Azərbaycan xalqının tarixi qəhrəmanlarına qarşı bəzi qüvvələr tərəfindən yürüdülən çirkin kampaniya çərşivəsində növbəti hədəf Qaçaq Nəbi və onun həyat yoldaşı Həcərdir. Bir çox “tədqiqatçılar” rus, erməni mənbələrinə istinadən Nəbinin kürd olduğunu, Həcərin həyat yoldaşının ölümündən sonra bir neçə dəfə ərə getdiyini, həm də erməni ilə ailə qurduğunu iddia edirlər.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Publika.az-a müsahibəsində Qaçaq Nəbi və onun silahdaşı, həyat yoldaşı Həcər haqqında yayılmış bütün saxta iddiaları alt-üst etdi. O, öncə qeyd etdi ki, Həcərin Nəbinin öldürülməsindən sonra guya erməniyə ərə getməsi haqda xəbəri ilk dəfə Rusiya mətbuatı yayıb: “Bu, ötən əsrin 70-ci illərinə təsadüf edir. Daha sonra gürcü mətbuatı Nəbiyə qarşı əks-təbliğata başladı. Təəssüf ki, sonralar bizim bəzi tədqiqatçılar da rus, gürcü mətbuatında Nəbi və Həcər haqqında dərc olunmuş böhtanları yayımlamağa başladılar. Həcərə qarşı çirkin təbliğat qəhrəman qadın obrazlarının məhvinə, yaddaşlardan silinməsinə hesablanıb. Onun sözlərinə görə, Həcər barəsində böhtanları çap edən bəzi tədqiqatçılarımız özləri də bilmədən bununla saxta erməni təbliğatına yardım edirlər: “Nəbinin həyatı və mübarizəsi barədə tədqiqat aparmış, qəhrəmanımızın müasiri olmuş, onu yaxından tanımış Bəhlul Becət 70-ə yaxın arxiv sənədindən istifadə edərək apardığı araşdırmaları ilə qeyd edir ki, Həcər yalnız qonşusu Həmzə ilə ailə qurub. Həmzə həmin vaxtlar həyat yoldaşı ölmüş dul kişi idi. Bəzi mənbələr isə Həcərin ailə qurmadığını yazırlar. Təəssüf ki, Qaçaq Nəbiyə qarşı aparılan saxta təbliğat bununla yekunlaşmır. Bir çoxları onun guya kürd olduğunu iddia edirlər. Nəbinin yaşadığı Mollu kəndinin sakinlərinin kürdlərlə heç bir bağlılığı yoxdur. Ümumiyyətlə, son illər xalqımızın tarixi şəxsiyyətlərinə qarşı çirkin kampaniya həyata keçirilir. El qəhrəmanlarını, igidləri məqsədli şəkildə gözdən salmağa çalışırlar”. Nəbinin atası Alı kişi düzgünlük sevən insan olub. Bir dəfə Alı kişi yerli bəylərdən biri ilə mübahisə edir: “Bəy ona deyir ki, eşşək nə qədər yeyirsə, yenə də dərisinə sığmır. Siz kasıblar da eşşək kimisiniz. Bu sözlər Alı kişinin xoşuna gəlmədəyindən bəylə mübahisə edir. Buna görə də onu döyür və təhqir edirlər. Bu təhqir Alı kişinin həyat yoldaşının gözləri qarşısında baş verib. İrandan kəndə qayıdan 16 yaşlı Nəbi bunları eşitdikdə hirslənir və bəyi öldürür. Həmin gündən Nəbinin qaçaqçılıq həyatı başlayır. Lakin o, bir müddət təkbaşına fəaliyyət göstərir. Təkbaşına mübarizənin effekt verməyəcəyini başa düşən Nəbi ətrafına bir neçə igid toplayaraq dəstə qurur”. Qaçaq Nəbi Türkiyə, İran, Gürcüstan ərazilərində xalq arasında çox böyük nüfuza malik idi. Bu səbəbdən həmin ölkələrə rahat gedib-gəlirdi: “Nəbi Güney Azərbaycanda haqqı