Bakı Hərbi Məhkəməsinin NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin möhlət hüququ olsa da, hərbi xidmətə aparılan üzvü Ülvi Həsənlinin şikayətinə baxmaqdan imtina etdiyi bildirilir.
İmtina qərarını bu gün, noyabrın 3-ü hakim Siyavuş Hacıyevin sədrlik etdiyi məhkəmə heyətinin verdiyi deyilir. Bu haqda AzadlıqRadiosu-na vəkil Zibeydə Sadıqova məlumat verib. Vəkilin bildirdiyinə görə, müdafiə tərəfi məhkəmədə Ü.Həsənlini müayinə etmiş hərbi həkimlərin prosesə dəvət olunması və tibbi sənədlərin məhkəməyə təqdim olunması barədə vəsatətə veriblər. Vəkil vurğulayıb ki, heç bir vəsatətə baxılmayıb. Onun deməsinə görə, məhkəmə hesab edib ki, ümumiyyətlə şikayətə mahiyyəti üzrə baxıla bilməz. Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək. Ü.Həsənlinin vəkilləri Bakı Hərbi Məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayət etmişdi. Şikayətdə Ü.Həsənlinin hərbi xidmətə aparılmasının qanunsuz olduğu, insan ləyaqətini alçaldan rəftara və işgəncəyə məruz qaldığı iddia edilir, məhkəmədən buna hüquqi qiymət verməsi istənilirdi. İctimai-siyasi fəal gənclərin birliyi olan NİDA hərəkatının fəalı Ü.Həsənlinin oktyabrın 26-sı hərbi xidmətə aparıldığı bildirilirdi. Bununla bağlı hərəkat məlumat yaymışdı. Məlumatda qeyd edilirdi ki, müayinədən ötrü getdiyi xəstəxanada onu hərbi polis saxlayıb. Onun xəstəxanadan hərbi hissələrdən birinə aparıldığı deyilir. Hərəkat bəyan etmişdi ki, Ü.Həsənlinin hərbi xidmətdən 2019-cu ilədək möhlət hüququ olub. Vəkillərinin deməsində görə, o, hələlik N saylı hərbi hissələrdən birində saxlanılır. Onun andiçməyə qədər həmin hərbi hissədə saxlanılacağı bildirilir. Əlaqəli rəsmi qurumlardan Ü.Həsənlinin hərbi xidmətə aparılması və işgəncəyə məruz qalması ilə bağlı vəkilinin açıqlamasına hələ ki, münasibət almaq mümkün olmayıb. NİDA hərəkatı ictimai-siyasi fəal gənclərin birliyidir. Təşkilatın manifestində bildirilir ki, məqsədləri hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsidir. Təşkilatın bir neçə üzvü hazırda həbsdədir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?