Ötən reportajımda kənddə olan hər iki Körpələr Evi – Uşaq bağçalarının yararsız, qəzalı vəziyyətdə olması və həmin bağçaların idarə heyətinin vəzifə borclarına olduqca səhlənkar yanaşmaları ilə bağlı söhbət açmışdım. Amma kənd məktəbinin ürək açan vəziyyətdə, müəllim kadrlarının böyük bir hissəsinin savadlılıq dərəcəsinin, həmçinin şagirdlərin oxumağa maraqlarının yüksək olması məni hədsiz dərəcədə sevindirmişdi. Elə bu sevincli minvalla kənd içində “klub” adı ilə tanınan
“Mədəniyyət evi”nə (kənd kitabxanası da onun nəzdindədir) baş çəkmək qərarına gəldim. Mənzil başına çatdıqda gördüklərimə mat qaldım. Bilmədim qarşısında dayandığım “Mədəniyyət evi”dir yoxsa zəlzələdən çat-çat olaraq, çöküş anını yaşayan tikili?!... Dərhal tikilinin hər tərəfini nəzərdən keçirərək fotoşəkillər çəkdim. “Klub”un demək olar ki, hər yerində çat, sökük, sınmış qapı-pəncərələr, uzun illərdir rəngi solmuş divarlar göz oxşayırdı. Tikili də salamat yer qalmamışdı. “Klub”a xarici baxış keçirtdikdən sonra, daxili vəziyyəti ilə də tanış olmaq üçün içəri daxil oldum. İçəridəki şərait çöldəkindən də betər idi. Belə ki, döşəmələr çürümüş, divarlar-tavanlar çat-çat, rütubətlilik, natəmizlik insanı iyrəndirir, qızdırma sisteminin olmaması isə soyuğun hökm sürməsinə şərait yaratmışdı. Bütün bu gördüklərim azmış kimi cavabdeh şəxsləri də yerində tapmadım, sanki işçilər qeybə çəkilmişdilər. Bir müddət axtarışdan sonra, tikilinin sol tərəfində - ayrıca tikilən otaqdan səslər qulağıma gəldi. Otağın qapısını açdıqdan sonra içəridə iki qadın bir gənc oğlan gördüm. Onlar “çay məclisi”ndə idilər.
Özümü təqdim edərək müxbir olduğumu deyəndə, sanki qarşımdakıların üçünün də şərəf-ləyaqətini alçaltmış kimi oldum. Aşıq sazı sinəsinə sıxaraq havasına başlayan kimi “klub”un orta yaşlı əməkdaşı olan qadın, bu vaxta kimi “müəssisə”yə baş çəkməyə gəlmiş “jurnalist”lərin rekertçilik, şantajçılıq əməllərindən car çəkməyə başladı. Yarım saatdan çox car çəkən qadına və digər iki “əməkdaş”a izah etməyə çalışdım ki, nə şantajçılığa, nə rekertliyə, nə də “şirinlik” yığmağa gəlmişəm. Çətinliklə də olsa onların narahatlığına son qoya bildim. Əvvəlcə elə bildim car çəkən qadın “klub”un direktorudur, lakin bir qədər sonra bəlli oldu ki, həmin qadın kitabxanaçıdır, direktor isə, dinməz-söyləməz dayanmış 23-24 yaşlı gəncdir. Bunu biləndə bir xeyli təəccübləndim, çünki həmin şəxsdə nə liderlik, nə təşkilatçılıq, nə cavabdehlik, nə sosial aktivlilik, nə də rəhbərə xas digər xüsusiyyətlər nəzərə çarpırdı. Əgər iki qadın “əməkdaş” paranoyikcəsinə də olsa mənimlə ünsiyyətə girərək dialoq yatdıqları halda, gənc çəkinərək süküt içindəydi, sanki nələrisə gizlətməyə çalışırdı. Soyuqcasına tanışlıqdan sonra, bəlli oldu ki, “Mədəniyyət evi”nin idarə heyəti belə idi:
Sadıqov Ümid – direktor; Elnarə Hacıyeva – bədii rəhbər; Afaq Məmmədova – kitabxanaçı. Direktorun dediyinə görə, 3 ilə yaxındır bu vəzifədədir. “Cavabdeh” şəxsdən “klub”un niyə belə yararsız vəziyyətə düşməsi ilə bağlı sual ünvanlayanda “bir neçə dəfə Ağstafa şəhər İH-nə təmirlə bağlı müraciət etmişik, onlarda deyiblər ki, büdcəmizdə pul olanda təmir edəcəyik, bizim aldığımız da qəpik-quruşdu deyə, şəxsi hesabımıza nəsə edə bilmərik”. Direktordan “klub”un tarixi haqqında qısa müsahibə götürmək istəyimi bildirəndə, “mən bu vəzifədə yeniyəm, ona görə də klubun tarixi barədə məlumatlı deyiləm, yaxşı olar məndən əvvəl uzun müddət direktor işləmiş anamdan müsahibə götürəsiniz”. Belə “dolğun” cavabdan sonra təəccübləndim ki, 3 ilə yaxındır direktor işləyəsən və rəhbəri olduğun müəssisənin tarixi haqqında elementar bilgiyə sahib olmayasan?, həmçinin bu gənci vəzifəyə təyin edənlər görəsən digər namizədlər içərisində layiqli şəxs tapa bilməyiblərmi?!...
