Mehman Əliyev: “Bu, onu göstərir ki, qərar siyasidir”
Sərdar Cəlaloğlu: “Bu, ölkədə hüququn işləmədiyini, hər şeyin göstərişlə olduğunu sübut edir”
Arif Hacılı: “Bu gün hakimiyyətin siyasi qərarları bir mərkəzdən verilmir”
Vergilər Nazirliyinin Bakı şəhər lokal gəlirlər departamenti “Turan” agentliyinə qarşı 2014-2015-ci illər üçün 37 min manat məbləğində vergi sanksiyalarını bərpa edib. Belə ki, sentyabrın 18-də “Turan” agentliyinin ünvanına Vergilər Nazirliyindən 15 sentyabr tarixli üç məktub daxil olub. Məktublarda yazılıb ki, agentliyin 27 253 manat məbləğində ödənilməmiş borcu var və ödənilməmiş borcun faizi olaraq, əlavə 9 294 manat da ödəniş edilməlidir. Saytın elektron poçtuna da Vergilər Nazirliyindən eyi məzmunda məktub daxil olub. Halbuki, sentyabrın 12-də elə nazirliyin elə həmin departamentindən “Turan” agentliyinin ünvanına 11 sentyabr tarixli üç məktub daxil olmuşdu. Həmin məktublarda deyilirdi ki, agentliyin vergi borcu və ödəniləcək hər hansı bir cəriməsi yoxdur.
“Vergilər Nazirliyi belə işləyirsə, onda hamısı istefa verməlidirlər”
Vergilər Nazirliyinin sanksiyaların bərpa edilməsi ilə bağlı qərarına münasibət bildirən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Hurriyyet.org-a deyib ki, bu, siyasi qərardır: “Bu, onu göstərir ki, qərar siyasidir. Mən əvvəldən demişəm ki, bu siyasidir. Bu da növbəti dəfə sübut etdi ki, bu qərarın arxasında siyasi qərarlar var. Vergilər Nazirliyi belə işləyirsə, onda hamısı istefa verməlidir. Mən bilmirəm, nə baş verir. Bu, anormallıqdır. Məncə, ölkədə belə bir şeyi heç kəs müşahidə etməyib”.
“Bu, dövlət üçün ciddi bir problemdir”
Maraqlıdır, Vergilər Nazirliyinin bu qərarı prezidentin iradəsinə qarşı çıxmaq deyil? Bu sualı M.Əliyev aşağıdakı kimi cavablandırdı: “Prezident vergilərlə bağlı qərar verməyib ki, deyək, o prezidentə aiddir. Mən onu belə deməzdim. Ancaq fakt odur ki, Vergilər Nazirliyi özlərinin verdiyi qərarı sonradan ləğv edirlər. Heç demirlər ləğv eləyiblər. Sadəcə olaraq yeni qərar verirlər. Əslində, onda deməli idi ki, o qərarı ləğv edirəm, təzədən edirəm. Bizim hesablar ayın 11-dən sonra açılmışdı. Bu təsdiq edir ki, qərar var idi, yəni elə-belə deyildi. Anormal bir vəziyyətdir. Bu, dövlət üçün ciddi bir problemdir. Yəni sistem işləmir, pozulub”.
“Mehmanın nə tutulmasının, nə azad edilməsinin, nə də Vergilər Nazirliynin bu hərəkətlərinin hüquqa aidiyyatı yoxdur”
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə güman edir ki, xaricdə korrupsiyanın ifşa olunması ilə bağlı hakimiyyət bir təlaşa düşdü: “Əvvəl bu addımları atdılar ki, korrupsiya ilə bağlı faktlar davam etməsin. Amma sonradan görəndə ki, Avropa Parlamenti bu barədə cinayət işi qaldırdı, artıq Avropa bu işi təqib etməkdən dayanmır, ona görə də təzədən Mehmana qarşı bu təzyiqi tətbiq etdilər. Əslində, nə onun tutulmasının, nə azad edilməsinin, nə də Vergilər Nazirliynin bu hərəkətlərinin hüquqa aidiyyatı yoxdur. Bu, tamamilə ölkədə hüquqün işləmədiyini, hər şeyin tapşırıqla, göstərişlə işlədiyini, hüquqün “bespredel” olduğunu subut edir”.
“Azərbycan hakimiyyətində ikitirəlik və ya çoxtirəlik mövcuddur”
Müsavat Partiyasının sədri Arif Hacılınin fikrincə, açıq-aydın görünür ki, Azərbycan hakimiyyətində ikitirəlik və ya çoxtirəlik mövcuddur: “Qəbul olunan siyasi qərarların bəzən bir-birinə daban-dabana zidd olmasının səbəbi də budur. Mehman Əliyevin həbsi də, onun azadlığa buraxılması da, “Turan” İnformasiya Agentliyi ilə əlaqədar Vergilər Nazirliyinin indiyədək olan fəaliyyəti, yoxlamaların ləğv olunması, sonra bərpa olunması - bütün bunlar siyasi qərarlardır. Görünən odur ki, bu gün hakimiyyətin siyasi qərarları bir mərkəzdən verilmir. Görünür, hakimiyyət içində bu məsələlərə yanşmada ciddi fərqlər olan güc mərkəzləri formalaşıb”./muxalifet.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?