I hissə Nə az, nə çox düz 15 il idi uşaqlıq illərimi keçirdiyim, el arasında “Krenfil” adı ilə tanınan Ağstafanın Vurğun kəndindən uzaq düşmüşdüm. Ona görə həm ziyarət, həm istirahət, həm də reportaj üçün ora yollandım. Onu da qeyd edim ki, yol aldığım kənd 1906-cı ildə almanlar tərəfindən salınıb. Adı da olun Qrünfeld ( almanca yaşıl kənd deməkdir ). 1941-ci ildə müharibənin başlanması almanlar bu ərazilərdən sürgün edilir. Kəndin adı da repressiya olunaraq Kalininkəndə çevrilir. 1992-ci ildə isə, kəndi xalq şairinin şərəfinə Vurğun adı verilir.
Həsrətini çəkdiyim məkana yetişəndə ciddi dəyişiklərin baş verməsindən agah oldum. Birincisi kənd sanki, sükuta qərq olmuş, ikincisi xaraba qalan evlər gözümdən yayınmadı, üçüncüsü isə, rastıma çıxan sakinlərdən söz soruşanda ya özünü eşitməməzliyə vurur, ya da məni görcək istiqamətlərini dəyişərək soyuqluq göstərirdilər.
Kəndin İcra nümayəndəsindən bu cür soyuqluğun, laqeydliyin nədən qaynaqlandığını aydınlaşdıranda bəlli oldu ki, buralara tez-tez “jurnalist”lər baş çəkir. Amma kəndlə bağlı dürüst reportaj hazırlayıb, müsahibə götürmək əvəzinə şantajçılıq, qanqsterlik edərək həm rəhbər vəzifəsində olanlardan, həm də kənd camaatından “baxım-görüm” tələb edirlər. Cibləri “şirinlik”lə dolmayacaqları təqdirdə gördükləri bütün “əyər-əskiklər”i, “qanunsuzluq”ları çəkib ictimailəşdiriləcəyik – deyə, hədələr yağdırırlar. Ona görə kənd içində belə şüar formalaşıb : “iti-qurdu görək, amma “jurnalist”, “müxbir” görməyək”!
Tanışlıq verərək uşaqlığımın bu kənddə keçdiyini və bəzi yaxınlarımın adlarını çəkdikdən sonra, mənə qarşı qaldırılan “qalxan”lar yerə qoyuldu. Nəticədə İcra nümayəndəsi Aydın müəllim maneəsiz müşahidələr, gəzintilər, edərək reportaj hazırlamağım üçün köməkliyini əsirgəmədi.
İlk olaraq vaxtı ilə bu kəndi salan almanların qəbristanlığından başladım. Bu startım da təsüdufi deyildi, axı biz dünyanın ən “humanist”, “alturist” xalqıyıq. O, qədər “multikulturalist”, “tolerant”ıq ki, özümüzün aclarını doyurmadan, milli-mənəvi dəyərlərimizi göz bəbəyi kimi qoruyub yaşatmayan, soyuq içində açıq-saçıqda qalanlarımızın üstünə yorğan çəkmədən birinci növbədə əcnəbilərə, yadlara qayğımızı əsirgəmərik. Nə isə...
Amma bu dəfə ənənəvi daş hasarlarla çəpərlənərək abadlaşdırılmış, yuyunmaq üçün bulağı, yaşıl ağacları ilə işıq saçan məkan əvəzinə, Adolf Hitlerin 1945-ci ildən sonrakı xarabalığa çevrilən “Berqhof” malikanəsini xatırladan mənzərini gördüm. Sanki, müharibənin sonuna yaxın ABŞ-Britaniya bombardımançı təyyarələri buraları da viran qoymağa macal tapıb. Qəbristanlıq yalnız paslanmış məftillərlə çəpərlənmişdi.
Məyusluqla paslı qapını açaraq hüzursuz uyuyanların məkanına daxil oldum. Başdaşı salamat qalan barmaqla sayılacaq qədər qəbirlər gözə dəyirdi. Ölülər “diyar”ında gəzən zaman burada rus qəbirlərinin də olduğunu anladım. Əksər qəbir daşlarının adları tamamilə silinərək oxunmaz hala gəlmişdi. Bəzi qəbirlərdə isə, deşiklər genişlənərək çuxur-quyuya çevrilərək ilan-kərtənkələ yuvasından çaqqal-çuqqal məkanına çevrilmişdi. Köhnə qəbirlərdən üç-dörd qəbir yaxşı vəziyyətdə qalmış, ən yeni məzar isə 2012-ci ildə vəfat etmiş, camaat içində “aysor” adlandırılan etnik xalqın nümayəndəsinə məxsus idi. Bütün bunları gördükdən sonra bir anlıq düşündüm: “ölkəmizdə rusların, malakanların, gürcülərin, yəhudilərin və bunları kimi digər azlıqların qəbristanlıqları var, hansı ki, lazımınca, hətta lazımdan da artıq qayğı göstərilir, qorunur. Bəs almanları niyə çıxdaş etmişik”?!
Haqq dünyasına qovuşan almanlara bu cür “ehtiram” göstərilməsinin iki səbəbi ola bilər:
- SSRİ süqut etməsinə baxmayaraq, almanlara hələ də nifrətimiz qalmaqdadır; - Dövlətin “etnik azlıqların mədəni və tarixi irslərinin qorunması”, ölkə başçısının 30 avqust 2016-cı ildə "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" sərəncamı və digər bu cür qanunlar siyasətini həyata keçirən aidiyyatı qurumların nümayəndələri bilərəkdən biganəlik, laqeydlik göstərir.
Bir media nümayəndəsi kimi mənə ən çox təsir edən kənddə baş çəkməyə gələn jurnalist vəsiqəsi olan ikiayaqlıların qəbristanlıqla bağlı yuxarıda qeyd etdiyim qayğısızlıqdan yazmaq əvəzinə, ciblərini doldurmaq üçün canfəşanlıq göstərmələridir.
Sonda bir məqamı əminliklə vurğulayıram ki, almanlar belə “qayğı”ya, “ehtiram”a, “hörmət”ə layiq görüləcəklərini öncədən bilsə idilər 113 il əvvəl bu ərazilərdə yaşayış məskənləri salmayaraq, düz keçərdilər!...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?