“Klub”la bağlı suallarımı kağıza yazaraq, sələfinə - anasına təqdim etməsini xahiş edərək, bir-iki günə yenidən “klub”a baş çəkəcəyimi bildirdim. Səhəri gün, hələ mən yuxudaykən, “klub”un sabiq direktoru Xuraman Sadıqova qonaq qaldığım evə zəng edərək, ev sahiblərinə hədə-qorxu gəlircəsinə kimi : “qonağınız olan o jurnalistə deyin ki, biz və klub haqqında heç nə yazmasın! Nə mən, nə də oğlum onun suallarına cavab-zad verəsi deyilik. Yaxşısı budur bir də yolunu klub tərəfdən salmasın”!
Zəngdən bixəbər, sevinclə yuxudan oyanan mən ev sahibəsinin gözlənilməz “dünən sən klubda olmamısan”? sualı ilə sabahın xeyirini alıram. Təsdiqləyici cavab verdikdən sonra, “bala qonaq gəlmisən elə qonaqlığında da qal! Nəsə yazaraq, bizi kənd içində kimləsə düşmən, qarğış yiyəsi eləmə”! Bu cür “xəbərdarlıq”dan sonra “klub”un sabiq direktoru haqqında araşdırma aparmaq qərarına gəldim. Aydın oldu ki, mənim qanunla müəyyən edilmiş jurnalist fəaliyyətimə maneə yaradan Xuraman Sadıqova nə az, nə çox düz 40 il direktor kürsüsünü dədə-baba, cehizlik malı kimi əlində bərk-bərk saxlayıb. Bu azmış kimi təqaüd yaşı çatdıqda da, dövlət vəzifəsini əlindən buraxmaq istəməyərək, yüksək savadı, dünyagörüşü, liderlik, təşkilatçılıq bacarığı olmayan, güclə kollec bitirən oğulluğu Ümid Sadıqovu varisi kimi kürsüdə əyləşdirir... Eyni zamanda məlumat qaynağım olan bir çox şəxslər “bala onlar təhlükəli adamlardır, arxaları da zəif deyil, ona görə çox dərinə getmə” deyə, məni xəbərdarlıq da etdilər.
Haşiyə olaraq qeyd edim ki, ölkədə, xüsusən də ucqar dağ rayonlarında magistr, bakalavr təhsilli kadrlar qıtlığı olduğu halda, yüksək savadı və istedı olan kollec məzunları məktəb, mədəniyyət evi, kitabxana direktoru, direktor müavinləri, müəllim və s. bu kimi vəzifələrə təyin edilə bilərlər. Şükürlər olsun ki, nə Azərbaycanda, nə Ağstafa şəhərində, nə də Vurğun kəndində ali savadlı insanlar qıtlığı yoxdur. Hətta şəxsi araşdırmam, sorub-soruşdurmam nəticəsində bəlli oldu ki, vaxtı ilə Ağstafa şəhəri İH-də çalışmış, 3 ilə yaxındır ixtisara düşən, həmçinin digər ali savadlı 25-40 yaş arası işsiz sakinlər var. Amma nədənsə kənddə bu qədər ali təhsilli insanlar olmasına baxmayaraq, məhz Xuraman Sadığovanın oğulluğu layiq olmadığı, haqq etmədiyi vəzifəyə “təyin edilir”. Təbii ki, bu cür təyinatın gerçəkləşməsinə sabiq direktor təkbaşına edə bilməzdi, ona görə də şəhər İH-də kimlərsə “köməkliyini” əsirgəməyib... Məşhur bir ifadə var: “Bir nəfər, qrup, klan böyük kütləyə zülm edirsə, kütlə də səsini çıxarmırsa, deməli zülm olunanlar həmin münasibətə layiqdir” ! 3 minə yaxın əhalisi olan Vurğun (Grünfeld) kəndinin ağsaqqalları, ağbirçəkləri, oxumuşları “əşşi ayıbdır, balaca kənddir, kimsə “tapşırıq-pulla” təyin edilibsə” düşmənçilik edəsi deyilik” deyərək, bu cür kobud qanun pozuntusuna qarşı laqeyd münasibət göstərdikləri halda Xuraman Sadıqovanın iti olmayan qılıncının dalı da, qabağı da, qını da kəsməklə qalmayacaq, hətta özünü “tacsız kraliça”, oğulluğunu “şahzadə” elan edərək öz əlindən, ayağından da öpdürəcək, kənd sakinlərinə evlərinə zənglər edərək hökmlər verəcək!...
