Niyə məhz “Qaçqınkom Əli Həsənov” yazdım? Çünki yuxarı dairələrdə iki Əli Həsənov var. “Hansı Əli Həsənov?” sualı verilməsin deyə, əvvəlcədən əvvəlinə ya “qaçqınkom”, ya da “ictimai-siyasi” önlüklərini artırırsan, vəssalam.
Mən Əli Həsənovu şəxsən tanımıram. Mənim üçün yüz vəzifəli şəxsdən biridir. Vəzifəli şəxslərin də hamısı eyni cürdür. Rəhmətlik ANS-in təbiriycə desək, “varlı-hallı olmaq alınlarına yazılıb”. Övladları, nəsilləri də özlərindən deyən, vurub-yıxan. İstəyir qız övladı olsun, istəyir oğul. Həmişə belə olub. Sovet dövründə də, keçən əsrdə də, eramızdan əvvəl də. Sadəcə o vaxt övlad, nəvə qudurğanlığının qabağını almaq metodları vardı. Bəzi kapitalist ölkələrində bu ənənə indi də qalıb. “Dədə Qorqud” filmində belə bir səhnə var. Qazan xan oğlunu xəbər alır. Cavab verirlər ki, bəs filan dağda çiçək toplayır. O da əsəbləşir. Oğlunu çağırtdırır. Deyir ki, filankəs-filankəslər qılınc oynadır, baş kəsir, ad çıxarıb. Sən isə arvad kimi gül toplayırsan. Tural da ona nə cavab versə yaxşıdır? Sən məni nə vaxt ov ovlamağa-zada apardın ki… Bax, bugünki nəsil də həmin Qazan xanın övladlarıdır. İçindən hərdən Beyrək kimilər də çıxır. Amma uşaqlarımızın adını Beyrək, Qazan qoymuruq. Nəinki elini, heç özünü də qoruya bilməyən, anası və hərəmlərlə əsir düşən Tural adı bizimçün daha xoşdur.
Keçmişdə saray əyanlarının uşağı nadinclik etməyə başlayan kimi, ona hərbi paltar geyindirərdilər. Ox atmağı, at sürməyi, qılınc oynatmağı öyrədərdilər. Dünyəvi biliklər də öz yerində. Döyüşlərdə atanın yanında olurdular yeniyetmə yaşlarından. Çar Rusiyası haqda filmlərdə bütün əyan, qraf və knyaz balalarını hərbi paltarda görürük. Hamısı da uşaqlığını və gənclik illərini hərbi məktəblərdə keçiriblər. Niyə? Çünki mujikin, kasıbın itiriləsi heç nəyi yoxdur. Onların uşaqları da əsgər rütbəsindən yuxarı qalxmır. Əyanların isə itirəcəyi çox şey var – mal mülk. Ona görə də əsgərdən qabaq özləri gedirdilər, nümunə göstərirdilər. Düşmənin qabağına özləri çıxırdılar. Şah, kral, imperator da döyüşə atın üstündə rəhbərlik edirdi.
Həmən belə sual yaranacaq ki, bəs indi niyə belə deyil. Elə Azərbaycanın özündə və ya qonşu Rusiyada, şərq dövlətlərində. Çünki müharibəyə ehtiyac yoxdur. Sənə tuşlanan silahları pul verib alırsan ki, nədi-nədi ordunu gücləndirirsən. Yağmalanmağını görməmək üçün pulu-qızılı özün öz əlinlə aparıb bu düşmənlərin bankına yatızdırırsan. Onların ərazisində evlər, mülklər alırsan. Day niyə əziyyət çəkib sənə hücum etməlidirlər ki?.. Sübut? Qəddafinin, Rza şah Pəhləvinin, Səddam Hüseynin, Hüsnü Mübarəkin nə qədər pulu batdı, hə? Hücum eləmək nəyə lazımdır axı? ATV kanalında yayımlanan “Çəkərəm, ha…” verilişinin təbirincə bircə zəng bəs edir. Dalıyca da sanksiyalar. Hesablar da dondurulur, mülklər də. Nə olsun ki, hesablar dondurulur, pul, qızıl, brilyant ki, bankın içindədir. Bankın yerləşdiyi yer isə demokrat maskalı imperialist dövlətin ərazisindədir. İran şahının ailəsindən isə bircə arvadı qalıb. O da 80 yaşında. Qızı və oğlunu isə cavan yaşlarında göydələndən buraxdılar üzü aşağı. Adını da qoydular ki, bəs narkoman imişlər. Varislər yox oldu, miras batdı.
