10 aylıq həbs cəzasını çəkməkdə olan siyasi məhbus Əkbər Əbulzadə Təbriz mərkəzi həbsxanasında aclıq aksiyasını səkkizinci günündə dayandırıb.
Aclıq aksiyasından əvvəl Əhər həbsxanasında saxlanılan və hazırda Təbriz mərkəzi həbsxanasına köçürülən güneyli siyasi məhbus həbsxana rəsmiləri və məhkəmə orqanlarının onun qanuni tələbləri ilə razılaşacağına dair vədindən sonra aclıq aksiyasına son qoyub.
Bu barədə həyat yoldaşı Sara Xudakərəmi öz İnstagram səhifəsində Əkbər Əbulzadənin son durumu ilə əlaqədar məlumat paylaşıb.
“Bu gün 24 iyul həyat yoldaşım Əkbər Əbulzadə Təbrizin mərkəzi zindanının rəisi və Şərqi Azərbaycan vilayətinin ədliyyə sisteminin baş müfəttişi ilə görüşüb. Bu görüşün nəticəsində onlar məzuniyyət vədi verib, Əkbərdən aclıq aksiyasına son qoymasını istəyiblər” -deyə, siyasi məhbusun həyat yoldaşı qeyd edib.
Sara Xudakərəmi həmçinin həyat yoldaşının səkkiz gün aclıq aksiyası keçirdiyi üçün onun fiziki durumunun kəskin şəkildə zəiflədiyini də qeyd edib.
Əkbər Əbulzadə Əhər həbsxanası və məhkəmənin onun qanuni məzuniyyət tələbi ilə razılaşmadığı və məhkəmə məsullarının ailəsinə qarşı pis rəftarına etiraz olaraq iyulun 17-də aclıq aksiyasına başlamışdı. O, aksiyasının dördüncü günündə Təbriz mərkəzi həbsxanasına köçürülüb.
Anti-irqçilik aksiyaları ilə əlaqədar həbs edilən Əkbər Əbulzadə 2017 ilində “sistemə qarşı təbliğat aparmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamı ilə digər milli fəallar o cümlədən İbrahim Nuri, İsrafil Fəthuallahzadə, Hamid Allahverdipur, Murtaza Şükri və Süleyman Kazımi ilə birgə həbs cəzasına məhkum edilib.
Sorğu
Yeni dizaynımız necədir?