Mədəniyyət evində 43 ildi öz sülalə hakimiyyətini yaradan, xanım adlandıra bilməyəcəyim, qarımasına baxmayaraq, gözü-nəfsi doymayan, Xuraman Sadıqova Azərbaycan Respublikası qanunlarının əsasını təşkil edən Konstitusiyanın 50-ci maddəsi (Məlumat azadlığı), “Dövlət qulluğu haqqında” (bütün tələblərini), Cinayət məcəlləsinin 163-cü maddəsini (Jurnalistin qanuni peşə fəaliyyətinə mane olma), İnzibati Xətalar məcəlləsinin 186-cı maddəsinin (Jurnalistlərin hüquqlarının pozulması) tələblərini nəinki pozur, heç onları saymır da. Boşqab dibləri yalayaraq layiq olmadığı dövlət kürsüsünü ələ keçirən Sadıqovlar sülaləsi (başda Xuraman Sadıqova) bilmir ki, qanunla müəyyən edilmiş dövlət, hərbi, istintaq, tətqiqat, şəxsi və ailə sirləri xaric, jurnalistin sorğusuna cavab verməmək, iformasiyanın verilməsi üzərinə məhdudiyyətlər qoymaq, informasiya verilməsindən imtina etmək, jurnalisti hədələmək, onun qanuni peşə fəaliyyətinə mane olmaq, məlumat yaymaqdan imtinaya vadar etmək və s. digər əməllər qanuna ziddir?!...
“Klub”la bağlı reportaj hazırlamağmdan canına vəlvələ düşən, Xuraman Sadıqovanın mənə maneə yaratmaq, hədə-qorxu, xəbərdarlıq etməklə, dədə-baba, cer-cehizlik malı olmayan “Mədəniyyət evi”ndən uzaqlaşdırmağa çalışmasının əsas və yeganə səbəbi şəkillərdən gördüyünüz kimi klubun indiki – son dərəcə acınacaqlı durumudur.
Tam əminliklə deyə bilərəm ki, sadıqovların 43 illik direktorluq hakimiyyətləri dövründə ( elə hal-hazırda da davam edən ) dövlət müəssisəsinin yararsız, qəzalı vəziyətə gətirilməsi, büdcədən ayrılan vəsaitlərin mənimsənilərək şəxsi ciblərinə ötürülməsi ilə xidmət göstəriblər. DİN, Baş Prokurorluq, eləcə də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi kənddəki “Mədəniyyət evi”ndəki baş verənləri nəzarətə götürsə, təcrübəli əməliyyatçılar öz işlərini layiqincə həyata keçirsələr, dediklərimin boş-boş populist sözlər, yalan, böhtan olmadığına əmin olacaqlar.
“Mədəniyyət evi”ndəki yeganə sevindiri hal acınacaqlı vəziyyətdə olmasına baxmayaraq kitabxananın fəaliyyət göstərməsidir. Kitabların sadıqovlar sülaləsi tərəfindən auksiona çıxarılmamasını da Tanrının “rəhmli” əlamətləri hesab etmək olar. Balaca, darısqal kitabxanaya daxil olan zaman rütubətlilik, nəmişlikdən nəfəs almaq olmur. Doğru-dürüst havalandırma sistemi də yoxdur, soyuqdakı öz yerində. Şəraitsizlik bir çox kitabların yarasız vəziyyətə düşməsinə gətirib çıxarıb (şəxsi baxışım nəticəsində). İstər kitabxananın, istərsə də “Mədəniyyət evi”nin belə acınacaqlı hala gəlməsində Xuraman və Ümid Sadıqovların birbaşa cavabdehdirlər. 43 ildən çoxdur Vurğun (Grünfeld) kəndinin “Mədəniyyət evi”n də baş alıb gedən sadıqovlar sülaləsinin dövlət müəssisəsinin “özəlləşdirilməsi”, büdcədən ayrılan pulun mənimsənilərək, tikilin yararsız, acınacaqlı hala gətirilməsi və yuxarıda söz açdığım digər kobud qanun pozuntularını yalnız ictimailəşdirərək xalqa çatdırmaqla kifayətlənməyəcəm, həmçinin aidiyyatı dövlət qurumlarına da şikayətlər bildirəcəm.
Sorğu
Yeni dizaynımız necədir?