Sumqayıt şəhərində halsızlıq, zəhərlənməyə bənzər əlamətlərlə 100-dən çox uşağın xəstəxanaya yerləşdirilməsi ilə bağlı açıqlama verən Azərsu Açıq Səhmdar Cəmiyyəti, səbəbin "su olmadığını" bildirib. ASC-nin sözçüsü Anar Cəbrayıllı BBC Azərbaycancaya deyib ki, hadisənin baş verdiyi bildirilən Zeynalabdin Tağıyev qəsəbəsi və ətraf ərazilərdən götürülən nümunələrin müayinə nəticələrinə görə, suyun tərkibində heç bir dəyişikliyin olmadığı, mayenin norma və standartlara cavab verdiyi üzə çıxarılıb. "İyunun 8, 9 və 10-da apardığımız müayinələrə görə suda heç bir problem aşkarlanmayıb", o bildirib. "Kəskin bağırsaq infeksiyası" diaqnozu Şənbə günü yayılan məlumata görə, iyunun 7-dən bəri Sumqayıtda 119 uşaqda infeksiya ehtimalı ilə xəstəxanaya müraciət edib, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev APA xəbər agentliyinə bildirib. O deyib ki, müraciət edən uşaqlar 2-5 yaş arasındadır. "Həkimə müraciət edənlərin əksəriyyətinə kəskin bağırsaq infeksiyası diaqnozu qoyulub. Onlarda əsasən baş ağrısı, ürək bulanma, qusma, halsızlıq müşahidə olunur", qurum sözçüsü qeyd edib. Səbəb nədir? "İnfeksiyanın sudan da, qidadan da düşə biləcəyini" bildirən cənab Abdullayev bütün uşaqlardan nümunələrin götürüldüyünü və nəticələr məlum olandan sonra dəqiq səbəblərin bilinəcəyini deyib. Şənbə günü sosial şəbəkələr vasitəsilə insanlar içməli suda problem olduğunu yazmağa başlayıblar. Whatsapp şəbəkəsilə insanların bir-biri ilə paylaşdığı səs yazısında "çiy suyu içməyin, qaynatdıqdan sonra için" deyə xəbərdarlıq edilir, səs yazısını dinləyən müxbirimiz deyir. Səs yazısında içməli suya "ya kanalizasiya sularının qarışdığı, ya da təxribat törədildiyi" ehtimal edilir. Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bu iddiaların səhv olduğunu qeyd edir. Azərbaycanın "uşaq göstəriciləri" Cənubi Qafqazda "ən aşağıdır" Azərbaycan: bəzi dərmanlar niyə tapılmır? Onun sözlərinə görə, Tağıyev qəsəbəsinin su təchizatı Xaçmazdan çəkilən boru ilə təmin olunur. Həmin su borusundan, Xırdalan şəhərinin, Ceyranbatan qəsəbəsinin, Abşeron rayonunun bir hissəsinin, Sulutəpə və Müşfiqabad ərazilərinin də su təchizatı təmin olunur. Cənab Cəbrayıllı infeksiyanın su ilə yayılması ilə razılaşmır və sual verir ki, bənzər hallar "niyə digər yerlərdə baş verməyib." Həftə sonu olduğundan Səhiyyə Nazirliyi ilə əlaqə yaratmaq mümkün olmayıb. Nazirliyin sözçüsü Liya Bayramova bundan əvvəl mediaya bildirib ki, uşaqların həyatına "heç bir təhlükə yoxdur". Məlumata görə, uşaqların çoxu ilkin müayinədən sonra evə buraxılıb.
Sorğu
Yeni dizaynımız necədir?