tapdanan kasıblara, yoxsullara çox köməklik edib. Gürcüstana gedəndə zülmkarlar ondan çəkinirdilər. Gürcüstan, İran və Türkiyədə Nəbi haqda xeyli sənədlər, faktlar mövcuddur. İranda da qaçaq dəstələrinə kömək edir, kazaklardan aldıqları silahları onlara paylayardılar. Nəbinin İranda ailəsi vardı. Hətta qohumları hazırda orada yaşayırlar. Onlar üç-dörd dəfə Bakıya gəliblər”. Nəbini xalq arasında məşhur edən bir olayı xüsusi vurğulamaq yerinə düşür: “Bir dəfə eşidir ki, hansısa bəyin oğlu kənddə kasıb ailədən olan qızın namusuna sataşıb. Nəbi dərhal kəndə gedərək həmin şəxsi öldürür. Bundan sonra hamı ona xalqın namusunun təəssübkeşi kimi baxır. Kim hansı haqsızlıqla üzləşsəydi, Nəbiyə müraciət edərdi”. O hətta bir dəfə kasıb ailədən olan oğlana toy etmək üçün pul vermişdi. Nəbi heç kimi naümid qoymazdı: “Çox zəhmli kişi olub. O, ortaboylu, dolubədənli, sərt, eşməbığlı adam imiş. Arxiv sənədlərindən birində Soso Cuqaşvilinin (İosif Stalinin-müəl.) Nəbinin ölümündən bir neçə il sonra Azərbaycandakı qaçaqlara bolşeviklərə qoşulmaları təklifi haqda faktlar var. Soso bununla bağlı təklifi bütün qaçaqlara edib. Nəbi hər kəsi dəstəsinə götürməzdi. Burada ancaq inanılmış qaçaqlar toplaşmışdılar. Nəbi yalnız inandığı adamları dəstəsinə cəlb edirdi. Bir maraqlı faktı da qeyd edim ki, onun dəstəsinin üzvlərinin sayı az idi. Bununla bağlı rəqəmlər müxtəlifdir. Bəzi mənbələrdə dəstə üzvlərinin sayının 18-25 olduğu bildirilir. Lakin onlar yaxşı döyüşçülər idi. Həmin səbəbdən də nizami ordunun əsgərlərinə inadlı müqavimət göstərə bilirdilər”. Dəstə üzvləri arasında Həcərlə yanaşı, bacısı Mehran xanım da olub: “Mehran xanım bir müddət qaçaqlara qoşularaq döyüşüb. O, sərrast atmağı bacaran döyüşçülərdən imiş. Nəbi qətlə yetirildikdən, dəstə üzvləri dağılışdıqdan sonra Mehran xanım da sakitliyə çəkilib. Səhv etmirəmsə, onun indi Sumqayıtda qohumları yaşayır”. Qaçaq Nəbinin özünəməxsus ənənəsi vardı: “O, əsgəri öldürmürdü. Çalışırdı ki, əsgər itkisi olmasın. İlk atəşi atın ayağı altına atırdı ki, heyvan hürküb yıxılsın. Bununla da əsgərə “səni öldürmək istəmirəm” xəbərdarlığını edirdi. Bir dəfə əsgərlər Nəbini həbs etməyə gəlirlər. O bildirir ki, heç kimi öldürmək istəmir. Lakin kazaklar Nəbidən əl çəkmir. Belə olduqda xalq qəhrəmanı üstünə gələn əsgərlərdən birinin atına atəş açır. Kazak qorxub geri çəkilir. İkinci əsgər Nəbinin üstünə gələndə el qəhrəmanı onun da atına atəş açaraq heyvanı hürküdür. Kazaklar Nəbini həbs edə bilməyəcəklərini başa düşüb gedirlər”. Nəbi nadir hallarda adam öldürərdi: “Bunlar kiminsə namusuna sataşan, kasıbın haqqını yeyən şəxslər olardı. O, bəyin, mülkədarın, yaxud onların övladlarının hansısa kənddə kasıbların namusuna sataşması barədə xəbər eşitdikdə həmin şəxsləri dərhal güllələdərdi, onlara aman