Məhkəmə işə düzslətmək adı ilə dələduzluq edən Etibar Əliyevə şərti cəza təyin etdi
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından mühafizə dəstəsinin 13 nömrəli Yanğından Mühafizə hissəsinin Yanğın profilaktikası sektorunun inspektoru vəzifəsində işləmiş Etibar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Etibar Əliyev Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru vəzifəsində xidmət etdiyi dövrdə tanışı Nəsimi Əsədovun etibarından sui-istifadə edib.
O, zərərçəkmişi Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyini vəd edib, bu məqsədlə ondan Hikmət Əsədovun iştirakı ilə 25 iyun 2015-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9 mikrorayonda yerləşən “Super” çay evində 11.530 manat alıb.
İstintaq orqanı tərəfindən Etibar Əliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Etibar Əliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq eidlib. Onun barəsində 2 il sınaq müddəti olmaqla 6 il 11 ay 29 gün müddətə şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.
Bu hökmdən prokuror apelyasiya protesti verərək, Etibar Əliyevin həbs edilməsini tələb edib. Prokurorun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi kollegiyada baxılıb.
Hakim kollegiyası prokurorun protestini təmin etməyib. Bundan sonra prokuror kasasiya protesti verib. Prokuror kasasiya protestində Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılmasını istəyib.
Prokuror protestini onunla əsaslandırib ki, məhkəmələr təqsirləndirilən şəxs Etibar Əliyevin himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşadığı yerdən müsbət xarakterizə olunmasını, törətmiş olduğu cinayət əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb, cəzanı ağırlaşdıran halları isə müəyyən etməyiblər: “Məhkəmələr iş üzrə göstərilən yüngülləşdirən halları nəzərə alaraq hesab etmişlər ki, Etibar Əliyevin islah olunması ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən də mümkün olub, ona görə də barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, onu sınaq müddəti ilə şərti məhkum ediblər. Məhkəmələr tərəfindən cəza təyini zamanı göstərilən bəzi hallar Etibar Əliyevin cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi əsassız olmaqla cinayət işinin materialları ilə uyğun olmayıb, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti kifayət qədər nəzərə alınmayıb”.
Prokurorun şikayətinə görə, məhkəmələr Etibar Əliyevin yaşadığı yerdən müsbət xarakterizə olunması barədə nəticəyə gələrkən və həmin halı cəzanı yüngülləşdirən hal kimi qəbul edərkən cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnaməyə istinad ediblər: “Lakin məhkəmələr həmin xasiyyətnaməni hökm və qərarda tədqiq etməyib, onun şəxsiyyətlərini müstəsna dərəcədə müsbət fərqləndirən halları göstərməyib. Ümumiyyətlə həmin hallara istinad belə etməyib. Bundan əlavə, məhkəmələr təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hansı halları, onun hansı cəhətlərinə görə müsbət xarakterizə olunması və bunun nədə ifadə olunması, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını, müsbət xarakterizə olunmada cəzanı yüngülləşdirməyə imkan verən amilin nə olmasını hökm və qərarda əsaslandırmayıblar”.
Prokuror qeyd edib ki, səmimi peşmanlığın anlayışı Cinayət Məcəlləsinin 72.1-ci maddəsində şərh olunub: “Cinayət qanunun normasına əsasən, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yollarla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Lakin cinayət qanunun normasında nəzərdə tutulan bu hallar hazırkı iş üzrə təqsirləndirilən şəxsə şamil edilə bilməz. Təqsirləndirilən şəxsin hərəkətlərində könüllü gəlib təqsirini boynuna alma və vurulmuş ziyanı könüllü olaraq ödəməsi müəyyən edilməyib”.
Prokurorun qeydinə görə, Etibar Əliyev hüquq-mühafizə orqanlarına könüllü gələrək təqsirini boynuna almayıb, onun hərəkətlərində cinayət nəticəsində maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərər çəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş xüsusatlar müşahidə olunmayıb: “Etibar Əliyev 30 avqust 2016-cı ildə şübhəli şəxs qismində tutulub, 31 avqust 2016-cı ildə zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qismini ödəyib, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 16 dekabr 2016-cı il tarixdə cinayət işinin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs N.Əsədov ona vurulmuş ziyanın tam ödənilməsini bildirərək bu barədə müvafiq ərizəni məhkəməyə təqdim edib. Göründüyü kimi, yalnız başlanılmış cinayət təqibi üzrə cinayət prosesini həyata keçirən orqanlarının tədbirləri nəticəsində məsuliyyətini yüngülləşdirmək üçün məcburiyyət qarşısında qalaraq Etibar Əliyev tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilib ki, bu da könüllü ödəmə kimi qəbul edilə bilməz”.
Prokurorun bu protesti Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim kollegiyası prokurorun protestinin təmin edilməməsi barədə qərar elan ediblər.
Sorğu
Yeni dizaynımız necədir?