Mövsüm Səmədov daha 7 gün cərimə təcridxanasında saxlanılacaq; ona vəkili ilə görüşməyə imkan verilməyib
Hazırda saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsində Azərbaycan Islam Partiyasının sədri Mövsüm Səmədova verilən kars cəzasının müddəti daha 7 gün artırılıb. Mövsüm Səmədovun sentyabrın 19-da yeni köçürüldüyü 12 saylı müəssisədə 5 günlük cərimə təcridxanasına (karsa) salındığını xəbər vermişdik. Sentyabrın 24-də Mövsüm Səmədovun "kars” müddəti başa çatdığı üçün Azərbaycan Islam Partiyasının mətbuat xidməti 12 saylı cəzaçəkmə müəssisəsi ilə əlaqə saxlayaraq məsələ ilə maraqlanıb. Məlum olub ki, məhkumun cərimə təcridxanasındakı cəza müddəti daha 7 gün artırılıb. Müəssisə rəsmisi müddətin artırılmasının səbəblərinə aydınlıq gətirməyib. Mövsüm Səmədovun durumu ilə maraqlanmaq üçün təcridxanaya yollanan vəkil Anar Qasımlı onunla görüşə bilməyib. Vəkil "azadxeber.az”a deyib ki, onunla görüşə digər müvəkkili Dəyanət Səmədovu gətirsələr də, Mövsüm Səmədova belə bir imkan yaratmayıblar. Səbəb kimi isə partiya sədrinin karserdə olmasını əsas gətiriblər: "Halbuki, qanunvericiliyə görə məhbusun karserə salınması, onun vəkillə görüşə gətirilməsinə hər hansı bir formada maneə yaratmır. Çünki karserdən görüşə gətirilən məhbus qaytarılaraq yenidən karserə aparılır. Lakin qanunvericiliyin bütün tələblərini xatırlatmağımıza baxmayaraq, bizə görüş üçün şərait yaratmadılar. Hətta Mövsüm Səmədovun yaxınları tərəfindən gətirilən yemək sovqatı da götürülmədi”. Sonda vəkil bildirdi ki, baş verənləri aydınlaşdırmaq üçün aidiyyəti qurumlara müraciət edəcəklər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?