İşğalçı Qarabağla bağlı növbəti görüş ərəfəsində də təxribatlara əl atdı; ekspert: “Şeyx Dilqəm və Şahbazın azad olunmasına çalışmalıdır”
Bu gün Moskva Qarabağla bağlı daha bir görüşə ev sahibliyi edəcək. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və bütün ermənilərin katalikosu II Qaregin arasında görüş keçiriləcək. Görüşün təşəbbüskarı isə bütün Rusiyanın və Moskvanın patriarxı Kirilldir.
QMİ-nin mətbuat xidmətindən bildirilib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılacaq. Kirillin mətbuat katibi Aleksandr Volkov görüşün Müqəddəs Danil monastrında keçiriləcəyini deyərək, din xadimlərinin və dindarların səylərinin regionda vəziyyətin yaxşılaşmasına kömək etdiyini vurğulayıb.
“Bu görüş planlaşdırılmış xarakter daşıyır və son bir neçə ilin mövzusudur. Erməni katolikosu və Azərbaycan şeyxülislamı arasında belə görüşlər hələ Patriarx II Alekseyin vaxtından keçirilir. Patriarx Kiril bu sülhməramlı kursu davam etdirir. Bu formatda sonuncu görüş 2011-ci ildə olub. Əvvəllər olduğu kimi, bu görüş də sülhməramlı xarakter daşıyacaq və Cənubi Qafqazda sülhün tezliklə bərpa edilməsinə yönəldilib” - Volkov əlavə edib.
Əslində son illərin müşahidələri, Ermənistanın davranışları onu deyir ki, Kirillin təmsilçisinin nikbinliyi üçün elə də ciddi əsas yoxdur. Çünki indiyədək dini liderlərin görüşləri Qarabağla bağlı hər hansı müsbət dönüşə gətirib çıxarmayıb. Məşhur misalı xatırlasaq, bir daha sübut olunub ki, “Quran” oxumaqla donuz darıdan çıxmadığı kimi, dini liderlərin görüşü, tövsiyələri nəticəsində Ermənistan işğala son qoymayacaq. Düzdür, konfliktin kökləri çox dərinlərə işləyib və beynəlxalq səviyyəyə qalxıb. Bu mənada dövlət başçılarının həll edə bilmədiyi, yaxud həll etmədiyi on illərin münaqişəsini dindarların çözəcəyinə ümid etmək də sadəlövhlük olar. Lakin indiyədək keçirilən bu görüşlərdə ən azı insani, humanizm məsələlərinə önəm verilə, bir sıra addımlar atıla bilərdi.
Lakin göründüyü kimi, bu da baş verməyib. Ermənistan ordusu bu ilin yayında 2 yaşlı Zəhranı və nənəsini öz evində qətlə yetirməklə bir daha insanlıqdan kənar hisslərə kökləndiyini sübuta yetirdi və Qaregindən bu hadisələrə münasibət belə eşitmədik. Bölgədəki bu müharibə alovunu söndürmək istəyən dini lider ən azı bu vandalizmi pisləməli, işğala qon verilməsinə, xalqların sülh şəraitində yaşamasına mane olan bütün əngəllərin aradan qaldırılmasına çağırış etməliydi. Bax, o halda Qareginlə görüşdən nə isə gözləmək olardı. Ancaq Azərbaycan ərazilərinin işğal olunması planının arxasında həm də erməni kilsəsinin dayandığını hər kəs bilir. Hətta Ermənistanda anlayırlar ki, hakimiyyət hansısa güzəştli sülhə imza atarsa, o halda ilk olaraq erməni kilsəsinin qəzəbinə tuş gələcək.
Məsələ burasındadır ki, ermənilərin Qarabağa iddialarının əsasında daha çox kilsə amili dayanır. Belə ki, ermənilər qədim alban kilsələrini “özününküləşdirərək” bu ərazilərdə qədimlərdən məskunlaşdıqlarını iddia edirlər, bununla da Qarabağa köçürülmələrinin 150 illiyini sübut edən (1978-ci ildə qoyulmuş) abidənin izlərini itirməyə çalışırlar.