Uzun-uzadı danışmayım – qabaqcıl kapitalist dövlətlərində yuxarı eşolon üçün övladlarının hərbi biliyə yiyələnməsi və orduda xidmət eləməsi prioritet sahələrdən birincisidir. Gənc enerjisini hansısa yolla çıxartmalıdır, ya yox? Axı, nə qədər yemək-içmək, bazlıq eləmək olar? Bizimkilər lap beziblər belə həyatdan. İndi də qurşanıblar qəlyana. Ofisiant da qəlyanı doldurub gətirir. İçinə də allah bilir nə qatır. Qaqaşlar da çəkib, dönürlər şirə. Nərə çəkib düşürlər şəhərin canına. Piyada olsalar dərd yarıdır. Qədim dildə desək atlarını yəhərləyirlər. Hər qəzadan sonra qanlarını yoxlayanda ordan tapılan maddələrdən heç həkimlər də baş açmır.
Mövzudan çox kənara çıxdım. Qayıdım qaçqınkom Əli Həsənova. Ailəsini tanımıram. Vikipediyaya əsaslansam iki övladı var. Neçə nəvəsi var, bilmirəm. Hamısını Allah qorusun. Amma həmkarlarımın və ictimaiyyətin qınağı selində, bəlkə də yeganə adamam ki, onu başa düşürəm. Axı, mən də babayam. Mən də cavan olmuşam. İstər varlı, istər kasıb, cavanlıq vaxtlarından danışanda eyni ifadələri işlədirlər: “Cavanlıqda bilirsiz nə oyunlardan çıxmışıq? Nə qələtlər eləmişik? Atam, əmim, dayım neçə dəfə məni milisdən çıxarıb? Hətta bıçaq yarası da almışam. 7-ci sinifdən siqaret çəkmişəm. 9-cu sinifdə nəşə eşib, Kazbekə doldurmağı öyrənmişəm. Filankəsin qızını belə…” Yox, bu lovğalanmaq deyil. Əksəriyyət yaşlı nəslin başına gələn macəralardır. Bu macəralarda çujoy poxmel gedən mənim kimi ağıllı uşaqlar da olub. Bəs indi? İndi ağıllanmışıq, yaşlaşmışıq, böyümüşük. Yerimizi isə nəvələr tutur, sabah nəticələr, kötükcələr. Priçom zdes Qaçqınkom Əli Həsənov baba, yaxud da ki… Türmələrdə o qədər xuliqanlıq edən yatır ki… Hamısı varlı, vəzifəli uşağıdırmı?
Nə qədər gənc narkomandır. Nə qədər gənc peredozirovkadan ölür. Hamısı varlı, vəzifəli uşağıdır? Yox. Amma 100 faiz əminliklə deyə bilərəm ki, vəzifəli-varlı uşaqlarını bu bəlaya düçar edən narkotiklə pul qazanmaq, götürdükləri xeyrə isə hallanmaq istəyən kasıb uşaqlarıdır. Bilirsiniz də… quru divara palçıq yaxşı yapışmaz. Sulu divara isə o saat. Setka çəkməsən belə.
Yenə də əks arqument ortaya qoyacaqsınız ki, bəs vəzifəli, varlı insanlar uşaqlarına pul verib onları qudurtmasınlar. Qudururlar qudursunlar e… Amma qara camaata bir ziyanları dəyməsin. Bax indi mətləbə gələ bilərəm. Mənə də bu yazını yazdıran məhz bu oldu. Elə isə başladıq.
