Azərbaycanın rəsmi xəbər qaynaqlarında bir əbləh hadisə haqqında sevinclə xəbər verilib. Bu, Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Azərbaycan yeməklərinin dadına baxması haqqında məlumatdır və eynilə belədir: «Rusiyanın müdafiə naziri Sergey Şoyqu Beynəlxalq Hərb Oyunları-2017 çərçivəsində “Səhra mətbəxi” müsabiqəsi ərəfəsində hazırlanmış 6 ölkədən olan hərbi aşbazların yeməklərini dadıb. Rusiyanın, Azərbaycanın, Belarusun, Serbiyanın, Monqolustanın və İsrailin hərbi aşpazları qonaqlar və iştirakçılar üçün iştirakçı ölkələrin milli mətbəxlərinə aid 150-dən artıq xörək hazırlayıblar. Xüsusilə, nazir azərbaycanlıların ət yeməklərini və şirniyatlarını, rusların balıq yeməklərini və un məmulatlarından hazırlanan təamlarını, monqol aşpazların isə çayını dadıb”. Bu xəbər heç bir kontekstdə yayılmayıb. Elə- belə təqdim ediblər. «Şoyqu bizim yeməyimizdən daddı» xəbəri «xan mənə «eşşək» dedi lətifəsinin qapqara təkrarıdır. Yəni ki, bizə diqqət yetirdi. Sergey Şoyqu Moskvanı başına götürən Azərbaycan restoranlarının daimi müştərisi də ola bilər və bu nə Azərbaycana başucalığı gətirən bir hadisədir, nə də xanın «eşşək» dediyi başqalarına. Sergey Şoyqu indi erməni silahlı birləşmələrinin komandanıdır. Azərbaycan torpaqlarını işğal altında saxlayan erməni silahlı birləşmələrinin. Biz sevinməliyikmi ki, işğalçı ölkənin hərbi komandanı Azərbaycan mətbəxinin ət yeməklərini yeyib və xoşlanıb?
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?