Rusiya Federasiyası, Dağıstan respublikası, Dərbənd şəhəri. Burada ucaldılan dahi şairimiz Nizami Gəncəvinin heykəli növbəti dəfə vandalların hücumuna məruz qalıb. Dərbənd şəhərindən aldığımız məlumata görə, son altı ayda bu cür hərəkətlər dörd dəfə təkrarlanıb. Amma uzun illərdir ki, abidəyə silsilə vandal hücumları təşkil olunur. Vəhşilik törədənlərin şəxsiyyəti isə naməlumdur. Ona görə də vandallar çirkin əməllərindən əl çəkmirlər. Təxminən iki həftə öncə naməlum şəxs və yaxud şəxslər Nizami Gəncəvinin heykəlini daha ciddi şəkildə zədələyiblər. Vandallar dahi şairimizin sağ əlinin barmaqlarını qıraraq təhqiramiz formaya salıblar.
“Şimal xəbərləri”nin əməkdaşı Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatının sədri, tanınmış jurnalist Telman Tahirli ilə bu barədə söhbət edib. İctimai-siyasi fəal bildirib ki, baş vermiş hadisə ilə bağlı Dərbənd şəhər polis idarəsinə rəsmi müraciət ünvanlayaraq heykəlin yerləşdiyi parka müşahidə kamerası qoyulmasını xahiş edib. Prokurorluq da məsələyə qarışıb. Təxminən üç gündür ki, abidə bərpa edilib və yaxınlığına müşahidə kameraları yerləşdirilib. Telman Tahirli müsahibəsində heykələ edilən vandal aktının şəhərdə milli ədavəti qızışdırmaq istəyən qüvvələr tərəfindən törədilməsini də istisna etməyib.
Qeyd etdiyimiz kimi, uzun illərdir ki, Nizami Gəncəvinin Dərbənd şəhərindəki heykəli bu cür vəhşiliyə məruz qalır. Təccüblüdür ki, ötən dövr ərzində yerli hüquq-mühafizə orqanları bu alçaq işi görənləri ifşa etmirlər. Bizcə Telman Tahirli haqlıdır. Vandal aktını həyata keçirənlər şəhərdəki etnik azərbaycanlıların heysiyyatı və qüruru ilə oynayır və onları süni şəkildə ayağa qaldırmaq istəyirlər. Bu baş verəcəyi təqdirdə soydaşlarımızı Dərbənddə yaşayan istənilən xalqla üz-üzə qoya bilərlər. Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev deyir ki, o, baş vermiş vandalizmdə daha çox üçüncü qüvvənin iştirakından şübhələnir: “Biz bu məsələni Azərbaycan mətbuatında da dəfələrlə qaldırmışıq. Çox təəssüf ki, nə Dağıstan, nə də Dərbənd rəhbərliyi problemə münasibətini bildirməyib. Qədim şəhərdə yaşayan soydaşlarımız çox ehtiyyatlı olmalıdırlar. Təklif edirəm ki, azərbaycanlılar kütləvi şəkildə N. Gəncəvinin heykəlinə edilən vandal aktı ilə əlaqədar Dağıstanın başçısına və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət etsinlər”//“Şimal xəbərləri”
Sorğu
Yeni dizaynımız necədir?