Bu günlərdə dünyanın əsas hadisəsi ABŞ Maliyyə nazirliyinin Rusiya dövlət adamlarına və oliqarxlarına qarşı tətbiq etdiyi sanksiyalardır.
Rəsmi şəxslərlə bağlı qəbul edilən qərarlar gözlənilən olsa da , Vaşinqtonun “qurunun oduna yaşı da yandırmaq” siyasəti, yəni rusiyalı iş adamlarının da eyni siyahıya əlavə etməsi bir çoxları üçün sürpriz olub. Qərb mətbuatının fikrincə, ABŞ-ın məqsədi Putinə yaxın siyasi elita içində təfriqəçiliyi gücləndirməkdir.
“Sanksiyalar Rusiya elitasının başının üstündə Domokl qılıncı kimi asılıb”, - İsveçrəli jurnalist, “Le Temps” qəzetinin əməkdaşı Emmanuel Qrinşpan yazır.
Jurnalist siyahıda 114 rəsmi şəxs və 96 milyarder v’ milyonçunun adının olmasına diqqət çəkib.
Onların içində İsveçrəyə fondlar, holdinqlər vasitəsilə birbaşa sərmayə qoyub iş görən ən az 8 milyarder var. Bunlar Andrey Melniçenko, Oleq Deripaska, Dmitri Rıbolovlev, Gennadi Timçenko, Əlişir Usmanov, Viktor Vekselberq, Vyaçeslav Kantor və Süleyman Kərimovdur.
Müəllif siyahıda Mərkəzi bankın rəhbəri Elvira Nabibullina və “Rosnano” dövlət holdinqinin başçısı Anatoli Çubaysın olmamasını xüsusilə vurğulayaraq, Rusiyanın liberal kəsiminə daha çox yaxın olan bu iki şəxsin Kremlin qəzəbinə tuş gələ biləcəyinə işarə vurub.
“Bəlkə onları indi azad etdilər. Bir vaxtlar ölkəni satmadan Qərblə əməkdaşlığa ümid edən insanlar indi konkret seçim qarşısında qala bilərlər: ya Rusiya, ya da repressiyalar, ya Qərb, ya da Rusiyaya xəyanət” ”, Kremlə yaxın politoloq Sergey Markov Qrinşpana danışıb. Markovun fikrincə, Vaşinqton Rusiya elitasını ölkəni satmağa sövq etməyə və saray çevrilişində iştirak etməyə çalışır.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə başqa cür düşünür.Onun firkincə, bütün bunlar Rusiya cəmiyyətində daha çox sıxlaşmağa səbəb verəcək. Bunu “əslində sanksiyalarla 146 milyonluq rus xalqının siyahıya salındığını” söyləyən Putin də iddia edir.
“The Washington Post” qəzetinin icmalçısı Kristian Herelin fikrincə, oliqarxları əsl narahat edən sanksiyaların davamının gələcəyidir. “Bu adamlar reputasiyalarına və pullarına dəyəcək ziyandan qorxurlar.
Çünki iri banklar adları bu cür siyahıda olan iş adamlarına kredit verməyə o qədər də həvəslə yanaşmırlar. Bu yaxınlarda aparılan araşdırmada rusiyalı iş adamlarının ABŞ-a tam 1 trilyon dollar (!) məbləğində sərmayə qoyduğunu ortaya çıxarıb. İndi bu cür zənginliyi itirmək perspektivi onlar üçün dəhşətli kabusa çevrilib”, - Herel yazır.
Jurnalist siyahının yaratdığı qorxunun bir daha Putin rejimin sistemli korrupsiya xarakterini ortaya qoyduğunu qeyd edir. Son açıqlamalar da onu göstərir ki, Kreml özünü ən zəif yerləridən birinin məhz bu sahə olduğunu etiraf etməyə məcbur olub./musavat.com
Sorğu
Yeni dizaynımız necədir?