ƏLİ ŞAMİL OĞLU HƏSƏNOV KİMDİR?
Əli Həsənov 1948-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Neft və Kimya institutuna daxil olub. Nəticə: Əli müəllim sadə bir insan – kənd uşağıymış. Yəqin ki, sadə bir ailədə doğulub, boya-başa çatıb. Öz biliyiylə instituta daxil olub və 21 yaşında oranı bitirib. Əmək fəaliyyətinə 1969-cu ildə “Azərneftkimyaquraşdırma” Tresti Birinci Sumqayıt quraşdırma idarəsində usta kimi başlayıb. Nəticə: Usta da elə fəhlə kimi bir şeydir. El dilində desək – ali təhsilli fəhlə. Sonralar həmin idarədə (Trest yox ha… onun kakoy-to əyalət idarəsində) iş icraçısı, baş iş icraçısı, şöbə müdiri, baş mühəndis vəzifələrində işləyib. Xoşbəxtlik üzünə 30 yaşında gülüb. Yaşı elə-belə vurğulamıram. Məqsədim var. Vikipediyada belə şeylər yazılmasa da, ehtimal etmək olar ki, Əli müəllim həmin illərdə evlənib. Oğlu və qızı dünyaya gəlib. Sizcə Sumqayıt kimi yerdə, özü də sovet dövrü, uzaq 70-ci illərdə uşaqlarına hansı şəraiti yarada bilərsən. Uzağı uşaq bağçası, kaçeli, ən yaxşı halda meyvəli kokteyllə qəhvəli dondurma. Vəssalam. 30 yaşından yüksəliş illəri başlanır. 1978-ci ildən “Kimyasənaye” İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, elə həmin ildən SSRİ Kimya Nazirliyi “Sumqayıt kimyasənaye” Birliyi baş direktorun tikinti üzrə müavini,1979-cu ildən “Üzvi sintez” İstehsalat Birliyində tikinti üzrə direktor müavini, 1980-cı ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin müavini, 1980-1983-cü illərdə Sumqayıt Şəhər Partiya Komitəsinin ikinci katibi, 1983-cü ildən 1991-ci ilə qədər Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin birinci müavini. 13 il ərzində sıçrayışlı həyat yolu. Sovet dövrü hər adamı Partiya məktəbinə oxumağa göndərmirdilər, hər adamı da vəzifədə irəli çəkmirdilər. Dayday rol oynayırdı, amma əsas ağıl və bacarıq idi. Sizcə partiya işində çalışan bir adam uşaqlarına hansı günü ağlaya bilərdi. Hökumət maşınıyla orta məktəbə uşağını yollayan vəzifəlini o saat işdən azad edirdilər. Mən müstəqilliyə 25 yaşında qədəm qoymuşam, Əli müəllim 43 – Sumqayıtın İcra başçısının 1-ci müavini kimi. Özümü müqayisə etmək istəmirəm. Hələ tezdir.
Əli Həsənov 1993-cü ildən “Azərkimya” Dövlət Şirkəti prezidentinin müavini, birinci müavini, 1997-1998-ci illərdə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri vəzifələrində çalışır. 1990-cı ildə respublika Ali Sovetinin deputatı, 1995-cı ildə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilir. Və nəhayət 1998-ci ilin noyabr ayından Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sədr təyin olunur. Düz 19 ildir ki, yəhərdədir. 69 yaşı var. Gələn il 70 yaşı tamam olacaq. 11 il AzTV-nin “Xəbərlər”ində işləmişəm. Bir-iki dəfə də Qaçqınkomda çəkilişdə olmuşam. Jurnalist kimi simpatiyam olmayıb ona. Jurnalistlər içində haqqında yaxşı söz deyənini də eşitməmişəm. Bir sözlə “Yaxşı oğlan” deyil Əli müəllim – bu, ironiya yox, peşə jarqonudur. Bəlkə də mətbuat katibi gizlədib.
