“Heç bir işdə, siyasi işlərdə belə bu dərəcədə qanunsuzluq olmayıb”
13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevə vəkili və yaxınları ilə görüşməyə icazə verilmir.
C.Hacıyevin vəkili Aqil Layıcov deyir ki, bu il sentyabrın 20-dən etibarən müvəkkili ilə görüşə imkan vermirlər: “Vəkili olaraq mənə və Cahangir Hacıyevin yaxınlarına onunla heç bir səbəb göstərilmədən görüş vermirlər. Dəfələrlə Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinə şikayətlər yazmışıq. Penitensiar Xidmətdən bizə formal cavablar verilir. Qanundan çıxarış yollayırlar, orada yazılıb ki, məhkumun vəkili ilə görüşmək hüququ var. Bunu bizə göndərməsələr də bilirik ki, vəkillə müvəkkilinin görüşmək hüququ var. Qanunu icra etmək əvəzinə belə formal cavablar verməklə görüşümüzə imkan vermirlər”.
Vəkil deyib ki, görüşlərinə yaradılan qanunsuz maneələrin aradan qaldırılması ilə bağlı məhkəmələrə də müraciətlər ediblər: “Heç bir işdə, siyasi işlərdə belə bu dərəcədə qanunsuzluq olmayıb. Məhkəməyə müraciət edib görüşə yaradılan maneələrin aradan qaldırılmasını istəyirik. Məhkəmələr şikayətimizi icraata qəbul etmirlər. Vəkillə görüş qadağan oluna bilməz”.
A.Layıcov bildirib ki, C.Hacıyevin səhhət durumunun nə yerdə olduğundan xəbərsizdirlər: “1 həftə cərimə kamerasına salmışdılar. Ora salınması qanunsuz olub. Cərimə kamerası çox soyuq olub. Ona lazım olan paltarları belə verməyiblər. Həmin vaxt Cahangir Hacıyev ölüm vəziyyətində olub. Təcili tibbi yardıma ehtiyacı olub, amma həkim gətirməyiblər. Ona dərmanlarını belə verməyiblər. Bunu qəsdlə edirlər. Orada 7 gün saxlanıldıqdan sonra həkimlə görüşə bilib. Həkim onun durumunun kritik olduğunu deyib. Hər gün cəzaçəkmə müəssisəsinə gedib Cahangir Hacıyevlə görüşmək istəyirik. Hər gün də deyirlər ki, rəis burada deyil, sabah gələrsiz. Cərimə kamerasında qanunsuz saxlanma ilə bağlı da məhkəməyə müraciətlərimiz olub. Lakin məhkəmələr heç bir əsas gətirmədən müraciətlərə baxmırlar”.
Vəkil deyir ki, bütün bu qanunsuzluqların hansı məqsədlə edildiyindən xəbərsizdirlər: “Penitensiar Xidmət bunun səbəbini bizdən yaxşı bilir. Onlara müraciət edirəm ki, bizə qanundan çıxarış göndərmək əvəzinə qanunun icrasını təmin etsinlər. Qanunlarda nə yazılıb biz çox yaxşı bilirik. Məhkəmələrin də qanunsuz qərarlarından apelyasiya şikayəti vermişik”.
A.Layıcov bildirir ki, Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa və ombudsman Elmira Süleymanovaya dəfələrlə müraciətlər edib: “Hər bir quruma ayrılıqda 10 dəfədən çox müraciətlərim olub. Elmira Süleymanova sanki insan haqları üzrə müvəkkil deyil. Ombudsman bizim müraciətlərimizə reaksiya belə vermir”.
Vəkil deyib ki, görüş verilməyincə, hüquqi müstəvidə müraciətlərini davam etdirəcəklər: “Cahangir Hacıyevlə görüşmək üçün əlimizdən gələni edəcəyik. Topumuz yox, tüfəngimiz yox, şikayətlər yazacaq, görüş hüququnun verilməsi üçün mübarizəmizi davam etdirəcəyik”.
Xatırladaq ki, Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. 2016-cı il oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?