Əyyub Kərimov: “Güc orqanları millət vəkilinin iddiasını araşdırmalıdır”
Millət vəkili Araz Əlizadə qəlyan istifadəsinin yasaqlanması ilə balı maraqlı təkliflə çıxış edib. Bəzi kafe və restoranlarda sulu qəlyana narkotik qatıldığını bildirən millət vəkili, qəlyanın təhlükəli infeksiya mənbəyi olduğunu və ləğv edilmsinin faydalı olacağını vurğulayıb. Maraqlıdır, millət vəkilinin məlum açıqlaması ilə bağlı güc orqanları konkret addımlar atılmalıdırmı? Sulu qəlyan xidməti təklif edilən yerlərdə reyd və təftişlərin aparılmasına ehtiyac varmı? Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirən hüquqşünas Əyyub Kərimov hüquq-mühafizə orqanlarının bu istiqamətdə ciddi addımlar atmasının zəruri olduğunu vurğuladı: “Nəinki millət vəkili, hətta adi bir vətəndaş, yaxud hansısa media orqanı belə bir iddia ilə çıxış etsə, o zaman hüquq-mühaizə orqanları deyilənləri yoxlamaq istiqamətində addımlar atmalıdır. Millət vəkili isə daha ciddi statuslu bir adamdır. Prezident də çıxışlarında bildirir ki, ictimai nəzarət olmalıdır. Ictimai nəzarət olmadan qanunsuzluqlara qarşı effektiv mübarizə aparmaq mümkün deyil. Bu gün kafe və restoranların qarşısında qəlyan xidməti və onun qiyməti ilə bağlı elanlar vururlar. Orada göstərirlər ki, 12, 14, 20 və s. manata bu qəlyanlardan istifadə etmək mümkündür. Bir də görürsən ki, bir neçə qız oturub, hərəsinin də ağzında bir qəlyan. Təbii ki, bu xətlərdə ayrı məsələlər də olacaq. Belə yerlərdə narkotikdən istifadə mümkündür. Bu, gizlədilmiş formadır.
Təsəvvür edin ki, hardasa bir dominoxana tipli kafe fəaliyyət göstərir. Mümkündür ki, onun üç otağı dominoxana kimi, 5 otağı isə qumarxana kimi fəaliyyət göstərsin. Yəni bu cür məsələlərin bir çox hallarda pərdəarxası da olur. Bu da ola bilər ki, qəlyanxana sahibi insanları, xüsusilə də yeniyetmələri rəhbəri olduğu müəssisəyə cəlb etmək üçün onlardan xəbərsiz sulu qəlyana hansısa miqdarda narkotik qatsın və bu, məstedici təsir göstərsin. Belə olan halda həmin qəlyanı çəkən adam səhərsi gün digər yaxınlarını da ora çəkib gətirir və avtomatik set formalaşır. Odur ki, mən bir hüquqşünas kimi A.Əlizadənin fikirlərini hardasa bölüşürəm və hesab edirəm ki, güc orqanları bu istiqamətdə addımlar atmalıdır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?