İki övlad böyütmək və onların adlarının bu illər ərzində heç bir yerdə pisliyə çəkilməməsi ata üçün böyük uğurdur. Lap düzgün olaraq da müsahibəsində bunu dilinə gətirdi. Baxmayaraq ki, bunu sosial şəbəkələrdə məzxərəyə çeviriblər. Yalan deyir? Düz deyir də… Nəvəni qəhrəmana çevirmişik. Amma nə atasını, nə anasını, nə dayısını tanıyırıq. Heç adlarını da bilmirik.
HAŞİYƏ: Atamın dostu, qonşumuz, “əmi” deyə müraciət etdiyim Əliağa Kürçaylı adlı bir şairimiz vardı. 1980-ci ildə 51 yaşında xərçəngdən rəhmətə getdi. İllər keçdi oğlu Ülfət evləndi. Bir oğlu, bir qızı oldu. Oğlunun adını babasının şərəfinə Əliağa qoydular. Əliağa əmi səkkiz il idi ki, rəhmətə getmişdi. Belə bir misal var: “Ölünün də yiyəsi olmalıdır”. Deməzdim ki, Əliağa Kürçaylı bu illər ərzində unuduldu. Sadəcə, dirilərin belə, unudulduğu zəmanədə o da bu karvana qoşuldu. Amma keçən il saytlardan hansı xəbəri oxusam yaxşıdı? “Şair Əliağa Kürçaylının nəvəsi polisi vurdu” və ya “avtoşluq elədi”. Yaxşı yada saldıq. Budurmu babalara hörmətimiz? (SON)
Əli Həsənov həm də babadır. Mən də özümə belə baba arzulardım. Heç varlı olmasın. Adı bəsimdir – arxadır. Görəsən o qudurdubmu nəvəsini? Bu gün nəvənin həbs olunmasına odurmu təqsirkar? Oz yanında böyüdüb nəvəni, tərbiyə verib? Deyib ki, vur-yıx, babanın gül balası, arxanda dağ boyda baban var. Maşınları o alıb hədiyyə veribmi? Ümumiyyətlə Əli Həsənovun bu qədər pulu varmı? Bu sualların təsdiqini nəinki deyə, heç yaza da bilmərəm. Çünki əlimdə sübut yoxdur. Nə təsdiq üçün, nə təkzib üçün. Ehtimal etmək mənlik deyil. Amma bir şeyə 100 faiz inanıram. Çünki 43 yaşından babayam. Beş nəvəm var.
HAŞİYƏ: Səhv etmirəmsə Oqtay Mirqasımov haqqında veriliş gedirdi. Həyat yoldaşından da müsahibə almışdılar. Suallardan biri də bu idi ki, nəvə niyə baladan şirin olur. Sual o saat məni cəlb elədi. Hələ o vaxt baba olmayan mən öz-özümə fikirləşdim. Axı necə ola bilər ki, bu cür əziyyətlə böyüdüb başa çatdırdığım iki qızım, canım-ciyərim nəvələrimdən aşağı ola bilər. Oqtay müəllimin xanımı cavabıyla mənə hər şeyi anlatdı. Təqribən belə: “Cavanlıqda başın işə qarışır. Uşaqları bağçaya verirsən. Onlara lazımi diqqət yetirə bilmirsən. Gözünü açıb-yumursan, bir də görürsən ki, uşaqlar böyüyüb. Artıq evlənmək vaxtlarıdır. Evlənirlər, ərə gedirlər, nəvələrin olur. İstəyirsən ki, uşaqlarına verə bilmədiyini, onlar üçün edə bilmədiyini nəvələrinçün edəsən”. (SON)
Uşağım boşqabı sındıranda deyinirdim, nəvə bunu edəndə can eşidir. Uşağın evi ortasına batıranda, işəyəndə, “işimi artırdın, sidiy iyi alıb evi başına” deyirdim. Nəvəyə isə “Bəh-bəh, poxuna qurban” söyləyirsən. Nə istəyir alırsan, gəzdirirsən. Xülasə, bildiyiniz, gördüyünüz şeyləri sadalayıb başınızı ağrıtmaq istəmirəm. Əli baba da yəqin o babalardandır ki, uşaqlarına eləyə bilmədiklərinin əvəzini nəvələrindən çıxır. Nəvəni ərköyün böyütmək cinayət deyil. (Ərköyünlükdən qudurğanlığa məsafə bir addım olsa da… Bunun da səbəbi var. Daha doğrusu təbii prosesdir. Sonda əsaslandıracağam.) Cinayət olsa şəxsən mən EVDAR KİŞİ vəzifəsindən bu gün istefa verərəm.
