisəni törətməsi barədə ittihamda yazılır ki, o, birlikdə yaşadığı Mahirə Əliyevaya verdiyi pulu geri ala bilməyib. Bu səbəbdən də aralarında mübahisə yaranıb.
Belə ki, S.Məmmədov vəfat edən anasının məzarına baş daşı almaq üçün evə 415 manat pul qoyub.
İttihamda yazılır ki, Mahirə Əliyeva iş gedən S.Məmmədova zəng edərək pulun oğurlandığını deyib. M.Əliyeva pulu qonşusu Laçın Həsənovun götürdüyünü deyib. S.Məmmədov əvvəlcə birlikdə yaşadığı qadınla, sonra isə qonşusu Laçınla mübahisə edib. Bir neçə gün sonra isə bu qanlı hadisə baş verib. S.Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29.120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29.120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzil toxunulmazlığını pozma) və 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə ittiham edilir./xalqxeber
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?