Göygöl rayon Hacıməlik şəhər tipli qəsəbəsinin 1 saylı tam orta məktəbinin durumu qəsəbə sakinlərini özündən çıxarıb
gundemxeber.az bildirir ki, qəsəbə sakinlərindən Yenicag.az-a daxil olan şikayətə əsasən, əvvəllər məktəbin şəraiti yaxşı olsa da, Elburus Atakişiyev Maarif müdiri olduqdan sonra vəziyyət tamamilə dəyişib.
Qəsəbə sakinlərinin bildirdiyinə görə, 1500 evi əhatə edən məktəbdə əvvəllər şərait çox yaxşı olub. Yuxarı və aşağı mərtəbədə hamam, sanitar qovşaq, idman zalı olub.
Qəsəbə sakini Asəf Quliyev bildirib ki, hazırda məktəbin sanitar qovşağı demək olar ki yoxdur:
“Məktəbin müəllimi deyir ki, valideynlər arasında bölgü olsun, ayda bir valideyin gəlib sinif otağında otursun, uşaqlar tualetə getmək istəsə, “qarşok” tutsunlar. Bu dövrdə məktəbə belə bir münasibət adamı hər şeydən iyrəndirir. Uşaqlar məktəbə getmək istəmir. Heç valideynlər də ürəklə uşağını məktəbə aparmır, əlacsızlıqdan uşaqlarımızı məktəbə aparırıq”.
Qəsəbə sakinlərinin verdiyi məlumata görə, Maarif müdiri məktəbi bazara çevirib. Müəllim yerləri 8-10 min, xadiməçi yerləri 800-1200 manata təklif edilir. İddiaya görə, əməkdar müəllim adı almaq istəyənlər isə 2500 manatından keçməlidir.
Əldə etdiyimiz məlumata görə, Milli Qəhrəman Mehman Sayadovun bacısını da Elburus Atakişiyev işdən (xadiməçilikdən) azad edib. Bütün müraciətlərə baxmayaraq, qadın işə bərpa olunmur. Görünür, xadimə yeri üçün tələb edilən 800-1200 manat pulun ödənilməməsi, Milli Qəhrəmanın bacısının işə bərpa olunmasına mane olur.
Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, valideynlər nazirliyə şikayət etsin, ondan sonra məsələ araşdırılacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?