Spiker Oqtay Əsədovdan ATƏT rəsmisinə sərt təpki: “Tərəfli mövqe tutan insanların bu cür postları tutması səviyyəsizlikdir”
Oktyabrın 2-də Milli Məclisin payız sessiyası öz işinə başladı. Spiker Oqtay Əsədov deputatları və media təmsilçilərini salamladıqdan sonra Dövlət Himni oxundu. Giriş nitqi ilə çıxış edən spiker dedi ki, yaz sessiyasının 14 iclasında 268 qanun və qərar qəbul edilib. Həmçinin 33 ölkəyə 90-dan çox nümayəndə göndərilib, eyni zamanda 34 ölkənin 70-dən çox nümayəndə heyəti Milli Məclisdə qəbul edilib. Milli Məclisin xətti ilə Bakıda 4 beynəlxalq təşkilatın iclası keçirilib. Bundan sonra gündəlik ətrafında müzakirələr başlandı.
Deputat Siyavuş Novruzov çıxışını siyasi partiyalarla bağlı təkliflə başladı: “Mən bir neçə dəfə siyasi partiyaların maliyyə hesabatları ilə əlaqədar məsələ qaldırmışam. Bu yaxınlarda ATƏT rəsmisi ilə görüşdə də o, QHT-lərlə bağlı bir neçə məsələ qaldırdı. Söhbət xaricdən qrant alınmasından gedir. Görünür, o, məsələnin mahiyyətini düzgün başa düşməyib. İstənilən QHT xaricdən qrant ala bilər, amma o, maliyyə hesabatı verməlidir. O cümlədən ”Siyasi partiyalar haqqında" Qanuna maliyyə hesabatı verməyənlərlə bağlı dəyişiklik edilməlidir".
O qeyd etdi ki, bir qrup partiya hesabat verməkdən boyun qaçırır: “O cümlədən QHT-lərlə bağlı etdiyimiz dəyişikliklər beynəlxalq təşkilatlara düzgün çatdırılmalıdır. Yoxsa onlar müxalifət mətbuatı vasitəsilə bu barədə informasiya almamalıdır. Düzgün məlumat verilməlidir ki, beynəlxalq təşkilatlar bizim hər hansı təşkilatın fəaliyyətini məhdudlaşdırmaq istədiyimizi düşünməsin”.
S.Novruzov Azərbaycana təzyiqlər edən beynəlxalq təşkilatlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsini də təklif etdi: “Biz hər bir tövsiyəni yerinə yetirməyə hazırıq. Ancaq bizim üzərimizdə elə bir qurum yoxdur ki, biz onun tələblərinə ”ləbbeyk" deyək".
Milli Məclisin iclasında “Yeni Müsavat” qəzetində dərc olunmuş sensasion materialdan da bəhs olundu. Deputat Fazil Mustafa çıxışında bildirdi ki, “Yeni Müsavat” qəzetində dərc olunan yazıda İstanbulda yaşayan azərbaycanlı uşaqların taleyindən bəhs olunur və bu məsələ ciddi narahatlıq doğurur.
““Mehdi ordusu”, “Hüseynçi ordular”, “Hizbullahın tankları”... Artıq Azərbaycana qarşı yetişdirilən “Azərbaycan qüvvəsi” formalaşıb, bunun qarşısını ala bilmədik. Xarici ölkəyə gedən azərbaycanlıların düşmənə çevrilməsinin qarşısını almalıyıq". F.Mustafa İstanbuldakı konsulluğun da fəaliyyətini tənqid etdi və məsələyə həssas yanaşmağa çağırdı.
Deputat, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev energetik içkilərin zərərindən bəhs etdi: “Energetik içkilər Azərbaycanda aksiz dərəcəsi təyin olunan mallar siyahısına daxil edilməli, qiymətinin bahalaşması üçün ona əlavə aksiz vergiləri tətbiq edilməlidir. Təklif edirəm ki, bu içkilərin üzərinə 18+ işarəsi yazılsın. Bu halda həmin içkiləri hər kəs, xüsusilə yeniyetmələr ala bilməyəcək”. M.Quliyev bildirdi ki, son illərdə energetik içkilərdən qəfil ölüm halları çoxalıb.