İkincisi…
HAŞİYƏ: Günlərin bir günü padşahın oğlu olur. Vəzir də qaça-qaça bu şad xəbəri ona çatdırır. Muştuluq istəyir. Padşah neyləsə yaxşıdır? Cəllada əmr eləyir ki, vəzirə 100 zopa vursunlar. 10 gün vəzir bu zopalardan özünə gələ bilmir. Muştuluğunun qızıl, ənam yerinə 100 zopa olmasının səbəbini də soruşa bilmir. Əlbəttə ki, qorxusundan.
Üstündən illər keçir. Padşahın bu oğlundan bir nəvəsi olur. Xəbəri çatdırmaq missiyası yenə də bu vəzirin üzərinə düşür. Qorxa-qorxa, ehtiyatla padşaha yaxınlaşır. Ehtiyatla “Padşah sağ olsun, nəvən olub” deyir. Muştuluq zad da istəmir. Qorxusundan. Padşah bu xəbəri eşitcək tökür qızılı vəzirin başından. “Məni istəyənlər vəzirə ənam versin” qışqırır. Yaşına, adına uyğun olmayan tərzdə uşaq kimi atılıb, düşür. Vəzir də məəttəl qalır. Bu dəfə ürəklənib soruşur: “Padşah sağ olsun, oğlun olanda muştuluq istədim, 100 zopa qazandım. İndi nəvən olub. Heç nə istəmədim. Dünyanın qızılını tökdün başımdan. Niyə?” Padşah cavab verir: “Onda düşmənim olmuşdu, indi isə düşmənimin düşməni dünyaya gəlib”. (SON)
… nəvə olandan sonra oğul-uşaq atanın qədrini daha yaxşı bilir. Təkrar da olsa bir yazımdan sitat gətirəcəyəm: “Hörmətli nəvələr, Sizin atanız, ananız dünyaya gələndə babanız, nənəniz də cavan idi. Sosial problemlər də çox idi. Bilmirdilər ki, uşaqların qeydinə qalsınlar, yoxsa oxusunlar, işləyib pul qazansınlar. Gecələr yuxusuz qalırdılar, kirayələrdə sürünürdülər. Dişlərində böyüdürdülər balalarını. “Pampers” yox idi. Uşaqlarının batırdıqları əskiləri qaynadıb, qurudub, ütüləyirdilər. İndiki kimi hazır kaşalar yox idi. Səhər tezdən növbəyə dayanıb, süd alıb, qaynadıb, “mannı kaşa” bişirirdilər. Süd çürüyəndə dilxor olurdular. Nə “Park bulvar” var idi, nə də “Meqafan”. Balaca övladları dondurma, yenicə satışa çıxan, 1 kiloqram ətin qiymətinə “Snikers” istəyəndə “Kıxx! Zəhərlidir”, “boğazınız ağrıyar” deyirdilər. Babalarınız, Nənələriniz beləcə atanızı, ananızı, dayı, əmi, bibi, xalalarınızı böyüdürdülər. İstədiklərini onlara verə bilmirdilər. Onları böyütdükcə çəkdikləri bu zəhmətin əvəzini də görmürdülər. Övladlar qədirbilən olmurlar. Hələ utanmaz-utanmaz üzlərinə də dururlar ki, “Sizdən xahiş eləyən var idi ki, bizi dünyaya gətirəsiniz? Gətirmisinizsə, deməli borcunuzdur – nə desək almalısınız”. Ta öz övladları – siz nəvələr dünyaya gələnəcən. Hamımız belə olmuşuq. Lap çox istədiyiniz babanız, nənəniz də… Siz də belə olacaqsınız.
