Noyabrın 30-da Bakı Hərbi Məhkəməsi hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) uzun illər Antiterror Mərkəzinin rəisi olmuş general-mayor Elçin Quliyev i10 il 6 ay, onun tabeliyində işləmiş polkovnik Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum edib.
Keçmiş MTN-çilərin işi üzrə hökmün elanına jurnalistləri buraxmayıblar.
Məhkəmə E.Quliyev və A.Mehdiyevin hərbi rütbələrdən də məhrum edilməsinə qərar verib. E.Quliyevdən general rütbəsinin alınması üçün Prezident Administrasiyasına, A.Mehdiyevin polkovnik rütbəsinə görə isə MTN-in bazasında yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) təqdimat göndəriləcək.
Təqsirləndirilən şəxslərin özlərinin və yaxınlarının üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə olunmasına qərar verilib.
E.Quliyevə Cinayət Məcəlləsinin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 181 (quldurluq), 182 (hədə-qorxu ilə tələb etmə), 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham verilib.
Prokuror E.Quliyevə 15, A.Mehdiyevə 13 il həbs istəyib. Həmçinin, onların rütbələrdən məhrum edilməsini, üzərində həbs olan əmlaklarının müsadirə olunmasını, təqsirləndirilən şəxslərə qarşı istər Dövlət Təhlükəsizliyi Xidməti, istərsə də zərərçəkmişlərin qaldırdığı mülki iddiaların təmin olunmasını istəyib. Dövlət Təhlükəsizliyi Xidməti 7 milyon manatlıq mülki iddia qaldırıb. İttihama görə, agentura şəbəkəsi, əməliyyatlar və s. məqsədlərlə büdcədən götürülmüş bu qədər vəsait mənimsənilib.
2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksək rütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?