Deputat Zahid Oruc Aşura mərasimi ilə bağlı fikirlərini bölüşdü: “Azərbaycanda insanlar imam Hüseyn şəhidliyini ağrı-acı ilə qeyd edirlər. Bunlar başa düşüləndir. Mərasimlər keçirilərkən paralellər aparmağa çalışırıq. ”İmam Hüseynin müsibəti", “İsa Məsihin çarmıxı” din və qeyri-din adamlarını düşündürməlidir. Xristianlar dini mərasimləri zəncir vurmaqla, göz yaşlarını bu formada ictimailəşdirməklə, balaca uşaqların həyat yaşantısına çevirməklə qeyd edirlərmi? Onlar bu cür mərasim keçirirlərmi?" Deputat dedi ki, belə hallar yolverilməzdir: “Biz hansı dövrdə bu mərasimləri keçiririk? Bir daha deyirəm, məktəbi, kitabı və kitabxananı Aşura mərasiminə qarşı qoymuram. Onlar deyirlər ki, məsciddə də kitabları yerləşdirmək olar. Məsciddən, cameədən dövlət idarə olunmaz. Biz bir neçə gün öncə Suriyada dağıntıların altından tapılan 2 yaşlı Həcər və 3 yaşlı Abdullanı gördük. Valideynləri cənnət axtarışı ilə onları xarabalığa aparıblar. Aşura mərasimində çarşaba bürünən və dinin mahiyyətini anlamayan körpə uşaqları gördükdə düşündüm ki, gələcəkdə Suriyaya göndərilən kamikadzelər yetişəcək. Mərasimlərin bu formada keçirilməsinə etiraz edirəm. Bunu inzibati qayda ilə tənzimləmək çətindir. Təhsil və təbliğatla bunun qarşısını almaq olar. Bunu insanlara başa salmaq lazımdır”.
Spiker isə deputata cavab olaraq dedi ki, Azərbaycanda din dövlətdən ayrıdır: “Heç bir məsciddən dövlət idarə olunmur”.
Deputat Çingiz Qənizadə isə bahalaşma ilə bağlı seçicilərin narahatlığını çatdırdı: “Mən vaxtaşırı seçicilərimlə görüşürəm. Onları narahat edən məsələləri diqqətinizə çatdırıram: banklardakı problemlə bağlı narahatlıq var, faiz dərəcələri aşağı salınmalıdır. Niyə ölkəmizdə istehsal olunan malların qiyməti xaricdən gətirilən mallardan bahadır?” O, ərzaq bazarındakı bahalaşmanın absurd olduğunu vurğuladı: “8 aydır manatın dəyəri xarici valyutaya nisbətən 4 faiz möhkəmlənib. Nəyə görə yağın bir kq-ı 12 manatdan 18 manata qalxıb? Kimsə pul qazanmaq istəyirsə, halal yolla qazansın, əhalidə narazılıq yaratmasın! Eyni zamanda ətin qiyməti qalxıb. Mən İqtisadiyyat Nazirliyinə, digər qurumlara müraciət edirəm, qiymətlərə nəzarət olunsun!”
Spiker Oqtay Əsədov deputatın çıxışına “Çingiz, müəllim, qiyməti qaldıran sahibkarlar başqa ölkədən gəlmiş kəşfiyyatçılar deyil ki, onlar da bizim vətəndaşlardır” deyə, maraqlı reaksiya verdi.
Deputat Əli Məsimli dedi ki, prezident seçkilərinə bir il qaldığı müddətdə Azərbaycana qarşı təzyiqlər artmaqdadır: “Bu təzyiqlərə ən mükəmməl cavab islahatların genişləndirilməsi, islahat xarakterli qanunvericiliyin qəbul edilməsidir”. Diqqəti bank sahəsindəki problemlərə çəkən deputat bildirdi ki, Azərbaycanda hər dörd nəfərdən biri banklara borcludur, problemli kreditlər də iki dəfədən çox artıb, təhlükəli həddə çatıb: “Dünyanın heç yerində borcu olanı həbs etmirlər. Kimsə borcunu ödəyə bilmirsə, onu həbs etmək yox, borcu bağışlanması daha düzgün yoldur. Sivil dünyada bu belədir, borca görə vətəndaşı həbs etmirlər. Bu, dollar kreditləri olanlara məzənnə güzəştlərinin tətbiqinə də yol açacaq. Bütün bunların müqabilində dövlət banklara birbaşa və dolayısı ilə yardım edə bilər”.
