Azərbaycanda dana və quzu ətinin bahalaşmasının at və eşşək ətinin satış arealının genişlənməsinə rəvac verdiyi bildirilir. 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiyalarından əvvəl 7 manat - 7 manata 50 qəpiyə satılan dana əti hazırda 11 manat 50 qəpik - 12 manata, 8 manat-8 manat 50 qəpiyə satılan quzu əti isə 12-13 manata təklif edilir.
Son bir ildə Daxili İşlər Nazirliyi və Dövlət Baytarlıq Nəzarəti Xidməti əməkdaşlarının Bakıda və bölgələrdə keçirdikləri reydlər zamanı sağlamlığa yararsız tonlarla at və eşşək əti aşkarlanıb. Qeyri-rəsmi məlumatlara görə, son vaxtlar kafe, restoran, şadlıq sarayları və dönərxanalarda ucuz qiymətə alınmış leş ətlər, at-eşşək ətlərindən istifadə halları artıb. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib ki, bu sahədə problem hələ də qalmaqdadır: “Keçən ilin aprel-may aylarında Daxili İşlər Nazirliyi at, eşşək ətinin insanlara yedizdirilməsinin qarşısını alıb. Amma problem hələ də qalmaqdadır. Anormal haldır ki, həmin vaxt müvafiq qurumların rəsmiləri at, eşşək ətinin üzərində adı yazılmaqla əhaliyə satılmasında heç bir qəbahət olmadığını açıqladı. Qəribədir ki, bu kimi hallar aşkarladıqda həmin şəxslər cərimə edilib, buraxılır. Ona görə Azad İstehlakçılar Birliyi daim təklif edir ki, Baytarlıq İdarəsi bu istiqamətdə mübarizəni Daxili İşlər Nazirliyi ilə birgə həyata keçrisin. Bu sahədə ən effektiv işi DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır. Hazırda belə halların kökü kəsilməyib”. AİB sədri qeyd edib ki, xüsusilə ətin bahalaşmasından sonra restoranlarda, kafelərdə, dönərxanlarda at-eşşək ətinin əhaliyə yedizdirilməsi halları artıb: “Bu cinayətkarlar bilməlidir ki, at-eşşək əti Azərbaycan üçün ənənəvi qida deyil. Bu bizim düşmənlərimizin əlinə yaxşı imkan verəcək ki, desinlər azərbaycanlılar vəhşi xalqdır, eşşək əti yeyirlər. Bu anomal haldır, qarşısı alınmalıdır”. Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib ki, bu istiqamətdə nəzarət tədbirləri davam edir: “Bu kimi hallar qeydə alındıqda laborator müayinələr aparılır və kütləvi informasiya vasitələrinə məlumat verilir. Hələ ki, bu istiqamətdə sabitlikdir”./modern.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?