Tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması bir çox sahibkarı qorxuya salıb. Lakin burada sahibkarın qorxması üçün heç bir əsas yoxdur. Məsuliyyəti müştəri daşıyacaq.
Bu sözləri hüquqşünas Ərşad Hüseynov prezidentin imzaladığı “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” fərmana görə restoran sahiblərinin narahatlığından danışarkən deyib. Hüquqşünasın fikrincə, fərmandan sonra sahibkarlar obyektlərindən “siqaret çəkmək qadağandır” adlı lövhə assalar məsuliyyətdən yaxa qurtara bilərlər: “Yeni qanun obyekt (kafe, restoran, çayxana, müxtəlif iş yerləri, mağaza, istehsal sahəsi və s.) sahibləri üzərinə bircə vəzifə qoyub: Hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasını təmin etmək. Belə yazı və işarədən sonra kimsə sizin obyektinizdə siqaret çəksə, məsuliyyəti yalnız o özü daşıyacaq, sizlik bir şey yoxdur. Siz yalnız həmin elanı və ya işarəni vurmamağa görə məsuliyyət daşıyırsınız”. Hüquqşünas bildirib ki, obyektindən “siqaret çəkmək qadağandır” yazılı məlumatlandırıcı lövhə asmayan fərdi sahibkar 400 manat, hüquqi şəxs isə 1000 manat cərimə oluna bilər. Ə.Hüseynov bildirib ki, sahibkarlar obyektlərinə müştəri cəlb etmək üçün sulu qəlyan və tütün məhsulları təklif etməsələr məsuliyyətə cəlb edilməzlər: “Sahibkarlara bildirmək istəyirəm ki, 18 yaşı çatmayanlara siqaret satmayın, siqareti reklam etməyin, heç kəsə sulu qəlyan təklif etməyin. Yeni qanun belə obyektlərdə xüsusi havalandırma sistemi ilə təmin olunan və ya açıq havada siqaret çəkilən yer yaradıla bilməsinə imkan verir. Bu necə yer olmalıdır məsələsinə isə Nazirlər Kabineti aydınlıq gətirəcək”. Hüquqşünas bildirib ki, heç kəs sahibkarın obyektini bu bahənə ilə yoxlaya bilməz. Çünki buna yoxlamaların dayandırılması barədə qanun icazə vermir. Qeyd edək ki, Prezident İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” fərman imzalayıb. İnzibati Xətalar Məcəlləsinin 212.1. maddəsinə əsasən, qadağan edilmiş yerlərdə siqaret çəkən şəxslər otuz manat məbləğində cərimələnəcəklər.
Sorğu
Yeni dizaynımız necədir?