Deputat Vahid Əhmədov da bank sistemindəki durumdan bəhs etdi: “Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılanda biz hesab edirdik ki, vəziyyət yaxşılığa doğru dəyişəcək. Amma çox təəssüflər, biz bunun əksinin şahidi olduq. Keçən il vaxtı keçmiş kreditlər 1,6 milyard manat idisə, artıq 1,8 milyard manatı keçib. Bank sistemindəki problemlər Azərbaycan iqtisadiyyatının inkişafını əngəlləyir. Ona görə də təklif edirəm ki, bank sistemi rəhbərliyi ilə Milli Məclisdə görüş keçirilsin. Cənab sədr, mən xahiş edirəm, keçən sessiyada da bu barədə təkliflər vermişdim, birgə müzakirələrə və çıxış yolunun axtarılmasına ehtiyac var. Bu gün bank sistemində faizlər 28-30 faizdən aşağı düşmür”.
İclasda son vaxtlar separatçıların keçirdiyi referendumlarla bağlı çıxışlar oldu, həmçinin bir azərbaycanlı məmurun “Kürdüstan”ı dəstəkləməsinə reaksiya verildi.
Deputat Vahid Əhmədov məsələyə münasibət bildirərək rəsmi qurumlara müraciət etdi: “Necə ola bilər ki, sən cibində Azərbaycan pasportu daşıyırsan, amma buradan Kürdüstanı müdafiə edirsən? Mən cənab baş prokuror Zakir Qaralovdan xahiş edirəm ki, bu məsələyə çox ciddi yanaşsın! Əgər bu məsələyə ciddi diqqət yetirilməsə, gələcəkdə Azərbaycana çox ciddi problem yarana bilər”.
Deputat Fazil Mustafa Laçın Rayon İcra Hakimiyyətində işləyən bir məmurun Azərbaycana həqarət etdiyini bildirdi: “Kiminsə hansısa xalqa simpatiyası normal qəbul olunur. Amma müstəqil Kürdüstana görə Azərbaycan pasportunu yandırmaq istəyən adam Azərbaycan üçün böyük təhlükədir. Azərbaycan pasportu dəyərlidir, onu yandırmaq istəyən cəhənnəm olsun yaşamaq istədiyi ölkəyə! Aqanbekyanın çıxışını xatırlayın! Biz Kərkük türklərini dəstəkləyirik, amma ondan öncə Türkiyə ilə siyasətimizi uzlaşdırmalıyıq”.
Deputat Fərəc Quliyev də dedi ki, kürd referendumunun Azərbaycana birbaşa aidiyyəti var: “Kürd muxtariyyətinin televiziyalarında Azərbaycan ərazilərinə də iddialar əksini tapır. Biz buna susa bilmərik. Biz həm kürd referendumu, həm də Kataloniya ilə bağlı ayrıca müzakirələr aparmalıyıq. Biz Dağlıq Qarabağla bağlı dəstək almaq istəyiriksə, həm İspaniya, həm də Türkiyəni müdafiə etməliyik”.
F.Quliyev Dağlıq Qarabağ və büdcə talamaları ilə bağlı da xüsusi iclas keçirilməsini təklif etdi.