Elə son günlər Ermənistan rəhbərliyinin Qarabağdakı həyasız hərəkətlərinə ilk dəstək verənlər də kilsə nümayəndələri oldu. Ermənistandan Qarabağa açılan avtomobil yolunun - Vardenis-Ağdərə - açılış mərasimində Serj Sərkisyanla yanaşı, erməni rahibləri gördük. Yaxud Sərkisyan görüşlərdə iştirakdan sonra kilsəyə - əslində qədim alban kilsəsinə - gedərək orada şam yandırdı. Elə işğalçı Ermənistan hakimiyyətinə və Qarabağdakı separatçılara daim dayaq olan erməni kilsələrindəki “kərtənkələ”lərdir, məhz onlar işğalı stimullaşdırır, yeri düşəndə “sülh göyərçini” libasında görünməyə çalışırlar. Məsələn, Qaregin gerçəkdən sülh tərəfdarıydısa, Moskva görüşündən qabaq 2014-cü ilin iyulunda Kəlbəcərdə, öz dədə-baba yurdunda girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması barədə öz hakimiyyətinə müraciət edə bilərdi. Bunu etmədisə, görüşdən sonra belə bir çağırışda bulunacaqsa, yenə də onunla bağlı nəsə müsbət fikir söyləmək olar. Ancaq yuxarıda qeyd etdiyimiz müşahidələr onu deməyə əsas verir ki, erməni dindarlar bir çox hallarda Xocalı qatili olan Sərkisyan kimilərdən Qarabağ məsələsinə münasibətdə heç nə ilə fərqlənmirlər.
Minsk Qrupunun keçmiş rusiyalı həmsədri Vladimir Kazimirovsa “Sputnik Armenia” agentliyinə açıqlamasında deyib ki, tərəflər arasında siyasi ziddiyyətlərin kəskin olduğu bir vaxtda dini liderlərin görüşü ümid yaradır. “Dini liderlərin Azərbaycan və Ermənistanın ictimai həyatına təsiri nəzərə alınmaqla onların Patriarx Kirillin vasitəçiliyi ilə görüşməsini ancaq alqışlamaq olar. Bu görüş daha da tam olardı, əgər kilsə həqiqi müstəqil institut olsaydı” - Kazimirov deyib. Keçmiş rusiyalı diplomat bildirib ki, 1991-1994-cü illərdə Rusiyanın vasitəçilik missiyası zamanı münaqişə tərəflərinin dini liderləri arasında təmaslara xüsusi əhəmiyyət verilirdi. “Mən bu missiyanın rəhbəri kimi dəfələrlə dini liderlərlə, o cümlədən indiki patriarx Kirillə görüşmüşəm” - o deyib. Kazimirov əlavə edib ki, tərəflər arasında siyasi ziddiyyətlər, gərginlik kifayət qədər yüksək və təhlükəli olaraq qalır. “Ona görə də dini liderlərin görüşü bir az da olsa ümid yaradır. Onlara uğur arzu edirik!” - Kazimirov əlavə edib.
Ermənistan İctimai Şurasının rəhbəri Vazgen Manukyan isə qeyd edib ki, indiki situasiyada münaqişə tərəfləri arasında istənilən səviyyədə təmas ziyan yox, xeyir gətirə bilər. “Mən həmişə onun tərəfində olmuşam ki, istər ictimai qüvvələr, istər hökumət və ya dini liderlər arasında təmaslar olmalıdır. Hər görüş özündə müsbət element ehtiva edir. Ona görə də mən bu cür görüşləri alqışlayıram” - Manukyan bildirib. Onun sözlərinə görə, tək belə görüşlə problem həll olunası deyil, amma bu cür görüşlər tərəfləri həllə yaxınlaşdırır.
İrəvan Dövlət Universitetinin teologiya fakültəsinin müəllimi Vardan Xaçatryan isə deyir ki, Qarabağ münaqişəsində dini zəminin olmaması müsbət amildir. “Arzuolunandır ki, münaqişədə heç bir halda din istifadə olunmasın. Axı bu münaqişə Azərbaycan rəhbərliyi ilə onun vətəndaşları arasında başlayıb” -Xaçatryan deyir. Onun fikrincə, dini liderlərin görüşü sülhə ancaq kömək edə bilər.
