Təbriz Mərkəzi Zindanında aclıq aksiyası keçirən türk fəallar Rəsul Rəzəvi və Murtaza Muradpur Kərəc şəhərinin Mərkəzi Penitensiarında köçürüldükdən sonra da aclıq aksiyasına davam etməkdədirlər.
Noyabrın 13-də uzun müddətdən sonra qardaşı Murtaza Muradpur ilə Kərəcdə görüşən Fərdin Muradpur Amerikanın Səsinə bu haqda məlumat verib. O, hər iki məhbusun sağlıq durumunun kritik olduğunu bildirib.
Fərdin Muradpurun dediyinə görə, Rəsul Rəzəvi və qardaşı noyabrın 4-də Kərəcə köçürülüb.
“Bir neçə gün get-gəldən sonra bu gün mənə və Rəsul Rəzəvinin qardaşına görüşmə icazəsi verdilər. Durumları ağırdır. Xüsusilə Rəsul Rəzəvinin durumu heç yaxşı deyil. İndi o yeriyə bilmir,” deyə o qeyd edib.
“Onları özəl bölmədə saxlayırlar. Şəkər və duz vermirlər, sadəcə su içə bilirlər. Bu durum aclıq aksiyası keçirənlər üçün çox təhlükəlidir. Onlara deyiblər ki, aclıq aksiyasına son verənə ək burada saxlanılacaqlar“ -deyə Fərdin Muradpur əlavə edib,
Rəzəvi və Muradpur müvafiq olaraq təqribən 40 gün və 20 gün öncə məhkəmə dosyeləri ilə bağlı tətbiq edilən qanunsuzluqlara etiraz olaraq aclıq aksiyasına başlayıb.
Məhbusların ailələri ilə bərabər türk fəallar və hüquq müdafiəçiləri də onların sağlıq durumunun ciddi risk altında olduğunu önə çəkərək, narahatlıqlarını ifadə edirlər.
Fərdin Muradpur keçən həftə Amerikanın Səsinə verdiyi müsahibədə qardaşının aclıq aksiyası başlatmasının səbəbini də açıqlamışdı:
“Murtaza 3 il həbs müddətindən 2 ilini keçirib. O, indi İran cəza qanunlarının 34-cü maddəsinin tətbiq edilmədiyinə etiraz olaraq aclıq aksiyası keçirir. Bu maddəyə görə, qardaşımın bir il həbs müddəti azalıb, 2 ilə düşməli idi.”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?