Deputat Qənirə Paşayeva İraqda yaşayan soydaşlarımız, İraq türkmənlərinin daha da gərginləşən, ağırlaşan vəziyyətlərini, Kərkükdə və Kərkük ətrafında gərginləşən vəziyyəti haqda danışarkən “onlara əlimizdən gələn dəstəyi göstərməliyik” dedi: “İraqda soydaşlarımız, İraq türkmənləri çox ağır vəziyyətdədir. İraq türkmənlərinin rəsmiləri, liderlərinin səsini çatdırmaq istəyirəm. Onlar bütün türk dövlət və toplumlarına çağırış ediblər ki, bu ağır vəziyyətdə onlara dəstək göstərsinlər. Ümumimilli liderimiz Heydər Əliyev onlarla bağlı danışanda demişdi ki, tarixi araşdıranda gördüm ki, biz bir bütünün parçalarıyıq. Yəni o insanlar bizim bir parçamızdır, bizim soydaşlarımızdır, qardaş-bacılarımızdır və bu gün ağır vəziyyətdədirlər və onlara dəstək göstərməyimiz üçün çağırış edirlər. Azərbaycan hər zaman onlara həssas yanaşıb və hesab edirəm ki, istər parlament səviyyəsində, istər parlamentin Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupu səviyyəsində, istər bütün beynəlxalq təşkilat və platformalarda onlara daha çox dəstək verməklə yanaşı gücümüzün çatdığı bütün dəstəkləri, bütün istiqamətlərdə dəstəyi onlara göstərməliyik. Çünki bu gün buna çox ehtiyacları var. Azərbaycan hər zaman İraqda yaşayan soydaşlarımıza əlindən gələn dəstəyi göstərib və inanıram ki, onların çağırışına səs verib bütün platformalarda, bütün imkanlar daxilində onlara dəstək verəcəyik. İraqdakı soydaşlarımza daha çox dəstək verməliyik. Eyni zamanda həmkarlarımın burada səsləndirdiyi İraqın şimalında keçirilən qeyri-qanunu referendumla bağlı birmənalı və sərt mövqeyimizi ortaya qoymamızın vacibliyini də dəstəkləyirəm”.
Milli Məclisin bu gün keçirilən plenar iclasında beynəlxalq təşkilatların Azərbaycana ikili standartlardan yanaşması da vurğulandı. Deputat Qənirə Paşayeva öncə bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı “Qara siyahı”sında 649 şəxsin adı var: “Lakin burada ən təəssüfedici məqam həmin şəxslərin çoxunun ATƏT-in Minsk Qrupuna aid olan ölkə vətəndaşının olmasıdır”.
Deputat Çingiz Qənizadə isə Azərbaycana qarşı bəzi beynəlxalq təşkilatların qərəzli yanaşmasından bəhs etdi.
Deputatların çıxışlarına reaksiya verən spiker Oqtay Əsədov ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeni sərt tənqid etdi. Spiker ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana son səfərini xatırladaraq bildirdi ki, ATƏT rəsmisi Bakıda olarkən yalnız Azərbaycan parlamentində və qeyri-hökumət təşkilatları ilə görüşlər keçirəcəyini deyib: “Ancaq Azərbaycandan sonra o, Ermənistana getdi. Burada dediyi sözlərin hamısı saxta və yalan oldu. O, bütün Ermənistan rəhbərliyi ilə görüşdü. ”Dağlıq Qarabağ" nümayəndələri ilə bir stolda oturdu. Bu ikili standartlar həqiqətən də bizi yorur. Azərbaycan parlamentinin ATƏT PA-dakı nümayəndə heyəti tam tərkibdə Andorrada ATƏT-in iclasında iştirak edir. Orada Azərbaycanla bağlı təkliflər irəli sürəcəklər. Kristian Vigen kimi insanların Cənubi Qafqaz üzrə xüsusi nümayəndə olması, düzgün deyil. Tərəfli mövqe tutan insanların bu cür postlarda vəzifə tutması səviyyəsizlikdir. Biz belə məsələlərə çox rast gəlmişik. O, ölkəmizdə səfərdə olanda, təkliflə çıxış etdik ki, ATƏT-in Minsk Qrupunun tərkibi genişləndirilsin, o da buna razılığını bildirdi. Azərbaycanda bir, Ermənistanda başqa söz danışırlar. Bunlar faktdır".
Deputat Elman Məmmədov 2 aprel tarixinin həm də Xocavəndin Ermənistan tərəfindən işğal olunduğu gün olduğuna diqqət çəkib rayon uğrunda döyüşlərdə verdiyimiz şəhidləri xatırladı.
Milli Məclis bir sıra qanunlara əlavə və düzəlişləri qəbul etdi, həmçinin imzalanan sazişləri təsdiqlədi.
Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan və Əfqanıstan arasında imzalanmış sazişin ratifikasiyası zamanı bildirdi ki, Azərbaycan indiyə qədər Əfqanıstana 1 milyon ABŞ dolları həcmində hərbi yardım edib.
Z.Əsgərov yardımların bundan sonra da davam edəcəyini açıqlayıb.
Milli Məclis daha sonra digər sənədləri müzakirə edərək təsdiqlədi./musavat.com
Sorğu
Yeni dizaynımız necədir?