verməzdi”. Bu səbəbdən də xalq onu sevirdi: “Nəbinin dostları həddən artıq çox idi. Günlərlə onların evində qonaq qalardı. Qeyd edim ki, Qaçaq Nəbinin həyatı barəsində film çəkiləndə yaradıcı heyətin işinə maneçilik törətməyə başladılar. Moskvada, Mərkəzi Komitədə çalışan ermənilərdən biri hər vəchlə filmin çəkilməsinə, sonra isə ekranlara çıxmasının qarşısını almağa çalışırdı. Buna səbəb filmdə ermənilərin qorxaq, savadsız kütlə kimi təqdim edilmələri idi. Onlar “Atları yəhərləyin” filmindən Moskvaya şikayət məktubu göndərmişdilər. Filmdə rejissorun çox gözəl bir oyunu vardı. Lakin maneçiliklərdən və təzyiqlərdən sonra “Atları yəhərləyin”dəki Arzumanyan obrazı, bəzi səhnələr filmdən çıxarılır. Lakin filmin Moskva tərəfindən təsdiqlənilməsi xeyli vaxt apardı. Filmdə Nəbi ilə Həcərin toyuna heç kimin gəlməməsini əks etdirən epizod saxtadır. Onların toyunda xeyli qonaq iştirak edib. Nəbinin Həcərə can borcu vardı. Çünki döyüşlərdən birində qadın onun həyatını ölümdən xilas etmişdi. Bundan sonra onların aralarında sevgi münasibətləri yaranıb və bu, evliliklə nəticələnib”. Nəbinin mübarizəsinə Səlim bəy son qoyub: “Səlim bəy özü də pis adam olmayıb. Lakin bu rəisin Nəbi ilə münasibətləri düşmənçilik prinsiplərinə əsaslanırmış. O, Nəbini özü öldürə bilmədiyindən dəstənin bəzi üzvlərini müxtəlif vasitələrlə öz tərəfinə çəkərək Nəbinin yaxın adamlarını ələ alıb. Onlardan biri Səlim bəy tərəfindən toxunulmazlıq vədi aldıqdan sonra silahı yerə qoyub. Ələ alınan başqa bir qaçaq Nəbinin qardaşı Mehdini ələ verib. Nəbi hara gedirdisə, qaçaqlardan biri onun yeri haqda Səlim bəyin adamlarına məlumat ötürürdü. Bəzi silahdaşları isə ailə üzvlərinin hədələnməsi səbəbindən Nəbidən uzaqlaşıblar. Beləcə, Nəbinin ətrafındakı insanlar ondan ayrılıblar. Qaçaq Nəbinin əsas düşməni isə Arzumanyan adlı erməni olub. Arzumanyan qubernatorun yaxın adamlarından idi. El qəhrəmanı ermənilərin Azərbaycan xalqına qarşı düşmənçilik aparmalarından xəbərdar idi. O, həyatında heç vaxt hər hansı erməninin evində qonaq olmayıb, onlarla çörək kəsməyib”. Onun ölümü ilə bağlı müxtəlif versiyalar mövcuddur: “Bir versiyaya görə, Nəbi qardaşını dəfn etdikdən sonra ətrafındakı şəxslərdən biri onun yeri haqda Səlim bəyə xəbər verib. Buna görə də kazak dəstəsi kəndə gəlir. Atışma zamanı Nəbi öldürülür. Digər versiyaya görə, Nəbini yaxın adamlarından biri yatdığı yerdə qətlə yetirib. El qəhrəmanını öldürmüş şəxs külli miqdarda pul mükafatı alıb. Həmin şəxsin adı mənbələrdə Allahverdi kimi qeyd olunur. Lakin bu da dəqiq ad deyil. Bəlkə də, uydurma addır. Nəbi öldürülsə də, Həcər bir müddət dəstəyə başçılıq edib. Lakin sonralar o da silahı yerə qoyub. Həcərin sonralar xalçaçılıqla məşğul olması haqda məlumatlar var.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?