Nəvələr, siz dünyaya gələni hər şey düzəlir. Tərəzinin mizanı tarazlanır. Atanız, ananız nəhayət başa düşürlər ki, babanız, nənəniz nələr çəkib: Başınızın üstündə laylay deyəndə. Siz soyuqlayıb qızdırmadan səhərəcən yatmayanda. Apteklərin qapısından əskik olmayanda. Həkimlərə yalvaranda. Siz “obba” deyib zəhlə tökəndə. Şkafları açıb içindəkiləri çölə vızıldadanda, divar kağızlarının üstündə şəkillər çəkəndə, əlinizə keçəni balkondan aşağı atanda, ayaqqabıları ağzınıza soxub yalayanda, sinifdəki uşaqlarla vuruşanda, bir valideyn kimi müəllimin qarşısında durub qızaranda, “ata, ana filankəsdə filan paltar var, mənimçün də alın” deyə ayağınızı bir başmağa dirəyəndə. Və sair, və ilaxır.
Siz bu dünyaya gəlişinizlə valideynlərinizə qədirbilənlik dərsi keçirsiniz. Babanız, nənəniz isə arzularına, istəklərinə çatırlar. Atanıza, ananıza uşaqlıqda verə bilmədiklərini, sizə verirlər. Ürəklərində qubar olan köhnə xatirələrini sağaldırlar: Dondurma da alırlar, şokolad da. Obbaya da aparırlar, xaricə də. Rəqs, üzgüçülük, rəsm dərnəkləri də öz yerində. Hələ Sizə öz doğma övladlarını, onların atasını, anasını söydürüb həzz də alırlar. Ad günlərinizi bahalı restoranlarda keçirirlər. Çoxlu-çoxlu şəkillər çəkdirirlər – Sizin həmişəlik yaddaşınıza həkk olunmaq üçün. Amma bilirlər ki, dəxli yoxdur. Baba, nənə ölür. Nəvə babanın, nənənin qəbri üstünə gəlmir. Qəbir də beləcə “yerlə yeksan” olur. Nə olsun ki, daşdan, qranitdəndir”.
Yazımı kövrək notlarla bitirmək istərdim. Amma, ərköyünlükdən qudurğanlığa olan bircə addımın izahını verməsəm yazım yarımçıq görünər. Biədəb üç nöqtə sözlərə görə üzr istəyirəm.
HAŞİYƏ: Günlərin bir günü baba nənəyə başlayır gileylənməyə:
Budur da, ay arvad, verdiyin tərbiyə. Nəvəni sən qudurtmusan. Nə istədi aldıq, başına dolandıq. O gün də gəlib nə desə yaxşıdır? Mənimçün maşın almasan sənin ağzını s…..m. Ay kişi, mənim nə taxsırım var. Özünsən günahkar. Uşaqlıqda nə edirdin, yadındadır? Nəvəni çılpaq götürürdün qucağına, “Duduşun ağzıma, duduşun ağzıma” deyə-deyə zümzümə edirdin, orasını öpə-öpə əzizləyirdin.Bu balam nə vaxt böyüyüb kişi olacaq?” deyirdin. Bəs bilmirdin ki, nəvaxtsa böyüyəcək. Yekə kişi olacaq. Duduşu da … çevriləcək? İndi taxsır özündədir, döz! (SON)
“Dövlətdə dəvə, övladda nəvə” Əli Həsənov da yaxşı babadır. Özünüz baba olanda başa düşəcəksiniz. Mənim kimi. Onun da, sizin də dövlətiniz, övladınız bol olsun, ey oxucular. Amma nəvə balaca olanda, xüsusilə də oğul nəvə, o mahnını oxumayın. Böyüyəndə başınıza oyun açar. P,S: Düzünü desəm, bu gün tərbiyəni ailə vermir. İnternet ailədən irəlidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?