"Kompüter və planşetlərin çox olduğu ərazilərdə şagirdlərin cəmi 75 faizi onlayn dərslərə qoşula bilir. Lakin regionlarda bu faiz kifayət qədər aşağıdır. Regionlarda bu, maksimum 50 faizdir, yerdə qalan şagirdlər isə demək olar ki, heç qoşulmur. Təbii ki, onlar da tədris proqramı üzrə zəruri bilik və bacarıqların əldə edilməsindən geri qalırlar".
Bu sözləri "Şərq"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Təhsil eksperti bildirib ki, bütün şagirdlərin tədrisdən geri qalmaması üçün əvvəldən vizuallaşmış dərslərin yaradılması məqsədəuyğun idi:
"Dünya təcrübəsinə əsaslanaraq biz Təhsil Nazirliyinə təklif etmişdik ki, vizuallaşmış virtual dərslər hazırlansın. Bu proqrama əsasən, şagirdlər həmin mövzuları dinləməklə və izləməklə onlara çətin olan mövzuları izahatını tam şəkildə başa düşə bilərdilər. Yəni həmin proqramları tətbiq etməklə, dərslərin anlayışını, izahatını həyata keçirmək mümkün olardı. Çox təəssüflər olsun ki, mart ayından bugünədək tədrisin onlayn keçirilməsinə baxmayaraq elektron məktəb, elektron universitet yaradılması istiqamətində heç bir addımlar atılmayıb. Bu bir faktdır ki, bu gün bir çox şagirdlərimiz tədris prosesindən kənarda qalıb.
Həmin şagirdlər üçün dərinləşdirilmiş sürətli proqramlar hazırlanmalı idi. Əgər əvvəlcədən bir çox mövzular birləşdirilmiş formada və izahını özündə əks etdirən elektron video və ya səsli materiallar hazırlansaydı, bu gün tədris prosesinə bu və ya digər səbəbdən qoşula bilməyənlər həmin resurslar hesabına biliklərə yiyələnə bilərdilər.
Digər tərəfdən, təkcə mühazirə formatında deyil, eyni zamanda onların yoxlanılması üçün elektron baza yaradılmalı idi ki, şagirdlər müvafiq dərsləri dinlədikdən sonra həmin fənn və mövzu üzrə əldə etdikləri biliklərini yoxlaya bilsinlər. Çox təəssüflər olsun ki, hazırda bizim böyük sayda şagirdlərimiz zəruri bilik və bacarıqları əldə etməkdə çətinlik çəkirlər".
Təhsil eksperti K.Əsədov ilin sonunda yekun qiymətləndirmə barəsində məlumat verib:
"Qeyd edim ki, bu il birinci sinifdə təhsil alan şagirdlərin hər hansı bir qiymətləndirilməsi həyata keçirilməyəcək. Yəni birincilər böyük summativ qiymətləndirməyə cəlb edilməyəcək. Amma digər şagirdlər ediləcəklər. Təbii ki, bu, onlayn qaydada həyata keçiriləcək. Bu zaman müəllimlər qiymətləndirmə ərəfəsində yalnız onlayn dərsdə iştirak edən şagirdlərin sayını və həmin mövzuları nəzərə almaqla test tapşırıqlarını bu prinsip əsasında hazırlayacaqlar.
Amma təbii ki, bu və ya digər səbəbdən qoşula bilməyən şagirdlərin qiymətləndirilməsi individual qaydada tədris prosesinə bərpa başlayandan sonra həyata keçirilə bilər".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?