Bu ilin 9 ayında Azərbaycana əsas heyvandarlıq məhsularının idxalında artım davam edib. Belə ki, qeyd olunan dövrdə ölkəyə 30387,31 ton ət idxal olunub ki, bu da ötən ilin analoji dövründəkindən 10 202,85 ton və ya 50,5 faiz çoxdur.
gundemxeber.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, cari ilin 9 ayında ət idxalına 46 milyon 551,95 min manat, yaxud ötən ilin eyni dövründəkindən 91,6 faiz çox vəsait sərf olunub.
Yanvar-sentyabrda xaricdən süd idxalımız 2016-cı ilin eyni dövründəkindən 55,7 faiz çox olmaqla 6023,50 ton təşkil edib. Bu zaman idxala xərclənən vəsait 69 faizdən çox artaraq 9 milyon 719,6 min manat təşkil edib.
Maraqlıdır ki, kərə yağı və süddən hazırlanmış digər yağların idxalında miqdar baxımından ötən ilkinə nisbətən azalma baş verib. Belə ki, bu ilin 9 ayında bu məhsullardan ötən ilin eyni dövründəkindən 3,79 faiz az - 10 837.88 ton idxal edilib. Lakin dəyər ifadəsində idxalda azalma deyil, 27,6 faizlik artım qeydə alınıb - 49 milyon 064.69 min manat.
Komitənin açıqladığı statistikadan aydın olur ki, sentyabrda Azərbaycana kərə yağı və süddən hazırlanmış digər yağların idxalı avqusta nisbətən 2 dəfəyə qədər azalaraq cəmi 553,49 ton(1 kiloqramı orta hesabla 5,05 dollara) təşkil edib. Müqayisə üçün qeyd edək ki, avqustda bu məhsulların idxalı 1075,05 ton(kiloqramı 5,5 dollar), iyulda 1441,99 ton(5,2 dollar), iyunda 1476,53 ton(5,14 dollar), mayda 1014,8 ton(4,7 dollar), apreldə 1598,71 ton(4,2 dollar), martda 1268,81 ton(3,9 dollar), fevralda 1135,67 ton(4 dollar), yanvarda isə 1 272,83 ton(3,1 dollar) təşkil edib.
Göründüyü kimi, dünya və yerli bazarda kərə yağının qiymətinin bahalaşması idxalın həcmində kəskin azalma ilə nəticələnib. Hesab edirik ki, burada iki amil mühüm rol oynaya bilər. Əvvəla, alıcılıq qabiliyyəti xeyli aşağı düşmüş əhalinin kiloqramı 17-22 manat aralığında dəyişən yağları almaq imkanı çox məhduddur. Bu isə idxalçı şirkətlərin ehtiyatlı davranaraq, daha az həcmdə məhsul gətirmələrinə səbəb olur. Digər tərəfdən, böyük ehtimalla, sentyabrda gətirilən yağların əsas hissəsi Rusiya, Ukrayna və Belarus mənşəli ucuz məhsullardır. Çünki avqust-sentyabrda dünya bazarında Avropa və Yeni Zelandiya mənşəli kərə yağının kiloqramı 5,5-6,5 dollar civarında olub, sentyabrın sonları üçünsə 7 dollara çatıb.
Kərə yağı idxalının bu qədər kəskin azaldılması həmçinin idxalçı şirkətlərin bir növ, istehlakçılara və hökumətə xəbərdarlığı da ola bilər: yəni bahalaşmaya etiraz edirsiniz, biz də gətirmirik.
Hər bir halda, daxili istehsalda demək olar ki, artımın olmadığı bir şəraitdə idxalın belə kəskin azalması tezliklə ölkədə kərə yağı qıtlığının yaranmasına gətirib çıxara bilər.
Sorğu
Yeni dizaynımız necədir?