“İndiyədək sağ tapılmış alpinistlər ya mağaralarda, ya da çatlarda qalaraq buna nail olublar…”
Quba rayonu ərazisində itkin düşmüş “Gilavar” hava və ekstrim idman klubunun alpinistləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadənin axtarışları artıq 1 ay 3 gündür ki, nəticə vermir. Hava şərtlərinin çətin olmasına baxmayaraq hazırda da onların axtarışları davam etdirilir.
İşlər Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən aparılır. Sonradan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) də axtarışlara qoşulub.
Lakin bütün cəhdlərə baxmayaraq, alpinistlərdən xəbər yoxdur. Bu qədər uzun vaxtın keçməsinə baxmayaraq onların hələ də sağ tapılmaları mümkündür. Çünki dünya alpinizm tarixində dəfələrlə bu cür hallar olub ki, hündür zirvələrdə itkin düşən alpinistlər sağ olaraq tapılıblar. Məsələn, ötən ilin aprel ayında Himalay dağlarında sevgilisi ilə birlikdə itkin düşən 21 yaşlı tayvanlı həvəskar alpinist 47 gün sonra sağ tapılıb.
BBC-nin yazdığına görə, xilasetmə qrupu Liang Sheng Yuehi təqribən 2600 metr hündürlükdə olan bir vadidə aşkar edib. Liang-ın 19 yaşlı sevgilisi Liu Chen Chun isə onlar tapılmazdan 3 gün əvvəl vəfat edib.
Liang Nepalın Katmandu şəhərindəki Grandee Beynəlxalq Xəstəxanasına yerləşdirilib və onun həyatının təhlükədə olmadığı açıqlanıb. Alpinistin itkin düşdüyü 47 gün ərzində 30 kilo arıqladığı və ayağının birinin tamamilə parazitlərlə örtüldüyü bildirilib. Liangın bu günlər ərzində su içib duz yeyərək sağ qaldığı ehtimal olunur.
Bu günlərdə isə Elbrus dağında itkin düşən iki belaruslu alpinist sağ olaraq tapılıb. Bu barədə Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cantemir Berov məlumat verib.Onun sözlərinə görə, alpinistlər yanvarın 26-da səhər saatlarında tapılıblar. 8 nəfərdən ibarət axtarış-xilasetmə qrupu və bir texnikanın köməyi ilə tapılan alpinistlər Elbrusun şərq yamacında 3600 metr yüksəklikdə aşkar olunublar.
“Yeni Müsavat”a danışan “Vertical Group” Dağ turizmi və sənaye alpinizmi şirkətinin həm təsisçisi və alpinist Emil Vəliyev bildirdi ki, itkin düşən alpinistin sağ qalması bir sıra şərtlərdən asılıdır: “Elbrus zirvəsində çox böyük çatlar var. Orada həftələrlə yaşamaq olar. Yəni orada heç bir oksigen sıxıntısı yoxdur. Əgər sən zədəli deyilsənsə və geyimin uyğun gəlirsə, sağ qala bilərsən. Məsələn, Elbrusda qış ayında geyim formatı 7 minlik geyim formatındadır. Belə ki, altdan termo şalvar, üstündən qaz tükündən şalvar, onun üstündən isə külək buraxmayan ”gore-tex” materialından olan şalvar geyinilir. Həmçinin ayaq, əl geyimləri də ikiqat olur. Bizim Tufandağa geyindiyimiz geyim isə belə deyil. Elbrusa 4 dəfə yürüşdə olmuşam. Ona görə də deyə bilərəm ki, orada çatlarda su axıntısı yoxdursa, 10-15 gün qalmaq olar. Sadəcə olaraq geyim ona icazə verməli, zədə olmamalıdır. Himalayda isə aprel ayı musson dövrünə düşmür. Bu dövrdə orada geyim uyğundursa, sağ qalmaq mümkündür. Bizdə isə ərazi relyefində o cür böyük çatlar yoxdur. Müəyyən qədər çatlar olsa da bunun ölçüsü, içərisində yaşamaq üçün uyğun deyil. Bir də kontakt məsələsi var. Əgər kontakt hava yox, qarladırsa heç bir geyim kömək edə bilməz. Yəni qarın altındasansa sağ qalman mümkün deyil. Burada həm oksigen, həm də soyuq problemi yaşayırsan. Böyük çatlarda kontakt buzla yox, hava ilə olur. Uçqun baş veribsə, onun altında 15-20 gün sağ qalmağın mümkün olduğunu eşitməmişəm. Ümumi olaraq sağ tapılan alpinistlər ya mağaralarda, ya da çatlarda qalaraq buna nail olublar”.
Alpinistlərin axtarışları barədə E. Vəliyev bildirib ki, işlər davam edir: “Ərazidə çadırlar qurulub, axtarış qrupu hava şəraitinə uyğun olaraq işlərini aparırlar. Hazırda orada güclü qar yağıb. Ancaq buna baxmayaraq axtarış qrupu geri qayıtmayıb. Hələ də işlər aparılır. Ərazinin hündürdə, dərə olduğunu nəzərə alsaq deyə bilərik ki, yağan qar axtarış aparılan yerə axır. Yəni vəziyyət çox çətindir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?