Vəkil: “O, cəmiyyət üçün təhlükəli olan qatı cinayətkar deyil”
Artıq iki aydan çoxdur ki, müğənni Fədayə Laçının həbs olunması və bu olayın ətrafında baş verənlər mətbuatın gündəmindədir. Bu günlərdə müğənninin ağır xəstəlikdən əziyyət çəkdiyi barədə məlumatlar yayıldı. Məsələ ilə bağlı müğənninin bacısı İlahə Fəda “Yeni Müsavat”a danışıb: “Qanun çərçivəsində onunla görüşürük. Səhhəti babatdır. Həmkarları da onunla yaxından maraqlanır, həm maddi, həm də mənəvi dəstək olurlar. Onlardan Manaf Ağayev, Nazpəri Dostəliyeva, Brilliant Dadaşova, Lalə Məmmədova, Ehtiram Hüseynov, Nadir Qafarzadə, Ədalət Şükürovun adlarını qeyd edə bilərəm. Ümumiyyətlə, bacımı təkcə həmkarları deyil, həm də xalqımız çox sevir”. Bacısının sözlərinə görə, Fədayə Laçın azad olunmasına ümid edir: “Sadəcə, onun saf qəlbindən istifadə ediblər. Hazırda istintaq gedir. Buna görə də bu müddət ərzində mən və ailəmiz istintaq haqqında danışmaq istəmirik, çünki proseslərə təsir göstərə bilər. Amma hüquq-mühafizə orqanlarının ədalətinə inanırıq. Yəqin ki, ədalət öz sözünü deyəcək”. İlahə Fəda müğənninin narahatçılığını da dilə gətirib: “Daha çox ailəsindən, oğlundan narahatdır. Çox peşmandır. Bildirir ki, ”Bu cür olayı sizə yaşatdığım üçün çox peşmanam". Müğənnin vəkili Türkel Süleymanlı isə açıqlamasında qeyd edib ki, hazırda istintaq dövründə hansısa yenilik yoxdur: “Təəssüf ki, məhkəmə onun ev dustaqlığına buraxılması ilə bağlı müraciətimizi təmin etmədi. Bununla da yenidən müraciətimizi qaldırmaq istəmirik. Amma ümid edirik ki, məhkəmədə ədalətli qərar veriləcək. Hər halda Fədayə xanım cəmiyyət üçün təhlükəli olan qatı cinayətkar deyil, əksinə sosial-ictimai baxımından faydalı üzvüdür. Vəkil müğənninin səhhəti ilə bağlı da danışıb: “Bildiyiniz kimi, onda hepatit xəstəliyi var. Bu da xronikidir, müalicəsi yoxdur, ömür boyu müalicə almalıdır. Məlum olduğu kimi, bu xəstəliyin fəsadlı və ya fəsadlı olmayan dövrü var. Fədayə xanım da təcridxanada olduğu üçün xəstəlik ona pis təsir göstərir. Təcridxanada olmaq sağlam insana da pis təsir göstərir, xəstə insana isə daha çox. Amma düşünürəm ki, Fədayə xanımın təcridxanada saxlanılmasına zərurət yoxdur. İstənilən halda istintaq proseslərində iştirak etməyə hazırdır”. Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə Fədayə Məmmədova (Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib./muxalifet.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?