Təhsil Nazirliyi dərsliklərin hazırlanması ilə bağlı dəyişikliklər edilməsi üçün hökumətə müraciət edib.
APA-nın xəbərinə görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan müəllimi" qəzetinə müsahibəsində bildirib. Nazir deyib ki, gənc ölkə üçün yeni dərslik hazırlamaq heç də hər zaman asan məsələ deyil: “Bu illər ərzində müsbət təcrübə toplanıb, hansısa mərkəzlər yaradılıb, müəlliflər yetişib. Bir dərsliyi dördüncü dəfə yazan müəllif həmin dərsliyi birinci dəfədən fərqli olaraq daha yaxşı yazır. Biz bütün bunları dağıtmaq istəmirik. Əldə olanların ən yaxşılarını saxlamaq və gücləndirmək lazımdır. Biz "ehtiyat dərsliyin" hazırlanması üçün xüsusi mərkəz yaradırıq. "Ehtiyat dərslik" nə deməkdir? Bu dərslik dövlətin sifarişi ilə mütəxəssislər qrupu tərəfindən və əgər tenderdə müvafiq fənn üzrə heç bir dərslik kriteriyalara cavab verməsə, tətbiq olunacaq. Bu mexanizmdən bir sıra ölkələrdə istifadə olunur. Eyni zamanda, istənilən halda, minimal standart da tərəfimizdən təmin olunacaq”.
M. Cabbarov müəlliflərlə bağlı yaranan problemlər haqda danışarkən bildirib ki, müəlliflər üçün həvəsləndirmə sistemi yaradılmadığından onlar üçün kitab yazmaq maraqlı deyildi: “Ağır işin müqabilində, demək olar ki, qəpik-quruş alırdılar. Mən hələ reputasiya məsələsini demirəm, az miqdarda pulun müqabilində tənqid olunma riski. Ona görə də biz bu sistemi dəyişdik. İndi müəllif dərsliyin istifadə olunduğu dövr ərzində rəğbətləndiriləcək, dərslik hər dəfə çap olunduqda qonorar alacaq. Biz indi müstəqil olaraq, məzmuna görə seçim aparır, daha sonra kimin və necə çap edəcəyini seçirik. Mənə bir müəlliflər qrupu göstərin ki, 15 aya, lap qoy olsun 3 ilə, 11 sinif üçün 15-20 fənn üzrə bütün dərslikləri yeniləyə bilsin”.
Təhsil naziri qeyd edib ki, hazırda ölkədə Azərbaycan və rus bölməsini nəzərə almaqla, ümumilikdə 200 dərsliyə ehtiyac var. Yeni dərsliklərdə də problem ola biləcəyini deyən M.Cabbarovun sözlərinə görə, mümkün səhvləri dərsliyin sınaq dövründə aşkar eləmək şansı, dərs ilinin başlamasına iki həftə qalmış aşkar eləmək şansından daha çoxdur: “Bu günə qədər bu belə idi. Bir sözlə, iş çətin də olsa, davam edir. Bütün çətinliklərə baxmayaraq, yaxın zamanlarda müsbət nəticəni görəcəyimizə inanıram. Biz insanlara deyə bilmərik ki, gələn aydan ölkədə bütün dərsliklər yenidən hazırlanacaq. Müxtəlif yanaşmalar var. Bir yanaşma dərsliklərin Oksford və Kembricdə hazırlanmış dərsliklərə uyğunlaşdırılmasıdır. Bu istiqamətin müsbət, eyni zamanda mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, bu kitablar ən yaxşı müəlliflər tərəfindən sınanılmış metodika əsasında hazırlanıb. Amma bizdə milli dəyərlərimizə söykənən və şəxsiyyətin formalaşmasına təsir edən fənlərimiz var ki, bu da məsələnin mənfi tərəfini səciyyələndirir. Biz azərbaycanlı uşaqlara Oksford dərslikləri əsasında tarixi, ədəbiyyatı və hətta coğrafiyanı tədris edə bilmərik”.
Sorğu
Yeni dizaynımız necədir?