Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Neftçala rayon şöbəsinin fəalı, bir ildən artıqdır həbsdə olan Elnur Fərəcovun vəziyyətinin ağırlaşdığı bildirilir.
Bu barədə atası Hüseyn Fərəcov AzadliqRadiosuna danışıb. Hüseyn Fərəcov deyir ki, oğlunun səhhətində əvvəldən də ciddi problemlər müşahidə olunub: “ Həbsxanada durumu daha da pisləşib. Keçən ay saxlandığı Salyan 5 saylı təcridxananın rəhbərliyi durumunun ağırlığına görə, onu Bakıya müalicəyə göndərib. İndi isə ona məhkumluğunun “tubzon”da davam edəcəyini bildiriblər” “Tubzon” (“vərəm zonası” mənası verir – red.) Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Binə qəsəbəsində vərəm xəstələrinin müalicəsindən ötrü yaradılan 3 saylı ixtisaslaşdırılmış cəzaçəkmə müəssisəsidir. Hüseyn Fərəcov oğlu ilə sonuncu dəfə yanvarın 25-də görüşdüyünü deyir: “Elnuru şənbə günü Binəyə aparıblar. Gələn həftənin əvvəli yenə görüşəcəyik, yemək aparacağıq. Onun boynunda şiş vardı, apardılar müayinə edəndə ağciyərində su olduğu aşkarlandı, suyu çəkdilər. Pentinsiar Xidmətin xəstəxanasında boynundakı şişdən analiz götürsələr də diaqnoz alınmadı. Çünki analizi şişdən yox, əzələdən götürmüşdülər. İkinci analizin cavabı müsbət oldu. Narahatlığımız var, çünki orda belə bir xəstəliyin tam müalicə olunacağına əminliyi yoxdur. Amma əhval-ruhiyyəsi yaxşıdır…”. Atası deyir ki, oğlu 2016-cı il sentyabrın 11-də keçirilən mitinqdə iştirak etdiyinə görə, şərlənərək həbs edilib: “Mitinqdən bir həftə sonra polislər onu işlədiyi “Azəryod” zavodundan apardılar və 5 sutka inzibati cəza aldı. Bir ay sonra işdən çıxartdılar…Sonrası da məlumdur da, narkotiklə şərləyib həbs etdilər”. Hüseyn Fərəcovun bu açıqlamasına, hələlik, “Azəryod”Açıq Səhimdar Cəmiyyətindən, hüqüq mühafizə və məhkəmə orqanlarından münasibət almaq mümkün olmayıb. Xatırlatma AXCP-nin gənc fəallarından olan, 1987-ci il təvəllüdlü Elnur Fərəcov 2016-cı il dekabrın 9-da narkotika ittihamı ilə saxlanıb və məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?