Çərşənbə axşamı Həmas Fələstin prezidenti Mahmud Abbası islamçı militant qrupun on il əvvəl ələ keçirdiyi Qəzzəyə nəzarəti bərpa etmək məqsədilə əraziyə rəsmilərini göndərməyə çağırıb.
Həmas lideri İsmail Haniye qrupun hakimiyyəti Qərbin dəstəklədiyi fələstinli liderə qaytarmaq barədə ciddi olduğunu deyib və onu “real addımlarla” cavab verməyə çağırıb.
Həmas Abbasın ən böyük tələbatına cavab olaraq son aylarda Qəzzəni idarə edən mübahisəli komitəni ləğv edəcəyini bildirib. Onlar həmçinin hökümətin bütün funksiyalarını Abbasa təhvil verməyə və Qəzzə ilə İordan çayının qərb sahilində seçki keçirməyə hazır olduğunu deyir.
Həmas illərdir davam edən İsrail-Misir blokadası, elecə də son zamanlarda Abbasın iqtisadi təzyiqləri səbəbilə maddi çətinliklər yaşayır.
Militant qrup 2006-cı ildə qanunvericilik seçkisində qalib gəlib, bir il sonra isə Qəzzə zolağının nəzarətini Abbasın qüvvələrindən alaraq fələstinli prezidentin nəzarətində İordan çayının qərb sahilindəki muxtar anklavları buraxıb.
Bundan öncə çəkişmələrə son qoymaq cəhdləri heç bir nəticə verməyib və Qəzzədəki təhlükəsizlik kimi bəzi məsələlərə hələ də həll tapılmayıb. Həmasın minlərlə silahlı döyüşçüsü, habelə raket və minomyot mərmilərindən ibarət böyük hərbi arsenalı var. Qrup hər zaman tərksilah olmaq və ya əsgərlərini Abbasın nəzarətinə keçirmək çağırışlarını rədd edib.
Bazar günü Nyu Yorka Baş Assambleyanın iclasına yola düşən Abbas isə Həmasın bu niyyətini xoş qarşılayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?