Erməni və rus ekspertlərdən fərqli olaraq, Azərbaycanda bu görüşlə bağlı ümidverici gözləntilər yoxdur. Əslində Azərbaycan münaqişənin dinc yolla çözülməsi üçün hər şeyi edib və edir. Lakin qarşı tərəfin təxribatları bitib-tükənmək bilmirsə, bunun hesabını məhz Qaregin öz ölkəsinin başında dayanan canilərdən soruşmalıdır. Bu gün Bakıda 30 mindən artıq erməninin yaşadığını, Bakıdakı erməni kilsəsində minlərlə dini ədəbiyyatın qorunduğunu Qaregin əsas arqument kimi S.Sərkisyan hakimiyyətinin gözünə soxaraq deməlidir ki, Qarabağda azərbaycanlı və erməni əhalinin birgəyaşayışının mümkünsüzlüyü barədə iddianız tam yalandır. Ancaq o, bunu etmir, çünki özü də Qarabağın işğalında maraqlı personadır.
Düzdür, erməni tərəf Qarabağla bağlı irəliləyişlərin anonsunu edib. “Yaxın zamanlarda Qarabağ məsələsi ilə bağlı ciddi hadisələr olacaq, lakin hansı hadisələr, bunu proqnozlaşdırmaq çətindir”- Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan deyib. Lakin bu nikbinliyi elə eyni gündə Qarabağ separatçılarının davranışları alt-üst etdi. Belə ki, Qarabağdakı rejimin başçısı Bako Saakyan yayda keçirdiyi qondarma “prezident seçkisi”nin nəticəsini “rəsmiləşdirmək” üçün 7 sentyabrda “and içdi”. Əslində bunun bir oyun olduğunu, ciddiyə alınmadığını hər kəs bilir. Lakin balacaların bu oyununun arxasında böyük güclərin dayandığı da sirr deyil, əks təqdirdə, onlar belə cürət edə bilməzdilər. Necə ki, Qarabağdakı “ordu”nun zabiti Azərbaycan ordusunun dəfələrlə güclü olduğunu etiraf edir. Ancaq bununla belə, Ermənistan Müdafiə Nazirliyinin rəsmisi hələlik Rusiyanın köməyinə ehtiyac duymadıqlarını iddia edir. Şübhəsiz ki, bu cür açıqlamalar və davranışlar başqa bir atalar sözünü-“arxalı köpək qurd basar”ı yada salır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da “Yeni Müsavat”a dedi ki, 8 sentyabr görüşündən ciddi nəticə gözləmir: “Dini liderlərin görüşündə Allahşükür Paşazadə Dağlıq Qarabağda girov saxlanılan iki vətəndaşımızın azad olunmasına çalışmalıdır. Razılaşma əldə olunacağına ümidim az olsa da, hər halda, məsələni erməni katolikosu qarşısında qaldırmaq lazımdır. Elə etmək lazımdır ki, görüşü təşkil edən rus pravoslav kilsəsinin rəhbəri də bu məsələyə münasibət bildirsin. Əks halda, dini liderlərin görüşünün ciddi əhəmiyyəti olmayacaq. İki girovumuzun azad olunması isə konkret nəticə olar və bu amil Allahşükür Paşazadənin də ümumi işə verdiyi əsas töhfə sayılar”. Bu ümidsizliyə əsas verən arqumentlər isə kifayət qədərdir. Əgər Ermənistan və Qarabağ separatçıları sülh danışıqlarına önəm versəydilər, o halda ən azı sentyabrda gözlənilən dini liderlərin Moskva və XİN başçılarının Nyu-York görüşünədək sakit oturardılar. Lakin onlar nəinki sakit oturmur, hətta bugünlərdə Laçın rayonunda süni məskunlaşma işlərini davam etdirir, su layihələrini gerçəkləşdirirlər. Bütün bunlar Azərbaycanı savaşa çəkməyə xidmət edir.
Digər tərəfdən, Ermənistan həyasızcasına Azərbaycanın AŞ PA-dakı mandatının dondurulması məsələsini qaldıracaqlarını deyir, Qarabağ separatçıları isə BMT-də Bakıya qarşı “Qarabağı izolyasiyada saxlaması ilə bağlı” (!) iddia qaldırılacağını bildirirlər. Bütün bunlar sülhə yer qoymur. BMT-nin 4 qətnaməsini yerinə yetirmək əvəzinə, Azərbaycana qarşı absurd iddialar qaldıran tərəf sülh danışıqlarına, sadəcə, status-kvonu qoruyub-saxlamaq naminə gedir, bu, şübhəsizdir!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?