Rəsmi Tehran son günlər İranda baş verən etiraz aksiyalarının əsas səbəbləri ilə bağlı fərqli açıqlamalar verib. İranın Ali dini rəhbəri Ayətullah Xameneyi etirazlarda xarici düşmənləri günahlandırıb, İran prezidenti Həsən Ruhani isə bunu iqtisadi durumla bağlı narazılıqlarla izah edib. Lakin müşahidəçilərin fikrincə, İran rejiminin repressiv siyasəti insanların etirazlarının əsas səbəblərindən biridir. Norveçdə yaşayan insan haqları müdafiəçisi Faxtə Zamani Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə İranda etirazların səbəbləri və İranda yaşayan Azərbaycan türklərinin aksiyalara münasibətindən danışıb.
Faxtə Zamani bildirib ki, son günlər müxtəlif şəhərlərdə keçirilən aksiyaların iştirakçıları əsasən yoxsulluq və işsizliyə etiraz edən gənclər olub. Onun sözlərinə görə, insanlar İranın ölkədəki iqtisadi durumun yaxşılaşdırılması deyil, xarici ölkələrdəki münaqişələrə maliyyə dəstəyinə etiraz edərək, dəyişikliklər istədiklərini bildiriblər.
İran Azərbaycanında reaksiyalarından danışan Faxtə Zamani insanların aksiyalara müxtəlif səbəblər üzündən fəal qoşulmadığını qeyd edib.
“Bunun səbəblərindən biri odur ki, qeyri-fars məntələqələrində dövlətin və Sepahın böyük basqısı var. Bunlar ola bilsin çox ölü versinlər, yaralı versinlər, amma səsləri əvvəlki kimi heç yerə çatmasın. Ondan əlavə, separatçılıq adı ilə dövlət onlara daha çox basqı edə bilər. Bundan da əlavə bu hərəkatda qeyri-fars millətlərinin istəklərinin harada yer tutduğu görsənmir. Bu da səbəb olub ki, bu təzahuratlara, etirazlara çox qarışmasınlar.”
Faxtə Zamani qeyri-fars millətlərin hadisələrə ehtiyatlı reaksiya verməsinin bir səbəbinin də irqçi şüarların verilməsilə bağlı olduğunu qeyd edib.
Vədlər verilib və millət heç bir nəticə görmür. İndi şüarlara baxanda görürük ki, İslam cumhuriyyətinin bütövlüyünü hədəf tutublar. Hüquq-müdafiəçisinin sözlərinə görə, etiraz aksiyaları davam etdirilsə, İran hökuməti ölkə boyu və xüsusilə də Azərbaycanda və azlıqların yaşadığı başqa yerlərdə təzyiqləri artıra bilər.
Faxtə Zamani insanlarda hökumətə inamın azaldığını və yenilik istəyini qeyd edib.
“Vədlər verilib və millət heç bir nəticə görmür. İndi şüarlara baxanda görürük ki, İslam cumhuriyyətinin bütövlüyünü hədəf tutublar. Nə islahat, nə dəyişiklik haqda eşitmək istəmirlər. İstəyirlər bu dövlət getsin və yeni demokratik dövlət gəlib onların dərdlərinə yetişsin.”/amerikaninsesi.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?