Dünən axşam saatlarından etibarən Azərbaycan Ordusunun Xocavənd rayonundakı bölmələrinin komandirləri rayonun Tağavard kəndində yerləşmiş qanunsuz erməni silahlılarının çıxarılması tələbi qoyublar.
Gundemxeber.Az jamaz.info-ya istinadla xəbər verir ki, dünən bununla bağlı ordu rəsmiləri Tağavarddakı qanunsuz silahlı dəstələrə səsgücləndiriclər vasitəsi ilə xəbərdarlıq ediblər. Erməni tərəfi iddia edir ki, xəbərdarlıq halları gün ərzində 4-5 dəfə baş verib. Belə ki, Azərbaycan tərəfi qanunsuz silahlı dəstələrin kəndi tərk etməsini istəyib, əks təqdirdə bunu güc tətbiq etməklə həyata keçirəcəklərini bəyan ediblər. Qeyd edək ki, erməni tərəfi yalan məlumat yayaraq, guya, Azərbaycan tərəfinin Tağavardda yaşayan mülki ermənilərin də çıxması tələbini qoyub. Lakin bunun yalan olduğu elə ilk baxışdan məlumdur. Çünki Tağavard kəndinin yarısı Azərbaycan Ordusunun nəzarətindədir, düşmənlə postlarımız arasındakı məsafə də bəzi hallarda bir neçə metr təşkil edir. İndiyə qədər orada kənd təsərrüfatı işləri ilə məşğul olan ermənilərə qarşı hər hansı aqressiv hərəkət olmayıb. Digər tərəfdən, Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, qanunsuz erməni silahlı dəstələrinin çıxarılması prosesini həyata keçirəcəklər. Ermənilər isə məsələyə “dinc əhali” mövzusunu qoşmaqla, “fəlakət sennariləri” qurur, dünyaya özlərini “genosidə məruz qalırıq” kimi təqdim etməyə çalışır və yalançılıqlaməşğul olurlar. Xatırladaq ki, Azərbaycan Ordusu bir müddət əvvəl Xocalı rayonunun Fərrux və Pirlər kəndlərində gizlənmiş erməni terrorçularının ərazidən çıxması tələbini qoymuşdular. Lakin ermənilər bu tələbə məhəl qoymamışdılar. İki gün öncə Ordumuz Fərrux kəndinə daxil olaraq, oradakı qanunsuz erməni silahlı dəstələrini darmadağın ediblər. Bundan başqa, Fərrux və Daşbaşı yüksəkliklərini də nəzarətə götürüblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?