Freedom House insan haqları təşkilatı noyabrın 14-də yeni hesabatını açıqlayıb.
“İnternetdə azadlıq 2017: Demokratiyanı Sarsıtmaq üçün Sosial Medianın Manipulyasiyası” (Freedom on the Net 2017: Manipulating Social Media to Undermine Democracy) adlı hesabatda deyilir ki, internetin manipulyasiyası və dezinformasiya taktikasından azı 18 ölkənin seçkilərində istifadə edilib.
Təşkilatın hesabatında qeyd olunur ki, son yeddi ildə dalbadal internetin məhdudlaşdırılması bütün dünyada artmaqda davam edib.
Bu hesabat 65 ölkəni və dünya üzrə internet istifadəçilərinin 87 faizini əhatə edir. Hesabatda 2016-cı ilin iyunu və 2017-ci ilin may ayı arasında baş vermis hadisə və proseslər təhlil edilib.
Hesabatın bir neçə bölümündə spesifik olaraq Azərbaycanla bağlı məqamlar göstərilib.
Sənəddə deyilir ki, bir çox hallarda Bəhreyn, Azərbaycan, Meksika və Çin kimi ölkələrdə fəalların sosial media hesabları qanunsuz haker hücumları vasitəsilə izlənməyə məruz qalıb.
Müstəqil internet ekspertləri bu hücumaların arxasında hökumətlərin dayandığı qənaətinə gəliblər.
Ölkələr üzrə manipulyasiya taktikasına aid cədvəldən görünür ki, Azərbaycanda dezinformasiya taktikasının 5 növündən 4-ü işə salınıb. Bunlar muzdlu hökumətyönlü şərhçilərdən, iqtidaryönlü mediadan, siyasi botlardan və hesabların oğurlanmasından istifadədir.
Bu da qeyd olunur ki, Azərbaycanda media plüralizmi xaricdən maliyyələşən media qurumlarının işinin məhdudlaşdırılması nəticəsində ciddi şəkildə pisləşib. Belə bir vəziyyət medianı reklam bazarından pay almaq məqsədilə hökumətdən asılı vəziyyətə salır.
Hesabatda deyilir ki, son bir il ərzində 18 ölkədə xəbər saytlarına haker hücumları təşkil edilib. Azərbaycanda Abzas xəbər portalı 2017-ci ildə hökuməti tənqid edən materialların dərcindən az sonra belə hücumlara məruz qalıb.
Xəbər portalı domenini dəyişməyincə ona giriş bərpa olunmayıb. Ekspertiza bu hücumların izinin Azərbaycan hökumətinə aid IP ünvanlarına gedib çıxdığını göstərib.
Azərbaycan hökuməti bundan əvvəlki illərdə də internet azadlığının məhdudlaşdırılmasına və senzura edilməsinə görə tənqid edilib.
Rəsmi Bakı bir qayda olaraq bu tənqidləri təkzib edib və bildirir ki, Azərbaycanda internet tam sərbəstdir. Hətta ölkə başçısı dəfələrlə ölkədə internetin tam azad olduğunu bəyan edib./amerikaninsesi.org
Sorğu
Yeni dizaynımız necədir?