Tarixçi alim, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli tanınmış yazıçı, publisist, siyasi analitik Tahir Cəfərlinin Qarabağ bəyləri haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
gundemxeber.az bildirir ki, D.Əzimli açıqlamasında deyib ki, son zamanlar hamı niyəsə tarixdən danışır:
“Bu da ciddi qüsurlarla müşayiət olunur. Tahir Cəfərli Qarabağ bəylərini təhqir edib. Bu nə ifadədir? Qarabağ bəyləri həmişə Azərbaycan dövlətçiliyində öz sözlərini deyiblər. Bunlar Qacar nəslindən olan bəylərdir. Qacarlar isə Azərbaycan dövlətçiliyində canlarından keçiblər. Şah İsmayıl Xətainin dövlət qurmaq üçün ilk gəldiyi yer Qarabağ olub. Çünki onu orada Qarabağ sufiləri, seyidləri gözləyirdi. Bəylərin bir çoxu da məşhur seyid nəslindəndirlər. Onlar haqqında tarixi diqqətlə nəzərdən keçirin. Xanımları Türk qızlarıdırlar. Onlar nəyə görə erməni qızları ilə eyş-işrətlə məşğul olamlıydılar? Əvvala, Qarabağda bu gün qəbul edilən mənada erməni yaşamayıb. Orada yaşayan xristian albanlar olublar. Onlar da qədim oğuz kökənlidirlər. Bunu sübut edən amil Qarabağ məlikliyidir”.
Tarixçi alim qeyd edib ki, bu gün anladığımız erməni anlamında məliklik olmayıb:
“Ermənilər ora Rusiya tərəfindən köçürülüb. Bunu təkzib edən Tahir Cəfərli söykəndiyi mənbələri göstərsin. Bəllidir ki, ilk ermənilərin ora gəldiyini əks etdirən bir körpü Ağdərə rayonunda qoyulub. Bu da 1828-ci ilə düşür. Rusiya indiki İran və Osmanlı imperiyası ərazisindən ora erməniləri köçürüb”.
D.Əzimli Tahir Cəfərlini Rusiyanın havadarı kimi çıxış etməkdə də ittiham edib:
“Rusiya havadarı qismində çıxış edən Tahir Cəfərli nəyə əsasən yazır ki, Rusiya erməniləri Rostov ətrafına köçürmək istəyirdi? Bəs onda Dəli Pyotrun Qafqazda ermənilər və gürcülərə üstünlük verdiyini də danacaqdır? Bəlkə Dəli Pyotrun vəsiyyətnaməsini də danacaqdır? Orada Qafqazda ermənilərə necə üstünlük verilməsi əks olunub. Qarabağa və İrəvana erməni pazını məhz Rusiya vurub. Bununla da özünə etibarlı dayaq yaratmaq istəyirdi. Bu gün də onlardan əl çəkmir. Çünki Ermənistan Rusiyanın bir vilayətinə çevrilib. Ermənilər də yaxşı bilirlər ki, Rusiya zəiflədikcə onların sonu yaxınlaşır. Bu mənada Qərb və ABŞ kimi havadarlarının da qucağına atılırlar. Tahir Cəfərli bu cür çıxışları ilə hansı dövlətin maraqlarına xidmət edir, düzü bilmirəm. Bir də tarixdən danışanda konkret mənbələrə müraciət etsə, yaxşı olardı. Rus tarixçilərinin özləri də etiraf edirlər ki, erməniləri Qarabağa və İrəvana Rusiya köçürüb. Bununla bağlı çoxlu faktlar göstərə bilərəm! Sonda Tahir Cəfərliyə məsləhət görərdim ki, Türkmənçay müqaviləsinin 15-ci maddəsini yaxşı-yaxşı oxusun!”.
Xatırladaq ki, Tahir Cəfərli “Ölkə.Az”-a müsahibəsində erməniləri Azərbaycana eyş-işrət həyat tərzi sürən Qarabağ bəylərinin gətirdiyini iddia edib: “Vaxtilə erməniləri Azərbaycan ərazilərində eyş-işrət həyatı sürən Qarabağ bəyləri saxlayıb, himayə edib. Erməni qadınlarının açıq-saçıq həyat tərzi XVII əsrdə mövcud olan Qarabağ bəylərini ovsunlamışdı. Ona görə də Qarabağ bəyləri erməni qızlarının açıq-saçıqlığını görüb, onların Azərbaycanda qalması üçün az qala yalvarırdılar”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?