Ötən ilin avqustunda İstanbulda güllələnən “Rövşən Lənkəranski”nin klanına daxil olan və bir neçə gün əvvəl Sankt-Peterburqda yaxalanan killerlərin barəsində çıxarılmış inzibati həbs müddəti sabah oktyabrın 30-da axşam bitir. 7 günlük inzibati həbsin müddətinin bitməsinin ardınca onların barəsində Frunze rayon məhkəməsinin həbs qətimkan tədbiri seçəcəyi gözlənilir. Çünki həmin şəxslər silah-sursatla yaxalanıblar və onlara qarşı qanunsuz silah saxlama maddəsi üzrə ittiham hazırlanır.
Xatırladaq ki, Lənkəranskinin cinayətkar klanının qalıqları hazırda onun qohumu, kriminl avtoritet Zaur Əhmədovun ətrafında toplaşıb. Bir həftə əvvəl Sankt-Peterburqda yaxalanan Emin və Hüseyn adlı şəxslər isə Z.Əhmədovun killerləridir. Onlar bu ilin mayında Odessada “Lotu Quli”nin iki adamının olduğu BMW X5 avtomobilini gülləbaran ediblər. Nəticədə avtomobildəkilər yaralanıb, ancaq sağ qalıb. Bu hadisəyə görə Ukrayna hüquq-mühafizə orqanları Emin və Hüseynin barəsində axtarış elan edib, onların tutulması üçün Rusiya tərəfinə sorğu verib. Belə ki, killerlər Rusiya vətəndaşlığı daşıyır.
Sentyabrın 12-də isə onlar Tiflisdə “Lotu Quli”nin ən yaxın adamı Elçin Məmmədovu “Toyota Land Cruiser” avtomobilində güllələyiblər. Nəticədə Gürcüstan hüquq-mühafizə orqanları da bu şəxslərin barəsində axtarış elan edib. 47news.ru saytının Gürcüstan hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə Tiflisdə kriminal avtoriteti güllələyəndən sonra Emin və Hüseyn yol boyu üç avtomobil dəyişərək Azərbaycan sərhədini keçib, daha sonra taksi ilə Bakıya gəlib və buradan Moskvaya uçublar. İstintaqın versiyasına görə onlar Zaur Əhmədovdan 500 min dollar qonorar alıblar. Sonra Moskvada yaxşıca əylənib stres atıblar və Peterburqa, yeni tapşırıq dalınca yollanıblar.
Oktyabrın 24-də onlar Leninqrad vilayənin Vsevolojsk məhkəməsinin binası qarşısında mövqe tutublar. Həmin gün məhkəmə “Piter Elçin” ləqəbli kriminal avtoritet Elçin İsmayılova hökm oxumalıydı. Lakin “Piter Elçin” məhkəməyə gəlməyib. Əvəzində onun barəsində qiyabi hökm çıxararaq quldurluq və reketə görə 11 il azadlıqdan məhrum ediblər. İş üzrə adı keçən qalan 4 azərbaycanlıya isə 5.5 ildən 11 ilə qədər həbs cəzaları verilib.
Bu həmin “Piter Elçin”dir ki, Lənkəranskinin qatı düşmənlərindən biri olub. Bu düşmənçiliyin nəticəsində ötən il onun qardaşı Maarif İsmayılovu Peterburqun “Sofiysk” bazarında Lənkəranskinin adamı güllələdi. Daha sonra “Piter Elçin”in digər qardaşı Fariz İsmayılov Masallının Türkoba kəndində “Kalaşnikov” avtomatı ilə deşik-deşik edildi. İndi isə Lənkəranskinin klanının killerləri onun özünün axırına çıxmaq üçün ən münasib yer seçmişdilər, gözləyirdilər ki, “Piter Elçin” hökmün elan edilməsi üçün məhkəməyə gətiriləcək.
Ancaq killerlər “Piter Elçin”in məhkəməyə gəlmədiyini görəndə Turku küçəsinə gediblər. Həmin küçədə Elçinin yaxın dostu yaşayırdı. Əgər “Rosqvardiya”nın əməkdaşları təsadüfən şübhə doğuran avtomobildəki killerləri saxlamasaysı onlar “Piter Elçin”in dostunu tutub əllərini qandallayacaqdı və maşında ona işgəncə verib Elçinin yerini öyrənməyə çalışacaqdı. Sonra isə yəqin ki, “Piter Elçin”in dostunun cəsədi haradasa Vsevolojsk meşəsində tapılacaqdı...
Killerlər saxlanılarkən onların olduğu avtomobildən “Baykal” tapançası, binokl, maska, patronlar tapılıb. Emin və Hüseyn dərhal bildiriblər ki, bu silahların onlara aidiyyatı yoxdur, üstəlik maşın da onların deyil. Və rus dilini “unudaraq” tərcüməçi tələb ediblər. Belə vəziyyətdə onların barəsində ancaq qanunsuz silah saxlama ittihamı irəli sürülə bilərdi. Killerlərin bəxti onda gətirib ki, onlar Rusiya vətəndaşlığı daşıyırlar və deməli Rusiya heç bir halda onları Gürcüstana, yaxud Ukraynaya təhvil verməz. Gözlənilir ki, qanunsuz silah saxlama ittihamına baxmayaraq tutulanları tezliklə buraxacaqlar və onlar Moskvaya qayıdacaq, sifarişçiyə hesabat verəcəklər.
Əslində Peteburq hüquq-mühafizə orqanları da bu işdə dərinə getməyə həvəsli deyil. Axı müharibə azərbaycanlılardan ibarət cinayətkar klanlar arasında gedir və bu müharibənin səbəbləri Peterburq hüquq-mühafizə orqanlarına elə də aydın deyil. Vaxtilə ABŞ-da da belə idi, Amerika polisi, FTB “Cosa Nostra” daxilində gedən müharibənin səbəbini çox da anlamırdı. Nəticədə onlara bir-birlərini öldürməyə mane olmağa həvəs göstərmirdi...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?