Laçın rayonu işğaldan azad olundu və Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bununla da 10 noyabrda Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin imzaladığı bəyannamənin ən mühüm bəndlərindən biri yerinə yetirilmiş oldu. İndi isə Laçından sonrakı proseslər əsasən nələr olacağı, Azərbaycanın 1 dekabrdan sonrakı hədəflərinin nə olduğu, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Xocalı, Əsgəran məsələsinin necə olacağı məsələsi ictimaiyyəti maraqlandıran məsələlərdəndir. Azərbaycan yeni mərhələyə adlayıb. Bu mərhələnin əsas trendləri nələr olacaq?
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın bundan sonrakı işi daha çox siyasi iş olacaq: “Tərkibindəki bu və ya digər bölgəyə aid problemləri Azərbaycan öz daxili məsələsi kimi həll edəcək. Təbii ki, beynəlxalq iştirakın da köməyi ilə bu işlər görüləcək. Bayraq məsələsi suverenliyin rəmzlərindən biridir. Amma suverenlik başqa bir çox məsələləri də əhatə edir. Rəsmi dövlət strukturlarının yerləşdirilməsi, fəaliyyəti, vergilərdən tutmuş, milli valyutanın işlənməsi və digər bütün sahələr orada öz işini qurmalıdır. Suverenliyin bərpası məhz bu və sadalamadığımız bir çox addımları atmaqla olmalıdır. Bütün bu proseslər digər böyük bir proseslə yanaşı getməlidir.
Suverenlik o deməkdir ki, Azərbaycan qanunları tam şəkildə onun ərazisində qüvvədədir və işləyir. Xankəndi, Ağdərə, Xocavənd, Xocalı və Əsgəranda suverenliyimizin tam bərpası bəzi mərhələlərdən keçməlidir. Bu mərhələləri həyata keçmək üçün sülhməramlı qüvvələr və onlara qoşulan müşahidə missiyası bizə kömək edəcəklər.
Azərbaycanın öz doğma evlərinə qayıdan vətəndaşlarına təhlükə yaradan qondarma qurumlar da tərk-silah olmalıdır və buraxılmalıdır. Bunu etmək həm Azərbaycanın marağındadır, həm də sülhməramlıların marağında olmalıdır. Bu işi hər ikisi həyata keçirməlidir. Yəni qarşıdakı mərhələdə aparılmalı olan işlərdən biri budur. Çünki məncə, sülhməramlılar da istəməz ki, Qarabağda hansısa qeyri-qanuni silahlı dəstələr qalsın və təhlükəsizliyə mənfi təsir eləsin.
Xankəndi, Ağdərə, Əsgəran, Xocavənd, Xocalı Azərbaycanın beynəlxalq hüquqla təsbit olunan əraziləridir. O ərazilərdə də Azərbaycanın öz suverenliyini bərpa etmək hüququ var. Suverenliyi bir ərazidə bərpa etmək bayrağı həmin ərazidə ucaltmaqla yanaşı, digər çoxsaylı məsələlərin həyata keçirilməsini zəruri edir".
T.Zülfüqarov qeyd etdi ki, indi azad olunmuş ərazilərdə Azərbaycan Ordusu mövcuddur, təhlükəsizliyi təmin eləyən Azərbaycan Ordusudur, Azərbaycanın Daxili İşlər Nazirliyinin yerli şöbələri orada yerləşdirilir, minadan təmizləmə işi həyata keçirilir: "Oraya insanların qayıdışı üçün şəraitlər yaradılmalıdır, qaz təchizatından tutmuş, digər bu kimi təchizatlar təmin olunmalıdır. Yəni görülməli işlər çoxdur. Şübhəsiz ki, bütün bu işlərin qısa müddətdə həll olunmasının gözlənilməsi düzgün olmazdı.
Bizim qanunları qəbul eləməyən və bizimlə yaşamaq istəməyən Azərbaycan vətəndaşı olan ermənilərin təhlükəsiz şəkildə Azərbaycan ərazisini tərk eləməsinə imkan yaradılmalıdır. Azərbaycan ərazisinə Azərbaycan vətəndaşlığı olmayan, vətəndaşlığı qəbul etməyən ermənilərin daxil olmasına isə imkan yaradılmamalıdır. Çünki bunu Azərbaycan qanunları tələb edir. Sülhməramlılar daxil olan avtomobilləri yoxlayırlar. Məqsəd əraziyə qanunsuz silah-sursat keçirilməsinin qarşısını almaqdır. O ərazidə silah sülhməramlılarda, Azərbaycan Ordusunda, Azərbaycan hüquq-mühafizə orqanları əməkdaşlarında və Rusiya-Türkiyə müşahidə qrupunda ola bilər. Başqa kimsənin orada silahlı olmasına imkan verilməməlidir.
Biz başa düşməliyik ki, əsas işi bizim müzəffər Ordumuz həyata keçirib, Ermənistan ordusu darmadağın edilib və Azərbaycan dövlət olaraq Ermənistanı faktiki kapitulyasiyaya məcbur edib. Bundan irəli gələn işləri elə təşkil eləməliyik ki, istənilən nəticəni əldə edək. Münaqişə yekunlaşıb və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin əksəriyyəti aradan götürülüb. O ki qaldı bundan sonrakı digər məsələlərə, bu, Azərbaycanın daxili işidir".
Sorğu
Yeni dizaynımız necədir?