Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları tərəfindən paytaxt ərazisində yol hərəkəti təhlükəsizliyinin və ictimai asayişin təmin edilməsi məqsədi ilə təşkil olunan reydlər davam etdirilir.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, paytaxt ərazisində keçirilən sonuncu reyd, əsasən, avtomobili sərxoş vəziyyətdə idarə edən, polisin qanuni “saxla” əmrinə tabe olmayan, avtoxuliqanlıq edərək başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan və digər ciddi qayda pozuntuları törədən sürücülərə qarşı yönəlib. Reyd zamanı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün Nərimanov rayonu ərazisində saxlanılan “Mercedes” markalı avtomobilin sürücüsü məsuliyyətdən yayınmağa çalışaraq nəqliyyat vasitəsini qoyaraq qaçmağa üstünlük verib. Avtomobildə olan sürücünün qohumu isə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına daş parçası ilə hücum etməkdən belə çəkinməyib. Sərxoş sürücünün idarə etdiyi avtomobildə sərnişin qismində azyaşlı uşaqlar da olub. Digər bir sərxoş sürücü Nizami rayonu ərazisində saxlanılıb. “Lexus” markalı bu avtomobilin sahibi içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün sürücü barəsində müvafiq protokol tərtib edilib. Bundan əlavə, polisin qanuni saxlama əmrinə tabe olmayaraq avtoxuliqanlıq hərəkətləri edən sürücülər də müəyyən edilib. Belə sürücülərdən biri Xətai rayonu ərazisində polisə tabe olmayaraq idarə etdiyi “Daewoo” markalı avtomobillə qaçmağa cəhd etsə də, görülən tədbirlər nəticəsində saxlanılıb. Araşdırma zamanı sürücü Minar Qəhrəmanovun avtomobili spirtli içki qəbul edərək idarə etdiyi məlum olub. Sürücü sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün tibb məntəqəsinə aparılsa da, o, müayinə olunmaqdan imtina edib. Həmçinin reyd zamanı sutkanın qaranlıq vaxtında motosikletlərə əlavə səsgücləndirici vasitələr quraşdıraraq insanların istirahətinə maneçilik törədən sürücülər də saxlanılıb. Belə motosiklet sürücülərindən biri Nadir Rzayev saxlanılan zaman onun nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına müdaxilə edərək kustar üsulla düzəltdirdiyi məlum olub. Eyni zamanda reyd zamanı barələrində elektron qaydada tərtib edilən cərimələri ödəməyən sürücülər də müəyyən edilərək barələrində müvafiq tədbir görülüb. Ümumilikdə reyd zamanı 350-dən artıq sürücü barəsində inzibati protokol tərtib edilib, 70 avtomobil isə mühafizə olunan müvəqqəti cərimə dayanacağına yerləşdirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?