1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində gündəmə gələn seçki dairələrindən biri 114 saylı Şəki şəhər seçki dairəsidir.
Dairədə VI çağırış Milli Məclisin deputatı Vüqar İskəndərovun əsas rəqibləri Müsavat Partiyasının təmsilçisi Tahir Səfərov, REAL Partiyanın təmsilçisi Razim Rzayev və keçmiş müsavatçı, hazırda bitərəf Adil Qeybulladır.
Dairədə gedən hazırkı prosesləri öyrənmək üçün Pravda.az-ın əməkdaşı Müsavat Partiyasının namizədi Tahir Səfərovla əlaqə saxlayıb.
T.Səfərov deyib ki, ona hakim partiyanın təmsilçisi Vüqar İskəndərovla ortaq dostları namizədliyini geri götürməsi ilə bağlı zəng edirlər: “Rahat şəkildə təşviqatımızı aparırıq. Hərdən bəzi məntəqələrin savadı olmayan nümayəndələri posterləri yapışdırmaq üçün müdirdən icazə istəyirlər. Bunu problem saymıram. Qapı-qapı gəzib şəxsən özüm imza toplamışam. Təzyiqlər yuxarı səviyyədə deyil. Hansısa icra strukturu, yaxud dairədən, güc orqanlarından yox, Vüqar İskəndərovla ortaq dostlar tərəfindən zənglər olur ki, namizədliyini geri götür. Yəni fərdi şəkildə deyirlər. Onlara əhəmiyyət verməmişəm. Fərd şəklində mən də deyə bilərəm. Anladıqları budur. Mən uzun müddət idarəetmə orqanlarında işləmişəm, sonradan təqaüdə çıxmışam. Birinci Qarabağ və Vətən müharibəsində Şəkinin bütün şəhidlərinin nəşini mən gətirmişəm. Öz oğlum da müharibə veteranıdır. İndi mülki həyatda olsam da, ictimai-siyasi həyatda aktivəm. Müsavatın sıravi üzvüyəm. 65 yaşım var. Şükür Allaha ki, seçkilərə cəhd etdim. Son nəticədən asılı olmayaraq sakinlər tərəfindən sevildiyimi gördüm. Əgər mənə qarşı həddini aşan ciddi qanun pozuntusu olsa, tapşırmışam ki, sosial şəbəkələrdə işıqlandırılsın. Son nəticədən ehtiyatlanıram, çünki məntəqələrə təyin etmək üçün o qədər də qüvvə yoxdur. Gənclər də bizim dövrümüzdəki kimi aktiv deyillər”.
T.Səfərli rəqibi Vüqar İskəndərovun təşviqat üçün keçirilən görüşlərinə Şəki Mərkəzi Xəstəxanasının kollektivinin məcburi şəkildə aparılması barədə məlumatlara da münasibət bildirib: “Mən ümumi fikir bildirdim ki, qapalı şəraitdə 500 nəfərlik yeri doldurası qüvvəm, imkanım yoxdur. Sosial şəbəkədə “Vüqar İskəndərov” yazın, baxın. Görəcəksiniz ki, görüşlər eyni formatdadır, müəllimlər, həkimlərdir. Zorla 50-500 adamı yığıb görünüşcə gözəl, lakin keyfiyyətsiz görüş keçirməkdənsə, az sayda adamla, küçədə, orda-burda görüşmək daha yaxşıdır. Mənim də aldığım məlumatlara görə, Vüqar İskəndərovun görüşünə gedənlər kütləvi şəkildə idarə, təşkilat, hansısa müəssisə işçiləridir. Onsuz da, indi yay ayında zalın o cür dolmasının özü nəyisə deyir. Mən o iclaslarda iştirak etməmişəm, heç nümayəndəm də olmayıb. Sadəcə, iştirakçılar belə deyirlər. İskəndərovun dünənki paylaşımlarına da baxın, zalda oturanları görəcəksiniz. Görünən dağa nə bələdçi?”
O bildirib ki, rəqibi Adil Qeybulla çox səbirli davranır: “Adil müəllim hazırda bitərəfdir. Onunla görüşürük, birlikdə məşvərət edirik. Adil Qeybulla ağıllı adamdır. Ağıllı adamdan məsləhət almaq daha yaxşıdır. Başqa alternativ namizəd REAL-dan Razim Rzayevdir. Digərləri isə hiss olunur, iddiası olmayanlardır. İddiası olanlar Vüqar İskəndərov, Adil Qeybulla, Razim Rzayev və bəndənizdir. Mən rəqibimdən çəkinmirəm”./AZFAKT.COM//
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?