Baş nazirin müavini 20 gündən artıqdır davam edən axtarışların dövlət başçısının nəzarətində olduğunu dedi; “Cənab prezidentin göstərişi və razılığı olmadan...”
Dekabrın 25-dən Tufandağda itkin düşmüş gənc alpinistlər - Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin axtarışları bir aya yaxındır ki, nəticəsiz qalıb. Gənc alpinistlərin itkin düşmələri ilə bağlı xəbərin yayıldığı ilk günlər peşəkar alpinistlər tərəfindən müxtəlif fikirlər səsləndirilirdi. Kimisi bildirirdi ki, itkin düşən gənclər çox təcrübəlidirlər və onlar uçquna düşə bilməzlər, bəziləri isə hesab edirdilər ki, gənclər yolu azaraq başqa səmtə gediblər və tezliklə tapılacaqlar. Hazırda isə gənc alpinistlərlə bağlı yayılan xəbərlər yalnız rəsmi mənbələri əhatə edir. Axtarışların günlərdir davam etməsinə baxmayaraq, hələ də heç bir izə rast gəlinməyib.
Ötən günlər ərzində axtarışlara xaricdən peşəkar alpinistlər də cəlb olundu. Belə ki əvvəlcə Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri axtarışlara cəlb olundu. Ardınca isə qardaş Türkiyədən də iki mütəxəssis gətirilərək, təcrübələrindən istifadə edildi. Lakin bütün bu cəhdlər də nəticəsiz qaldı...
gundemxeber.az bildirir ki, baş nazirin müavini Abid Şərifov isə ölke.az saytına müsahibəsində bildirib ki, itkin düşmüş alpinistlərin tapılması ilə bağlı ölkə başçısı müvafiq tapşırıqlar verib:
“Alpinistlərin tapılması üçün xarici ölkələrdən, o cümlədən qardaş Türkiyədən mütəxəssislər gətirilib, axtarış işlərinə helikopterlər cəlb olunub və sairə. Bütün bunlar böyük xərc tələb etsə də, dövlətimiz bu məsələni diqqətdə saxlayır. Həm cənab prezident, həm də hökumətimiz çalışır ki, itən alpinistlər tezliklə tapılsın. Hər kəs də bunu istəyir. Şübhəsiz ki, bu məsələ bilavasitə cənab prezidentin nəzarətindədir. Cənab prezidentin göstərişi və razılığı olmadan Fövqəladə Hallar Nazirliyi xaricdən özbaşına mütəxəssis dəvət etməz. Ona görə də bütün müvafiq qurumlar alpinistlərin tapılması üçün gecə-gündüz çalışırlar. Cənab prezidentin göstərişi ilə 20 gündən çoxdur ki, axtarış işləri davam etdirilir. Özü də çox çətin, qarlı, tufanlı şəraitdə işlər aparılır”.
“Cənab prezidentin göstərişi və razılığı olmadan Fövqəladə Hallar Nazirliyi xaricdən özbaşına mütəxəssis dəvət etməz”
alpinistlər ile ilgili görsel sonucu“Yeni Müsavat”a danışan “Vertical Group” Dağ turizmi və sənaye alpinizmi şirkətinin təsisçisi Emil Vəliyev bildirib ki, hazırda FHN-in əməkdaşları tərəfindən ərazidə 10 metrlik dəmirlərlə şuplama işləri aparılır: “Günlər keçməsinə baxmayaraq, alpinistlərin sağ qalması mümkündür. Ola bilər ki, mağarada qalsınlar, bu zaman həyatda qala bilərlər. Qrupun marşrut dəyişməsi ilə bağlı fikirlər səsləndirirlər. Ancaq məsələ burasındadır ki, dekabrın 23-dən 24-nə keçən gecə Azərbaycanın 2017-ci ildə ikinci ən küləkli gecəsi olub. Bunu federasiya da, klub da, alpinistlərin özləri də öncədən biliblər. Ümumiyyətlə, dağa gedən zaman icazə qaydası fərqlidir. Biz federasiyanın üzvü olmadığımız üçün bir ay öncədən müraciət edirik. İcazə olarsa, bir həftə qalmış məktub göndərilir ki, sizə 15-dən - 18-nə qədər icazə verilir. Həmin 3 gün ərzində əraziyə gedib, qayıtmalısan”.
Alpinist axtarışla bağlı bundan sonra hansı işlərin aparılmalı olduğu barədə də danışıb: “Bir vətəndaş olaraq istəyərdim ki, onlar tapılsınlar. Ancaq alpinizmdən bir az da olsa anlayışı olan adam kimi deyə bilərəm ki, bu gün orada böyük təhlükə var. Sosial şəbəkədə bu işi bilməyən insanların statusu ilə və ya hansısa saytlar vasitəsilə FHN-i qınamaq mənasız işdir. Çünki bu gün FHN-in əməkdaşları da uçqun altında qala bilərlər. 3 nəfəri tapmaq üçün getdiyimiz halda 15-20 nəfəri itirə bilərik. Dərəyə 3 tərəfdən olmaqla, 1000 metr hündürlükdən qar axıb gəlib. Nəticədə orada hündür qar qatı yaranıb. Bu cür qarın olduğu yerdə axtarış necə asan ola bilər? Düşünürəm ki, 10 metrlik şuplamadan sonra nəticə olmasa, geri çəkilmək daha doğrudur. Məsələ bacarıb-bacarmamaq deyil. Alpinizmdə belə bir şey var ki, yıxılan adam digər 5 nəfərin də həyatına təhlükə yaradırsa, öz ipini kəsməlidir. İndi də orada təhlükə böyükdür və hər an axtarış qrupu uçqunda qala bilər. Bir məsələ diqqətdən kənarda qalıb. Nə üçün 55 km/saat küləyin olduğu gün klub, federasiya rəhbərliyi onları ərazidən çıxarmayıb? Mən də klub rəhbəriyəm və dağa üzvümüz gedən zaman onların harada olduğunu öyrənirəm. Bunlar isə klub rəhbəri ilə axşama qədər mesajlaşıblar. Ancaq rəhbər çadırın harada qurulduğunu onlardan soruşmayıb. Alpinistlərin o ərazidən ayın 23-ü çıxarılması lazım idi. Lakin bu baş verməyib. Həmin günlərdə Xınalıqda küləyin təsirindən işıqlar sönüb, evlərin damları uçub. İndi düşünün ki, orada nə baş verib...”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?