Təhsil Nazirliyi X sinif “Всеобщая история” dərsliyi ilə bağlı yayılmış məlumatlara münasibət bildirib. Təhsil Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir:
“Nazirlik mətbuatda tədris rus dilində aparılan ümumi təhsil müəssisələri üçün X sinif “Всеобщая история” dərsliyi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirərək bildirir ki, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhv aşkar edilib. Aşkarlanmış səhv dərsliyi nəşr və çap edən “Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilib.
Tədris rus dilində aparılan ümumi təhsil müəssisələri üçün yeni çap olunmuş X sinif “Всеобщая история” dərsliyinin yenilənmiş tirajı şagirdlərə paylanılıb.
X sinif “Всеобщая история” dərsliyinin orijinal Azərbaycan və gürcü dilində tərcümə variantlarından fərqli olaraq, qədim Roma imperiyasının xəritə toponimləri rus dilində olan variantda düzgün verilməyib.
Qeyd olunan dərslikdəki texniki səhvlə bağlı ilkin olaraq Bəhlul Hüseynov adlı vətəndaş Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə müraciət edib.
Təhsil Nazirliyinin rəhbərliyi Bəhlul Hüseynovu qəbul edib və ona əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyi üçün təşəkkürünü bildirib.
Məsələ ilə bağlı araşdırma aparılır”.
Qeyd edək ki, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində ciddi xətaya yol verilib. Həmin kitabda yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?